Festivallar şəhərində daha bir sənət bayramı bərpa olundu

 

Xəbər verdiyimiz kimi, 1-5 dekabr tarixlərində Şəki Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalı keçirilir.

Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.

Festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edirlər. Ölkəmiz festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı ilə təmsil olunur.

Xatırladaq ki, zəngin tarixi-mədəni irsi ilə yanaşı, son illər festivallar şəhəri kimi də tanınan Şəkidə beynəlxalq teatr festivalının əsası on il əvvəl qoyulub. Həmin vaxtadək ənənəvi “İpək Yolu” musiqi festivalına ev sahibliyi edən Şəki müxtəlif ölkələrdən teatr sənətçilərinə də qucaq açıb.

“Azərbaycan teatrı 2009–2019-cu illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq, 10–19 sentyabr 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi (2018-ci ilədək nazirlik belə adlanırdı – red.), Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə I Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Festivalla bərabər, Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün açılışı (10 sentyabr) da Şəkidə təşkil edilib.

Festivalın iki ildən bir keçirilməsi qərara alınmışdı. Beləliklə, II Şəki Beynəlxalq Teatr Festivalı 15–24 sentyabr 2016-cı ildə, “Sərhədsiz teatr” devizi altında III Şəki Beynəlxalq Teatr Festivalı isə 12–19 may 2018-ci ildə təşkil edilib. Sonra festivala bir müddət ara verilib və bunda 2020-ci ildə başlanan məlum pandemiyanın da “rolu” olmamış deyil.

Nəhayət, altı il aradan sonra Şəkidə teatr sənəti bayramı bərpa olunub və sayca 4-cü festival 2024-cü ilin son ayına təsadüf edib.

IV Şəki Beynəlxalq Teatr Festivalının açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, şəkili teatrsevərlər iştirak ediblər.

Açılış mərasimindən əvvəl Ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi ziyarət olunub.

Sonra iştirakçılar festival məkanında – Şəki Dövlət Dram Teatrının foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar.

Mərasim Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəki teatrının fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Şəkinin icra başçısı Elxan Usubov çıxış edərək iştirakçıları salamlayıb, festivalın şəhərin mədəni həyatı üçün çox vacib olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və sənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal məkandır. 2017-ci ildə Şəki şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə, 2019-cu ildə Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına və ICESCO-nun İslam İrsi Siyahısına daxil edilib. Şəki Dünya Tarixi Şəhərlər Liqasının da üzvüdür.

Əməkdar incəsənət xadimi, teatrşünas, professor İlham Rəhimli çıxışında 145 illik tarixi olan Şəki teatrının keçdiyi yola qısa nəzər salıb, kollektivin qazandığı uğurlardan danışıb.

 

Şəki teatrının “Heç nədən hay-küy”ü

 

Festivalın ilk günü ev sahibləri səhnəyə çıxıblar. Şəki Dövlət Dram Teatrının Vilyam Şekspirin “Heç nədən hay-küy” romantik komediyası əsasında hazırladığı tamaşa  nümayiş olunub. Səhnə əsərinin quruluş müəllifi teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinovadır. Rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev və digərləri ifa ediblər.

Orta əsrlərdə İtaliyada zadəgan ailələr, əyanlar və onların başına gələn romantik hadisələrdən bəhs edən tamaşa maraqla qarşılanıb.

Nümayişdən sonra teatrın yaradıcı kollektivinə xatirə hədiyyələri təqdim olunub.

 

Bakıdan gələn “Molla Nəsrəddinin beş arvadı”

 

Festival çərçivəsində dekabrın 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyasını təqdim edib.

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov oynayıblar.

Səhnə əsərinin rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

 

Qazaxıstan kollektivinin “Göytürklər”i

 

Dekabrın 3-də səhnə Qazaxıstandan gələn qonaqlara verilib. Atındağı Vilayəti Qazax Musiqili Dram Teatrının təqdimatında Azərbaycanın Xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” dramı əsasında hazırlanan “Göytürklər” tamaşası nümayiş olunub.

Əsər qədim türk xalqlarının tarixi keçmişini, zəngin dövlətçilik ənənələrini özündə əks etdirir. Burada türklərin minillik tarixi keçmişindən söz açılsa da, şair minilliklər əvvəl baş verən hadisələrə yeni təfəkkürlə yanaşıb, başımıza gələn faciələri və onları doğuran səbəbləri açıb göstərib...

Qazax rejissor Sultan Srailovun quruluş verdiyi səhnə əsəri maraqla qarşılanıb.

***

IV Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində sənətsevərlər dekabrın 4-də Səmərqənd Musiqili Dram Teatrının (Özbəkistan) Əlişir Nəvainin əsəri əsasında səhnələşdirdiyi “Eşq vadisi” (rejissor Şuxrat Sanaqulov) tamaşasını izləyəcəklər.

Festivalın son günündə – dekabrın 5-də isə iki tamaşanın nümayişi nəzərdə tutulur. Saat 12:00-da İrandan gəlmiş “Muğan Hünər” Teatrının Arif Məhtabın əsəri əsasında hazırladığı “İçimdə bir Araz addımlayır” (rejissor Qərib Mənuçehri) tamaşası nümayiş olunacaq.

Beynəlxalq festivala həmin gün saat 17:00-da Gəncə Dövlət Milli Dram Teatrının “Toros canavarı” tamaşası ilə yekun vurulacaq. Tanınmış türkiyəli yazıçı Əziz Nesinin əsərinə Kubilay Erdedlikara quruluş verib.