4–10 dekabr tarixlərində dünyada İtaliya mətbəxi həftəsi keçirilir. Layihə ölkəmizi də əhatə edir. Bununla bağlı Bakıda mətbuat konfransı keçirilib.
İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko mətbəx həftəsinin xüsusi bir vaxta təsadüf etdiyini deyib. Bildirib ki, tədbir İtaliya mətbəxinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün namizədliyinin irəli sürülməsi ilə üst-üstə düşür. Bu da İtaliya mətbəxinin dünya üzrə tanınmasına xidmət edir. Mətbəx həftəsinin təşkil olunması İtaliya-Azərbaycan əlaqələrinə də bir töhfədir.
İtaliya Ticarət Agentliyinin direktoru Andrea Makkaniko Azərbaycanın İtaliyanın bir nömrəli iqtisadi tərəfdaşı olduğunu diqqətə çatdırıb: “İtaliyadan Azərbaycana gələn idxalda 10 ayın statistikasına baxanda 10 faiz artım müşahidə olunur. Son üç il ərzində isə ümumi artım 15 faizdən çox olub.
Agentliyin direktoru mətbəx həftəsi çərçivəsində aşpaz Bertonun iştirakı ilə ustad dərsinin keçiriləcəyini bildirib. O, gələn həftə Azərbaycanın iş adamları ilə İtaliya sahibkarları arasında görüşlərin təşkil olunacağını da qeyd edib.
Aşpaz Berton İtaliyanın mətbəxini Azərbaycanda təmsil etməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb: “Bu günlərdə göstərəcəyim yemək təqdimatlarında Azərbaycan məhsullarından istifadə etmək ideyası yarandı. Bildiyimiz kimi, Azərbaycan keyfiyyətli zəfəran istehsalçısıdır. Fikrimcə, rizottoya Azərbaycan zəfəranı əlavə etmək gözəl ideya olar. Həmçinin biz yeni şorba resepti düşünürük. Reseptin əsasını Azərbaycan kürüsü təşkil edəcək”.