Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar keçirilir. Kampaniya ümumilikdə ölkəmizin 67 şəhər və rayonundan 14 minə yaxın şagirdi əhatə edəcək. İlk olaraq avqustun 1-dən 4-dək Lənkəran məktəbliləri Gəncə, Şəmkir və Göygölə, Quba rayonundan bir qrup şagird isə İsmayıllı, Qəbələ və Şəkiyə səfər etmişdilər.

Növbəti tur-aksiyada Qusar, Xaçmaz, Tovuz, Ağstafa, Qobustan və Hacıqabul məktəbliləri iştirak edirlər

Avqustun 10-da Qusar və Xaçmaz rayonları ümumtəhsil məktəblərinin şagirdləri Gəncə-Göygöl-Şəmkir marşrutu, Tovuz və Ağstafa məktəbliləri Quba-Qusar-Xaçmaz istiqamətində, Qobustan və Hacıqabuldan olan şagirdlər isə İsmayıllı-Qəbələ-Şəki marşrutunda ekskursiyaya çıxıblar. Tur-aksiyada hər qrupda 40 şagirdlə bərabər, 5 müşayiətçi də yer alıb.
Qusardakı Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm, Təhsil şöbələrinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər. Çıxış edənlər bu təşəbbüsün əhəmiyyətini qeyd edərək onun həyata keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Xaçmazda keçirilən mərasimdə qrupun rəhbəri, rayon Təhsil Şöbəsinin nümayəndəsi Azad Bədəlov məktəblilərin dörd gün ərzində Gəncə, Göygöl, Şəmkir ilə yanaşı, yolüstü Yevlax şəhərində və Hacıqabul rayonunda da olacaqlarını diqqətə çatdırıb, ölkəmizin tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri, digər görməli yerləri ilə tanışlıq baxımdan bu aksiyanın önəmini vurğulayıb.

Xaçmaz və Qusar məktəblilərinin Gəncə, Göygöl və Şəmkirə ekskursiyası

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Xaçmaz və Qusar məktəbliləri avqustun 10-da Gəncəyə gəliblər. Məktəblilər əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan və 450 hektar sahəsi olan parkla tanış olublar. Burada amfiteatr, müasir incəsənət muzeyi, “Gənclər” kafesi, əyləncə mərkəzləri fəaliyyət göstərir. Parkdakı Zəfər tağı dünyada mövcud olan 64 belə tikilidən biridir. Onun ətrafında yaradılmış xiyaban şəhər sakinlərinin, eləcə də qonaqların ən çox sevdikləri yerdir.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı şagirdlərə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, eləcə də Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Turun ikinci günündə qədim şəhərlə tanışlıq Nizami Gəncəvinin məqbərəsini ziyarətlə başlanıb. Burada dahi şairin yaradıcılığının tədqiq olunması ilə bağlı Gəncədə həyata keçirilən tədbirlər barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, böyük mütəfəkkirin 870 illik yubileyi ərəfəsində məqbərə ətrafında yenidənqurma işləri aparılıb, qarşısında Nizami muzeyi inşa edilib. Nizaminin dünyanın müxtəlif ölkələrinin arxiv və kitabxanalarında saxlanan əlyazmalarının surəti vətəninə gətirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. Şairin “Xəmsə”sinə daxil olan əsərlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə nəfis şəkildə nəşr olunub. Şəhərə giriş qapısından Gəncəyədək olan magistral yol boyu şairin əsərlərini əks etdirən kitabələr inşa edilib.
Şagirdlər məqbərəni ziyarət edərək, dahi şairin məzarı üzərinə gül dəstələri düzüblər.
Məqbərənin ziyarətindən sonra “Qala qapıları” arxeologiya və etnoqrafiya muzeyinə gələn Xaçmaz və Qusar şagirdlərinə 4 min il yaşı olan Gəncənin tarixi ilə bağlı ətraflı məlumat verilib. Şagirdlər dəyərli eksponatlara baxıblar, onları maraqlandıran suallar cavablandırılıb.
Tur-aksiya iştirakçıları İmamzadə ziyarətgahına, Cavad xan türbəsinə, Şah Abbas məscidinə, Çökək hamam tarixi memarlıq abidəsinə də baş çəkərək bu abidələr haqqında ətraflı məlumat əldə ediblər.
Gəncəlilərin ən çox sevdikləri və istirahət etdikləri Xan bağı da Xaçmaz və Qusar məktəblilərində xoş təəssürat oyadıb. Şagirdlər burada gəncəli həmyaşıdları ilə görüşüblər, Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi münasibətilə onları təbrik ediblər.
Avqustun 12-də Xaçmaz və Qusar məktəblilərinin ekskursiyası Göygöl rayonunda davam edib.

Quba-Qusar-Xaçmaz marşrutu

Avqustun 10-da Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon şagirdlərinin bir qrupunun Quba-Qusar-Xaçmaz marşrutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici ekskursiyasına yolasalma mərasimi keçirilib. Tur-aksiyanın qrup rəhbəri Sahib Ələsgərov tovuzlu məktəblilərin dörd gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlarını bildirib.
Ağstafa məktəbliləri də tur-aksiyaya sevinclə yola düşüblər. Qrupun rəhbəri, rayon Təhsil Şöbəsinin metodisti İmran Nəsibov bildirib ki, adətən şagirdlər rayon daxilində, ən yaxşı halda isə qonşu rayonlara ekskursiyalara çıxırlar. Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu aksiyada isə onlar Azərbaycanın bir çox bölgələrini gəzmək imkanı əldə ediblər.
Qubaya yola düşən Tovuz və Ağstafa məktəbliləri yolüstü “Şabran şəhəri” tarixi qoruğunda da olublar. Onlara məlumat verilib ki, əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran Azərbaycanın möhtəşəm qədim şəhərlərindən biri olub. Şamaxıdan əvvəl Şabran şəhəri Şirvanşahlar dövlətinin paytaxtı idi. Böyük İpək Yolu üzərində yerləşən bu şəhər iqtisadi, ticarət və mədəni mərkəz kimi daim diqqət mərkəzində olub. Amma tez-tez yadellilərin basqınlarına məruz qalan Şabran XVIII əsrin ortalarında tənəzzülə uğrayıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev 2003-cü ildə “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında sərəncam imzalayıb. Məktəblilər qədim şəhərin qalıqları ilə tanış olublar.
Daha sonra şagirdlər Cənubi Qafqazın ən böyük milli parkı sayılan “Şahdağ” Milli Parkının Şabran rayonunda yerləşən ofisinə baş çəkiblər. Burada onlara Milli Parkın infrastrukturu, flora və faunası haqqında ətraflı məlumat verilib.
Axşam saatlarında Qubaya çatan tur-aksiyanın iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gəliblər. Burada məktəblilər ümummilli liderin abidəsini ziyarət edib, xatirə şəkli çəkdiriblər. Gənclər Mərkəzi ilə tanışlıq və parkda gəzintidən sonra məktəblilər “Cənnət bağı” istirahət mərkəzinə yola düşüblər.
Respublikanın şimal bölgəsinə ekskursiyaları davam edən Tovuz və Ağstafa məktəbliləri avqustun 11-də Qusar rayonunun görməli yerləri ilə tanış olublar.
Onlar əvvəlcə Qusar şəhərindən 32 kilometr məsafədə yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gediblər. Məktəblilərə turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” kompleksinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. “Şahdağ” Milli Parkının ərazisində salınan kompleksin tikintisi ölkəmizdə dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıb. Kompleks artıq dünyada tanınmağa başlayıb və buraya müxtəlif ölkələrdən minlərlə turist gəlir.
Daha sonra məktəblilər kompleksin yay istirahəti üçün nəzərdə tutulan xidmətlərindən yararlanıblar.
Günün ikinci yarısında tur-aksiyanın iştirakçıları Qusar Tarix-Diyarşünaslıq Muzeyində və Dövlət Rəsm Qalereyasında olublar. Şəhərdəki Heydər Əliyev Mərkəzində məktəblilərə ulu öndərin zəngin irsi və fəaliyyətini əks etdirən fotoşəkillər, digər eksponatlar haqqında məlumat verilib.
Məktəblilər yüksək ərazidə yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr etdikdən sonra Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə yaxından tanış olublar. Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd Şah İsmayıl Xətainin babası olub. O, XV əsrdə Şirvana etdiyi hərbi yürüş zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib. Məktəblilər tarixi abidə haqqında məlumatları maraqla dinləyib, xatirə fotoşəkilləri çəkiblər.
Tovuz və Ağstafa məktəblilərinin ekskursiyası avqustun 12-də Quba rayonun görməli yerləri ilə tanışlıqla davam edib.
Tur-aksiyanın iştirakçıları Quba şəhərindəki Cümə məscidində və ölkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbədə olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, tarixən tolerant ölkə olan Azərbaycanda bütün dini azlıqlara hörmət və ehtiram göstərilir.
Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsinə gəliblər, burada xalçanın toxunması prosesini izləyiblər.
Məktəblilərin Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlığı zamanı duyğulu anlar yaşanıb. Qeyd olunub ki, soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar da nümayiş olunur. Sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Günün ikinci yarısında məktəblilər Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər. Sonra "Rixos Quba Azerbaijan" hotel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə tanış olublar.
Tovuz və Ağstafa məktəbliləri avqustun 13-də Xaçmaz rayonunun görməli yerlərinə səfər edəcəklər.

Qobustan və Hacıqabul məktəbliləri İsmayıllı, Qəbələ və Şəkidə

Qobustan və Hacıqabul məktəblilərinin bir qrupu isə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində İsmayıllı-Qəbələ-Şəki istiqamətində ekskursiyaya çıxıblar.
Qobustan məktəblilərinin yola salınması ilə bağlı keçirilən mərasimdə Təhsil Şöbəsinin müdiri Füzuli Güləliyev layihənin əhəmiyyətindən söz açıb. Aksiyanın məktəblilərin tətil günlərinin xoş və mənalı keçirilməsində, habelə onların ayrı-ayrı bölgələr haqda zəngin məlumatlar almalarında böyük önəm daşıdığı vurğulanıb.
Tur iştirakçıları öncə İsmayıllı rayonun Lahıc qəsəbəsinə gəliblər. Məktəblilər XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olan qəsəbədə misdən hazırlanan, mürəkkəb və incə naxışlarla bəzədilən əl işlərinə tamaşa ediblər. Burada şagirdlərə Lahıc sənətkarları, onların hazırladıqları və xarici turistlərin böyük maraq göstərdikləri sənət nümunələri barədə ətraflı məlumat verilib.
Lahıc Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən maddi-mədəniyyət nümunələri, qəsəbənin tarixi, insanların əsas məşğuliyyəti barədə məlumatlar məktəblilərin marağına səbəb olub.
Qobustan və Hacıqabul rayonlarından olan iştirakçılar İsmayıllı ilə tanışlıqdan sonra avqustun 10-da Qəbələyə gəliblər. “Qafqaz Yeddi Gözəl” hotelində yerləşdirilən 80 şagirdə rayonun coğrafi mövqeyi, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib, onların sualları cavablandırılıb.
Sonra şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
Məktəblilər proqrama uyğun olaraq avqustun 11-də rayonun tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olublar. Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat var.
Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.
“Beltmann” piano fabrikində istehsal prosesi ilə tanışlıq da onlarda zəngin təəssürat yaradıb. Qeyd olunub ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq zamanı şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində görülən işlər barədə məlumat verilib.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” alban kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Çuxur Qəbələ kəndində şagirdlər burada qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri barədə geniş məlumat alıblar.
Qobustan və Hacıqabuldan gələn şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” hotelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.

* * *
Qobustan və Hacıqabul rayonlarının məktəbliləri respublikamızın şimal-qərb bölgəsinə səfər proqramına uyğun olaraq avqustun 11-də axşam saatlarında qədim Şəkiyə gəliblər. Onları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər İcra Hakimiyyətinin, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri səmimiyyətlə qarşılayıblar.
Mərasimdə məktəblilərə ipəkçilik diyarı kimi tanınan Şəkinin tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur.
Tur-aksiyanın bütün iştirakçılarına son illərdə Şəkinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olunub.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qrup rəhbərləri bu layihənin məktəblilərin dünyagörüşlərinin daha da zənginləşməsinə, ölkə gənclərinin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfə olduğunu diqqətə çatdırıblar.
Olimpiya İdman Kompleksinin hotel və kotteclərində yerləşən məktəblilər avqustun 12-də Şəkinin qədim tarixi məkanlarına ekskursiya edib, muzeylərə baş çəkib, şəhərin görməli yerləri ilə tanış olublar.

“Vətənini tanı ki, onu sevəsən”

Böyük tarixi keçmişi olan Azərbaycan qədim abidələri, zəngin maddi-mədəniyyət nümunələri, təbiəti hər kəsin diqqətini cəlb edir. Bu diyarı gəzmək, görmək, öyrənmək təkcə turistlərin deyil, hər bir azərbaycanlının böyük arzusudur. Xüsusilə də ölkənin gələcəyi olan yeniyetmələrin. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar böyük əhəmiyyət daşıyır.
Bu sözləri tur-aksiyanın İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə qrupunun baş əlaqələndiricisi, “Millenium-Turizm” şirkətinin rəhbəri Ruslan Quliyev müsahibəsində söyləyib. Onun sözlərinə görə, məktəblilər bölgələrdəki muzeylərə, tarixi abidələrə, ümumiyyətlə, onlar üçün yeni olan hər şeyə böyük maraq göstərir, sualları ilə öz bilgilərini artırmağa çalışırlar: “Bu da təbiidir. Axı, onlar dünyaya göz açdıqları, boya-başa çatdıqları Vətənləri barədə hər şeyi bilmək istəyirlər. Bu, olduqca sevindiricidir. Belə bir el məsəli var: “Vətənini tanı ki, onu sevəsən”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar