Giriş hələlik 2 manatdır

 

Son bir neçə ildə əsaslı yenidənqurma və abadlıq işləri aparılmış Bakıdakı Mərkəzi Nəbatat Bağı dekabrın 5-dən kütləvi ziyarət üçün açılıb. Bu münasibətlə bağa press-tur da təşkil edilib.

Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyət göstərib.

Təmir-yenidənqurma zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, bağın ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib. Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

Bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Ərazidə iki restoran fəaliyyət göstərəcək. Bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, yaşıllıqların suvarma sistemləri yenilənib.

Mərkəzi Nəbatat Bağı idarə heyəti sədrinin müavini İlkin Qəhrəmanlı press-tur zamanı diqqətə çatdırıb ki, 2013-cü ildə qəbul edilən qərara əsasən, giriş qiymətləri hələlik 2 manatdır.

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verib.