Xəbər verdiyimiz kimi, 2–4 dekabr tarixlərində Şuşa şəhərində 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” proqramının bağlanış tədbirləri keçirilib. Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun birgə təşkilatçılığı ilə reallaşan beynəlxalq proqrama İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın nümayəndəsi, habelə gənclər və könüllülər qatılıblar.

Bu çərçivədə dekabrın 2-də Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yaradıcılıq marafonu” İslam ölkələrindən olan gənc istedadları bir araya gətirib.

Dekabrın 4-də isə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Oyun texnologiyaları üzrə sammit” (G-HUB) keçirilib. Tədbirin məqsədi İslam ölkələrində oyun texnologiyası sahəsində birgə əməkdaşlığı və inkişafı təşviq etməkdir.

Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov tədbirdə çıxış edərək İƏT-ə üzv ölkələrdə oyun sənayesinin imkanları barədə danışıb və “G-HUB” təşəbbüsünün bu istiqamətdə atılan mühüm addım olduğunu diqqətə çatdırıb.

Sammitdə oyun sənayesinin yerli və xarici mütəxəssislərinin “G-HUB” platforması, “Epic Games” rəqəmsal alətləri və “Local Game Jam” mövzusu üzrə təqdimatları dinlənilib.

Sonra tədbir İslam ölkələrində oyun sənayesinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan panel müzakirəsi ilə davam edib.

Sammit iştirakçıları arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri, dünyada oyun sənayesinin aparıcı şirkətləri olan “Epic Games”, “Xsolla”, həmçinin “Gamesummit” və “Turan Masters” kimi yerli şirkətlərin nümayəndələrinin iştirakı “G-HUB”ın ekosistem üçün əhəmiyyətini önə çıxarıb.

Tədbirin sonunda “Turan Masters” şirkətinin fəaliyyəti haqqında iştirakçılara məlumat verilib.