Dekabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Avstriyanın “FREYWILLE” zərgərlik brendinin “Sehrli xalça” adlı yeni kolleksiyasının təqdimatı keçirilib. Kolleksiya Xalça Muzeyi ilə zərgərlik brendi arasında imzalanan memoranduma əsasən milli irsimizin beynəlxalq miqyasında tanıdılması məqsədilə hazırlanıb.

Əvvəlcə “Sehrli xalça” kolleksiyasının yaranması haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova milli-mədəni irsimizə xüsusi rəğbət və sevgidən yaranan “Sehrli xalça” kolleksiyası və Azərbaycan zərgərlik sənəti haqqında məlumat verib. Qeyd edib ki, Avstriya brendinin zərgərlik məhsulları üzərində nəfis şəkildə həkk etdiyi Qarabağın “Vərni” xovsuz xalça elementi ilə bəzədilmiş “Sehrli xalça” kolleksiyası qonaqlara təqdim olunur: “Bu layihə üzərində 6 aya yaxın iş gedib. İnanırıq ki, bu kolleksiya nəinki Azərbaycanda, bütün dünya miqyasında layiqincə qiymətləndiriləcək, daha geniş kütlələr arasında xalça sənətimizin tanıdılması və bu bəzək elementlərinin milli-mədəni irsimizin bir hissəsi olduğunu bir daha təsdiq edəcək”.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov Milli Xalça Muzeyi ilə “FREYWILLE” brendi arasında əməkdaşlığın əhəmiyyətli mədəni hadisə olduğunu bildirib.

Brendin rəhbəri Fridrix Ville öz videomüraciətində Milli Xalça Muzeyində kəşf etdikləri nümunələrin zərgərlikdə növbəti sənət əsəri yaratmaq üçün ilham qaynağı olduğunu söyləyib.

Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nigar Namazova yeni kolleksiyanı sənətkarlığın, tarix və mədəniyyətin möhtəşəm harmoniyası kimi dəyərləndirib.

Bədii hissədə Azərbaycan və Avstriyanın musiqi nümunələri səslənib. Sonda muzeyin Ənənəvi texnologiya şöbəsində yeni toxunan “Vərni” xalça fraqmentləri hanadan kəsilib.

Nurəddin