Dekabrın 7-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kino və televiziya rejissoru Kamil Rüstəmbəyovun (1924–1991) anadan olmasının 100-cü ildönümü tamam olub.

Bu münasibətlə dekabrın 6-da Azərbaycan Dövlət Film Fondu, Azərbaycan Kinematoqrafçılar İttifaqı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Kinorejissorlar Gildiyasının nümayəndələri, tanınmış mədəniyyət xadimləri sənətkarın məzarını ziyarət ediblər.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxışında Azərbaycan kino və televiziyasının inkişafında Kamil Rüstəmbəyovun xüsusi rolu olduğunu qeyd edib.

Uzun illər rejissorla birlikdə fəaliyyət göstərmiş Xalq artisti, kinorejissor Əbdül Mahmudov iştirak etdiyi “Dağlarda döyüş” və “Axırıncı aşırım” filmlərinin çəkilişləri haqqında xatirələrini bölüşüb.

Sənətkarın ailəsi adından çıxış edən qızı Aygün Rüstəmbəyova atasının xatirəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, 1960-cı ildə “Aygün” tammetrajlı bədii televiziya filmi ilə uğur qazanan K.Rüstəmbəyov milli kino salnaməsinə dəyərli töhfələr verib. 1965-ci ildə “Azərbaycanfilm”ə işləməyə dəvət olunan rejissorun kino yaradıcılığına “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (rejissor Şamil Mahmudbəyovla birgə) kimi məşhur ekran əsərləri daxildir. O, həmçinin  “Gözlə məni” bədii filmi, “Zəncirlənmiş adam” qısametrajlı bədii televiziya filmi, film-konsert (“Mahnı qanadlarında”) və sənədli filmlərin quruluşçu rejissorudur.