Parisdə dekabrın 13-də UNESCO-nun mənzil-qərargahında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Mahmud Kaşğarinin Türk dünyasının ən qiymətli kitablarından biri olan məşhur “Divanü lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq. Türk dillərinin ilk ensiklopedik lüğəti olan "Divanü lüğat-it-türk" UNESCO-nun 2024-2025-ci illərdə qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

İstanbul Millət Kitabxanasında qorunan və yeganə nüsxənin son səhifəsində qeyd edilən məlumatlara əsasən, Mahmud Kaşğari bu şah əsəri 1072-ci ildə yazmağa başlayıb və 1074-cü ildə tamamlayıb. Müxtəlif mənbələrdə qeyd edilir ki, Kaşğarlı bu əsərini dövrün türk hökmdarı Sultan Məhəmməd Alp Arslana təqdim etmək niyyətində idi. Lakin Alp Arslanın şəhid edilməsi səbəbilə əsər 1075-1095-ci illərdə Bağdadda hökmranlıq etmiş Abbasi xəlifəsi Məhəmməd əl-Muqtədi bi-əmrillaha təqdim olunub.

Bu əsər Mahmud Kaşğari tərəfindən ərəblərə türkçəni öyrətmək və türk dilinin ərəb dilindən daha zəngin olduğunu göstərmək məqsədilə yazılmış ilk türk dili lüğəti kimi qəbul edilir. Mahmud Kaşğari bu əsəri yazarkən XI əsrdəki türk bölgələrini bir-bir gəzmiş və əsərini bilavasitə özü tərəfindən toplanmış dil materiallarına əsasən hazırlamışdır. Bununla yanaşı, bu əsər yalnız bir lüğət deyil, türk dilinin XI əsrdəki xüsusiyyətlərini əks etdirən, fonetik və morfoloji bilgilərə işıq salan bir qrammatika kitabıdır. Əsər, həmçinin türk boylarının, şəxslərin və yer adlarının mənbəyi olmaqla yanaşı, türk tarixi, coğrafiyası, mifologiyası, folkloru və xalq ədəbiyyatı haqqında zəngin məlumatları ehtiva edir. Bundan başqa, o dövrün tibb və müalicə üsulları haqqında məlumat verən ensiklopedik bir əsər kimi də diqqət çəkir.

Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edəcəklər.