“Ölkəmizi tanıyaq” tur-aksiyası yeni iştirakçılarla davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaları davam edir.
Avqustun 1-də start verilən layihə üç marşrut üzrə - Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və İsmayıllı-Qəbələ-Şəki istiqamətlərində həyata keçirilir. İndiyədək ekskursiyalarda Lənkəran, Quba, Qusar, Xaçmaz, Tovuz, Ağstafa, Qobustan və Hacıqabul məktəbliləri iştirak ediblər. Kampaniya ümumilikdə ölkəmizin 67 şəhər və rayonundan 14 minə yaxın şagirdi əhatə edəcək. Tur-aksiyada hər qrupda 40 şagird və 5 müşayiətçi yer alır.
Avqustun 12-də Şabran və Siyəzən məktəblilərinin Gəncə-Göygöl-Şəmkir marşrutu ilə, 13-də Şəmkir və Gədəbəydən olan şagirdlərin Quba-Qusar-Xaçmaz istiqamətində, Saatlı və Sabirabaddan olan qrupların isə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə səfərləri başlayıb.
Qədim Gəncə ilə tanışlıq
Şabran və Siyəzənin ümumtəhsil məktəbləri şagirdlərindən ibarət qrupların Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə tur-aksiyaya yolasalma mərasimində rayonların İcra Hakimiyyəti, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər. Şagirdlərin səfər proqramına bu bölgənin qədim tarixi, mədəniyyət abidələri, müasir park və xiyabanları, turizm obyektləri ilə tanışlıq daxildir.
Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ekskursiyada olan Şabran və Siyəzən rayonlarının şagirdləri avqustun 13-14-də qədim Gəncə ilə tanış olublar. Məktəblilər dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət etdikdən sonra “Qala” arxeologiya və etnoqrafiya muzeyinə gəliblər. Şagirdlərə məlumat verilib ki, muzeyin salonlarında Gəncənin tarixini və etnoqrafiyasını əks etdirən çoxlu sayda eksponatlar nümayiş etdirilir.
Daha sonra şagirdlər Cavad xanın türbəsini ziyarət ediblər, yaxınlıqdakı Şah Abbas məscidində olublar. Məlumat verilib ki, türbənin inşası və Şah Abbas məscidinin əsaslı təmiri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Məktəblilər gəncəli sənətkarların “Çökək hamam” tarixi-memarlıq abidəsində nümayiş etdirilən dekorativ sənət nümunələrinə də baxıblar.
“Xan bağı”nda əyləncəli tədbirlərdə iştirak edən şagirdlər burada gəncəli həmyaşıdları ilə görüşüblər.
Şabran rayonunun Ağbaş kənd orta məktəbinin X sinif şagirdi Cavad Xudaverdiyev Gəncədə olduğu iki gündə özünə çoxlu dost tapdığını söyləyib. Deyib ki, “Xan bağı” ölkəmizin ən gözəl istirahət yerlərindəndir. Burada gənclərin asudə vaxtlarını mənalı keçirmələri üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə, Gəncə şəhərinin hər qarışı gözəldir.
Avqustun 15-də şagirdlər Şəmkir və Göygölə səyahət edəcəklər.
İsmayıllı-Qəbələ-Şəki marşrutu
Avqustun 13-də Saatlı Rayon İcra Hakimiyyətinin qarşısında da böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarını İsmayıllı-Qəbələ-Şəki istiqamətində yola salırdılar. Dörd gün ərzində İsmayıllı, Qəbələ və Şəki rayonlarının tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olacaqlar.
Qrupun rəhbəri, rayon Təhsil Şöbəsinin məsul işçisi Ülkər İslamova deyib: “Bu tur-aksiya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsində və dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın regionlarının görməli yerləri ilə tanışlıq hamımızın ürəyincədir”.
Sabirabadlı məktəblilər tur-aksiyada iştirak xəbərini ruh yüksəkliyi ilə qarşılayıblar. “Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonlarımızın tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu arzum reallığa çevrilib”, - Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Qismət Ağaşov sevincini belə ifadə edib.
Saatlı və Sabirabad rayonları məktəblərinin şagirdləri avqustun 14-də Qəbələ rayonunun tarixi abidələri, turizm məkanları, mənzərəli guşələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektlərlə tanış olublar. Şagirdlər əvvəlcə Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər, onlara qədim Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat verilib. Qeyd olunub ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox eksponat var.
Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.
“Beltmann” piano fabrikində istehsal prosesini izləyən tur-aksiyanın iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyaca məşhur markalı pianolar istehsal edilir.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq da şagirdlərdə zəngin təəssürat yaradıb. Burada görülən tikinti işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” alban kilsəsi ilə tanış olublar. Kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri barədə də məlumat alıblar.
Saatlı və sabirabadlı şagirdlər Qəbələyə səfərin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” hotelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu ilə tanış olublar.
Qərb bölgəsindən ölkənin şimalına
Avqustun 13-də Şəmkir şəhərindəki Heydər Əliyev parkının qarşısında Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiya iştirakçılarının yolasalma mərasimi keçirilib. Qrupun rəhbəri, rayon Təhsil Şöbəsinin metodisti Ceyhun Məmmədov dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən bu aksiyanın yetişməkdə olan nəsil üçün çox əhəmiyyətli olduğunu vurğulayıb: “Şagirdlər gündən-günə çiçəklənən ölkəmizin hər guşəsini yaxşı tanımalıdırlar. Qusarda “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gedəcək, Qubanın Xınalıq yolundakı şəlaləyə baxacaq, Xaçmazda tarixi-memarlıq abidələri ilə tanış olacağıq. Söz yox ki, bütün bunlar şagirdlərimizə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək”.
Gədəbəy məktəbliləri də ölkəmizin dilbər guşələrinə təşkil edilən tur-aksiyadan məmnundurlar. Qrupun tur-aksiyaya yolasalma mərasimində çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev, Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev, valideynlər bu aksiyanın əhəmiyyətindən danışıblar. Sevinc içində olan şagirdlər indiyədək telekanallarda görüb qeyd etdikləri bölgələrimizlə tanışlığı səbirsizliklə gözlədiklərini bildiriblər. Qrupun rəhbəri, rayon Təhsil Şöbəsinin metodisti Səxavət Quliyev dövlət başçısının bu nəcib təşəbbüsünə görə minnətdarlığını ifadə edib: “Gənc nəslin inkişafına daim qayğı ilə yanaşan Azərbaycan Prezidentinin bu təşəbbüsü sayəsində şagirdlərin yaşadıqları ölkə, onun dilbər guşələri haqqında geniş məlumatı olacaq. Tur-aksiya zamanı onlar maddi-mədəniyyət nümunələrini, bölgələrin sürətli inkişafını öz gözləri ilə görəcəklər”.
* * *
“Ölkəmizi tanıyaq” maarifləndirici ekskursiyası çərçivəsində respublikanın şimal bölgəsinə gələn Şəmkir və Gədəbəy məktəblilərindən ibarət qrupların avqustun 14-də Qusar rayonunun görməli yerləri ilə tanışlığı başlayıb. Tur-aksiyanın iştirakçıları günün birinci yarısında Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar.
Məktəblilər kompleksdə yay istirahəti üçün nəzərdə tutulan xidmətlərindən yararlanıblar. Kanat yolları ilə səyahət və dağ gəzintisi onların daha çox xoşuna gəlib.
Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Kompleksin tikintisi ölkəmizdə dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza xarici turistlərin marağını artırır.
Nahar fasiləsindən sonra tur-aksiyanın iştirakçıları Qusar Tarix-Diyarşünaslıq Muzeyi, rəsm qalereyası ilə yaxından tanış olublar.
Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində qonaqlar ulu öndərin zəngin irsi və fəaliyyətini əks etdirən fotoşəkillərə maraqla baxıblar.
Məktəblilər yüksək ərazidə yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr etdikdən sonra Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə yaxından tanış olublar. Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, XVI əsrdə inşa edilən türbə Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd Şah İsmayıl Xətainin babası olub. O, XV əsrdə Şirvana etdiyi hərbi yürüş zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.
Məktəblilər tarixi abidə haqqında informasiyalara diqqətlə qulaq asıblar və bələdçilərə öyrənmək istədikləri məlumatlar barədə suallar veriblər.
Şəmkir və Gədəbəy məktəblilərindən ibarət qruplar avqustun 15-də Quba rayonunun görməli yerlərinə səfər edəcəklər.
Qobustan və Hacıqabul məktəbliləri Şəkidəki Atçılıq Turizm Mərkəzində olublar
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların marşrutlarından biri Şəkidən keçir.
Tur iştirakçıları qədim diyarın tarix-mədəni irsi, abidələri, görməli yerləri, turizm məkanları ilə yanaşı, rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi ilə də tanış olurlar. Avqustun 13-də aksiya çərçivəsində Qobustan və Hacıqabul rayonlarının məktəbliləri üçün mərkəzə ekskursiya təşkil olunub.
Şagirdlərə Şəkinin turizm imkanları, Atçılıq Turizm Mərkəzinin fəaliyyəti, yeni atüstü turist marşrutları barədə məlumat verilib. Bildirilib ki, atçılıq turizminin inkişaf etdirilməsi məqsədilə yeni marşrut açılıb. Rayon mərkəzindən 25 kiolometr məsafədə yerləşən Atçılıq Turizm Mərkəzində başlayan marşrut Daşbulaq kəndi ərazisində yerləşən Çorqat meşəsində başa çatır. Atçılıq Turizm Mərkəzində əsasən cins atlar saxlanılır.
Mərkəzin direktoru Elman Qədirovun sözlərinə görə, Qobustan və Hacıqabul rayonlarının məktəbliləri bu məkanla maraqla tanış olublar. Şagirdlər atçılıq idman növünə həvəs göstərdiklərini də bildiriblər. Məktəblilərə Azərbaycan xalqının qədim oyun növü olan çövkən haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, hələ qədim vaxtlardan Qarabağ atları üzərində oynanılan çövkən oyunu 2013-cü ilin dekabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında qurumun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na salınıb.
Mərkəzlə tanış olan şagirdlərə çövkən oyunu da nümayiş etdirilib.