Son illər bölgələrimizdə yaradılan müasir infrastruktur, turizm obyektlərinin, əyləncə mərkəzlərinin sayının artması əhalinin ölkə daxilində istirahətə marağını da artırıb.
İldən-ilə həm Azərbaycan vətəndaşları, həm də ölkəmizdə çalışan əcnəbilər bölgələrimizə daha çox səyahət edirlər. “Millennium Tourism & Congress DMC”nin direktoru Ruslan Quliyevin sözlərinə görə, bu tendensiya xüsusilə həftəsonu və bayram tətilləri günlərində daha çox özünü göstərir: “Əgər üç-dörd il əvvəl 150-200 min vətəndaşımız ölkə daxilində istirahət edirdisə, indi bu rəqəm 750 minə çatıb. Bu gün həftə sonu Bakı yollarında avtomobillərin seyrəkliyi də göstərir ki, camaat artıq istirahət üçün bölgələrə üz tuturlar. Əksəriyyət də ailəvi səyahət edirlər”.
Həmsöhbətimin fikrincə, bu gün əsas məqsədlərdən biri odur ki, bu səfər zamanı bölgələrin tanıtımına önəm verilsin: “Turist yalnız mehmanxanada gecələməli, yemək yeməli deyil. Ona həm də bölgənin adət-ənənələri, tarixi abidələri, milli dəyərləri ilə bağlı məlumatlar verilməli, ekskursiyalar təşkil edilməlidir. Danılmaz faktdır ki, insan bir yerdə üç gün qalanda darıxır. Bunu aradan qaldırmaq üçün turistlərin asudə vaxtın təşkili, daha rəngarəng istirahət üçün xidmətlər təklif olunmalıdır”.
Qiymətlərə gəlincə, şirkət direktoru fərdi və qrup şəklində turlar təşkil etdiklərini və qiymətlərin də buna görə dəyişdiyini deyir: “Minimal 15 nəfərlik heyətdə bir nəfərin 3 dəfə qidalanması və gecələməsi 25-35 manatdır”. Onun sözlərinə görə, bu gün bölgələrə getmək dənizkənarı hotellərdə istirahətdən daha sərfəlidir. Adətən dəniz kənarı hotellər 5 ulduzlu olduğu üçün əhalinin yalnız müəyyən təbəqəsi orda istirahət edə bilir. Elə yerlərdə 2-3 ulduzlu hotellər tikilsə, pis olmaz. Həftə sonları Bakı sakinlərinin böyük hissəsi dənizkənarı istirahət yerlərinə üz tutur. Lakin bu məkanların çoxunda xidmət səviyyəsi aşağıdır.
Həmsöhbətim qeyd edir ki, ümumilikdə əldə edilən irəliləyişlə yanaşı, xidmətin keyfiyyəti hələ də sektorda problemli sahə olaraq qalır: “Bu problemlərin aradan qaldırılması üçün işlər aparılır. Sevindirici haldır ki, Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirliklərinin, TİKA təşkilatının və Dünya Turizm Təşkilatının dəstəyi ilə xidmətlə bağlı treninqlər təkcə Bakıda deyil, bölgələrimizdə də keçirilir. Bu, çox böyük təcrübə qazanmaq imkanı verir”.
Fəxriyyə