Serbiya cənub-şərqi Avropada, Balkan yarımadasında yerləşir. Keçmiş Yuqoslaviya federasiyasının altı respublikasından ən böyüyüdür. Ərazisi 88 min kvadrat kilometr, əhalisi 7,3 milyon nəfər, paytaxtı Belqrad şəhəridir. Ərazisinin təxminən 10 min kvadrat kilometri Belqradın nəzarətində deyil, ölkənin Kosovo muxtar bölgəsi 2008-ci ildə müstəqilliyini elan edib və Avropa Birliyi, ABŞ tərəfindən tanınıb.

Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Albaniya, Çernoqoriya, Xorvatiya, Bosniya və Herseqovina ilə həmsərhəd olan ölkənin coğrafi mövqeyi, təbii şəraiti turizm baxımından çox əlverişlidir. Mənzərələrin, mədəni və tarixi abidələrin, müalicəvi termalların, balıqçılıq sahələrinin, ov yerlərinin müxtəlifliyi Serbiya turizminin əsaslarını təşkil edir. Beynəlxalq hava, dəmiryolu xəttləri, avtomagistrallar Serbiyanı Qərbi və Mərkəzi Avropa, Türkiyə, Yaxın Şərq, Asiya və Afrika ilə birləşdirir.

Turizm üçün zəngin imkanlar

Serbiya ərazisi tarixən müxtəlif sivilizasiyaların kəsişmə nöqtəsi olub, ölkənin zəngin tarixi-mədəni irsi var. Bu məkanda mənalı istirahət etmək istəyənləri təəccübləndirəcək çox şeylər var. Rəngarəng relyef, bitki aləminin zənginliyi, bioloji mənbələrin bolluğu, eyni zamanda qədim memarlıq, tarix və mədəniyyət abidələri və nəhayət, qonaqpərvərlik.
Serbiyanın ərazisi əsasən düzənlik və ovalıqdır. İqlimi isti yay və yumşaq qışla xarakterizə olunur. Ölkə ərazisi görməli yerlərlə zəngindir. Hansı marşrutu seçməyinizdən asılı olmayaraq, paytaxt Belqradla yaxından tanış olmağınız qaçılmazdır. Belqrad 3 min ilə yaxın yaşı olan tarixi şəhərdir. Hər bir halda şəhərdə insanların məskunlaşması üç min il əvvəl baş tutub. Özündə Qərb və Şərq mədəniyyətinin əlamətlərini yaşadır. Cənubda paytaxta yaxın Kapaonik adlı dağlıq massiv də var ki, Belqrada yolu düşən turistlər mütləq ona baş çəkirlər. Burada sıra dağlarda yüz kilometrlərlə uzanan parlaq qar yamacları, canlı təbiət və təmiz havası olan milli qoruq var. Kapaonik turistlərə gözəl dağ xizəkçiliyi kurortlarını təqdim edir.
Serbiyanın birbaşa dənizə çıxışı olmasa da, gözəl gölləri var. Serbiya kurortlarında həmçinin süni çimərliklər də yaradılıb. Qeyd edək ki, kurort mərkəzlərinin yaxınlığında orta əsr monastırları da turistləri cəlb edir. Burada zərif memarlığı ilə seçilən freskalar Serb xalqının çoxəsrlik ənənələrini simvollaşdırır. UNESCO-nun bəşəri irs siyahısına daxil olan Studeniça, Qoliya, Sopoçan və digər monastırları mədəni turizm üçün zəmin yaradır.
Mineral bulaqlar və müalicəvi məkanlar hələ Roma imperiyası dövründən tanınıb. Bu gün həmin məkanlarda bütün Avropada məşhur spa mərkəzləri var. Təbii və tibbi faktorların birləşməsi müasir və ixtisaslaşmış sanatoriya-kurortların təşkilinə imkan yaradır.

Qış və dağ turizmi, ovçuluq

Serbiya dağları öz zənginliyi və gözəlliyi ilə fərqlənir. Onlar geniş ərazili meşələrlə əhatə olunub. Bütün bunlarla yanaşı, əlverişli iqlim şəraiti həm qış, həm də yay turizmi üçün gözəl imkanlar yaradır. Məhz buna görə Serbiya dağlarında əla istirahət etmək, idman və sağlamlıq turizmi ilə məşğul olmaq mümkündür. Kapaonik, Tara, Sar Mauntin və Fruşka Gora dağlarının müstəsna gözəllikləri sayəsində bu ərazilər milli parklar elan edilib. Ən inkişaf etmiş dağ turizm mərkəzi bir qədər əvvəl yuxarıda bəhs etdiyimiz Kapaonikdir. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yaradılan qış turizm kurortu turistlər arasında çox məşhurdur. 80 kilometrədək uzanan Para dağının zirvələri ilin bütün fəsillərində qarla örtülü olur.
Ölkənin ərazisi özünəməxsus təbii mühitə məxsusdur: dəyişən mənzərələr, gözəl dərələr və dağlar, mənzərəli kəndlər və tarixi abidələr.
Serbiya ov yerləri ilə də zəngindir. Ovçuluq ilin bütün dövrlərində mümkündür. Ovçuluq turizmi həvəskarları ayı, maral, vəhşi qaban, nisbətən az macəra axtaranlar isə dovşan, qırqovul və digər heyvanları ovlaya bilərlər.

Mədəni marşrutlar

Balkan yarımadasında qədim Avropa mədəniyyəti və sivilizasiyanın dərin izləri var. Serbiyada da Avropa tarixinin sirli məqamlarını aşkar etmək olar. Ölkə Şərqi və Mərkəzi Avropa tarixinə ən yaxşı səyahət təcrübəsini təklif edir. Burada Roma dövrünün mədəni qalıqlarını aşkar edə, imperiyaların uzun əsrlik tarixinin gizli yolları ilə tanış ola bilərsiniz.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar