“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası yeni-yeni rayonları əhatə edir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası davam edir. Avqustun 1-də start verilən layihə üç marşrut üzrə - Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və İsmayıllı-Qəbələ-Şəki istiqamətlərində həyata keçirilir.

Avqustun 17-də tur-aksiya çərçivəsində Şəmkir məktəblilərinin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb və onlar rayona qayıdıblar. Tur-aksiyanın iştirakçılarını rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də valideynlər qarşılayıblar. Tur zamanı qədim tarixə malik bölgənin keçmişini öyrənməklə yanaşı, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olan aksiya iştirakçıları təəssüratlarını bölüşüblər.
Qrupun rəhbəri Vəfa Namazova ekskursiya ilə bağlı belə deyib: “Avtobusumuz Şəmkirdən respublikamızın şimal bölgəsinə çatana kimi bir neçə rayondan keçdik. Bu rayonları seyr etdikcə ürəyimiz dağa dönürdü. Sanki başqa bir aləmə düşmüşdük. Geniş yollar, abad kəndlər, yaraşıqlı evlər ölkəmizdə həyat şəraitinin yüksəlməsindən xəbər verirdi. Hər üç rayonla yaxından tanış olduq. Quba soyqırımı məzarlığına ürək ağrısı ilə baxdıq. Bundan başqa, ekskursiya etdiyimiz rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsi, arxitekturasına görə dünya hotelləri ilə rəqabətə girən “Rixos Quba Azerbaijan” hoteli, Quba Milli Qolf Klubu, eləcə də ”Şahdağ” Qış-Yay Turizm Kompleksi, dağ-xizək trası çox maraqlı idi. Bütün bunlar bizdə Vətənimizə olan məhəbbəti birə on qat artırdı və belə bir ölkədə yaşamağımla fəxr etdim”.

“Gəncə dahi Nizaminin adına layiq səviyyədədir”

Sumqayıt və Xızı məktəbliləri avqustun 17-də Gəncədə olublar. Məktəblilər Nizami yurdunun maddi-mədəniyyət abidələri ilə yanaşı, burada həyata keçirilən abadlıq və quruculuq işləri ilə də yaxından tanış olublar.
Şəhərlə tanışlığa dahi mütəfəkkir şair Nizami Gəncəvinin məqbərəsindən başlayan tur iştirakçılarına görkəmli ədibin 870 illik yubileyi ərəfəsində görülən genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verilib.
Şagirdlər dahi şairin məqbərəsini ziyarət edərək, qarşısında xatirə şəkli çəkdiriblər.
Məqbərənin ərazisində inşa olunmuş Nizami muzeyində olan məktəblilər muzeyin salonlarını gəzərək şairin dövrünü əks etdirən eksponatlara baxıblar.
“Qala” Arxeologiya və Etnoqrafiya Muzeyində davam etdirilən ekskursiya zamanı şagirdlərə məlumat verilib ki, qalada ümumilikdə 4 sərgi salonu var. Bu salonlarda arxeoloji qazıntılar zamanı aşkar edilmiş qiymətli eksponatlar nümayiş etdirilir.
Sonra Sumqayıt və Xızı məktəblilərinin Gəncə ilə tanışlığı şəhər mərkəzində yerləşən Cavad xan türbəsi, Şah Abbas məscidi, “Çökək hamam” tarixi-memarlıq abidəsində davam etdirilib. Şəhər sakinlərinin, eləcə də qonaqların ən çox sevdikləri “Xan bağı” məktəblilərdə xoş təəssürat oyadıb. Onlar bir neçə saat bağda dincələrək, özlərinə çoxlu dostlar qazanıblar.
Sumqayıt texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Nərmin Quluzadə səfər təəssüratlarını bölüşərək deyib: “Mən Gəncənin bu qədər gözəl olduğunu təsəvvür etmirdim. Azərbaycanımızın ikinci böyük şəhəri olan Gəncə həqiqətən dahi şairimiz Nizami Gəncəvinin adına layiq səviyyədədir”.

İmişli və Beyləqan gəncləri Qəbələ və Şəkidə

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində İmişli və Beyləqan rayonlarından olan 80 məktəblidən ibarət iki qrup avqustun 17-də qədim və müasir Qəbələ ilə tanış olublar.
Şagirdlərin Qəbələ ilə tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başlayıb. Şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində kompleksdə üç min nəfərə xidmət göstərildiyi barədə məlumat verilib. Şagirdlər kanat yolu ilə dağların zirvəsinə qalxaraq Qəbələ şəhərini, ətrafdakı gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
Sonra tarix-diyarşünaslıq muzeyinə gələn məktəblilər Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Heydər Əliyev Mərkəzini ziyarət edən şagirdlər burada ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
“Beltmann” piano fabrikində istehsal prosesi ilə yaxından tanışlıq zamanı tur-aksiya iştirakçılarına müəssisə barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, burada dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir.
Daha sonra Nic qəsəbəsinə gələn şagirdlər buradakı “Cotari” alban kilsəsinə böyük maraqla baxıblar. Məktəblilərə məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Tur-aksiyanın iştirakçıları Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar.
“Qəbələ və İsmayıllını görmək çoxdankı arzum idi. Bu rayonlardakı qədim tarixi abidələr, turizm obyektləri, mənzərəli yerlər məni valeh etdi. “Beltmann” piano fabriki və “Tufandağ” Qış-Yay İstirahət Kompleksi, qədim Lahıc və Nic qəsəbələri məndə ölkəmizin sosial-iqtisadi cəhətdən sürətlə inkişafı, turizm imkanlarının genişlənməsi, eləcə də xalqımızın qədim tarixi ilə bağlı dərin təəssürat yaratdı. Valideynlərimlə birlikdə istirahət etmək üçün bu rayonlara yenidən gəlmək istərdim”. Bu sözləri Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli orta məktəbin XI sinif şagirdi Fidan Fərzəliyeva deyib. Qeyd edib ki, bu tur-aksiyalar Azərbaycanın bölgələri ilə tanışlıq, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi baxımından böyük önəm daşıyır. Sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurlar biz məktəbliləri də fərəhləndirir. Sevinirik ki, Prezident İlham Əliyev bizim yaxşı təhsil almağımızla yanaşı, doğma Vətənimizi yaxından tanımağımıza da diqqət göstərir. Biz dövlətimizin başçısının bu qayğısını heç zaman unutmayacaq və günbəgün çiçəklənən Azərbaycana layiq övlad olmağa çalışacağıq”.
Beyləqan və İmişli məktəbliləri avqustun 17-də qədim Şəkinin qonağı olublar.
Tur-aksiya iştirakçıları Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən mehribanlıqla qarşılanıblar. Qonaqlara 2700 ildən çox yaşı olan bu qədim diyarın tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa məlumat verilib. Aksiya iştirakçılarına Şəki ilə bağlı məlumat kitabçaları hədiyyə olunub.

Məktəblilər Şəkidə “Sənətkarlıq evi”ndə

İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə hərəkət edən İmişli və Beyləqan məktəbliləri ekskursiyanın növbəti günündə, avqustun 18-də Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olub, muzeylərə baş çəkiblər.
Tur-aksiya iştirakçıları sonra “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən bu muzeydə 5 minə yaxın eksponat saxlanılır.
Məktəblilər daha sonra qoruğun ərazisində fəaliyyət göstərən “Sənətkarlar evi”nə baş çəkiblər. Onlar burada şəkili sənətkar, məşhur şəbəkə ustası Hüseyn Hacımustafazadənin emalatxanasında olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, qədim Şəki torpağı əsrlər boyu sənətkarlar məskəni olub. Şəki sənətkarlığından söhbət düşəndə, şübhəsiz, şəbəkə sənəti xüsusi qeyd olunur.
Bu sənətin incəliklərindən bəhs edən usta Hüseyn məlumat verib ki, şəbəkədə ağacdan hazırlanan ayrı-ayrı hissələr bir-birinə geydirilir və bənd edilir. Bu zaman yapışqan, mismar və digər bərkidici materiallardan istifadə olunmur. Şəbəkə Azərbaycanın bütün bölgələrində geniş yayılsa da, ən incə, zərif və gözəl şəbəkə məhz Şəki xanlarının sarayındadır. Sadə şəbəkənin bir kvadratmetrinə 5 min xırda detal düşdüyü halda, Xan sarayındakı pəncərə şəbəkələrinin hər kvadratmetrinə 14 min detal hissə və rəngli şüşə düşür. Vurğulanıb ki, usta Hüseyn Şəki xanları sarayının bərpasında yaxından iştirak edib. Məktəblilər şəbəkə ustasının hazırladığı əl işlərinə böyük heyranlıqla tamaşa ediblər.

Daşkəsən və Göygöl məktəblilərinin şimal turu

Tur-aksiyalar çərçivəsində respublikanın şimal bölgəsinə ekskursiya edən Daşkəsən və Göygöl məktəblilərindən ibarət qruplar avqustun 18-də Quba rayonunun görməli yerlərini gəziblər.
Tur-aksiya iştirakçıları əvvəlcə Quba şəhərindəki Cümə məscidində və ölkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbədə olublar. Burada məktəblilərin diqqətinə çatdırılıb ki, qəsəbədə azərbaycanlılar və yəhudilər daim dostluq şəraitində yaşayıblar. Tarixən tolerant ölkə olan Azərbaycanda bütün dini azlıqlara hörmət və ehtiram göstərilir.
Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsinə baş çəkiblər. Tur-aksiya iştirakçılarına Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq zamanı tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ziyarətçilərə məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Günün ikinci yarısında Daşkəsən və Göygöl məktəblilərindən ibarət qruplar Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər, "Rixos Quba Azerbaijan" hotel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış olublar.
“Ölkəmizdə gənclərlə bağlı bir sıra layihələr həyata keçirilib. Hesab edirəm ki, bunlardan ən əhəmiyyətlisi, ən maraqlısı məhz “Ölkəmizi tanıyaq” tur-aksiyasıdır. Bu layihəyə Azərbaycanın bütün şəhər və rayonlarının məktəbliləri qoşulublar. Onların bəziləri bəlkə də indiyədək yaşadıqları rayonlardan kənara çıxa bilməyiblər. Bu aksiya bizə imkan verdi ki, Azərbaycanın müxtəlif bölgələrinə səyahət edək, oradakı məşhur tarixi abidələrlə, qədim yaşayış məskənləri ilə yaxından tanış olaq. Bizə bu imkanı yaradan Prezidentimiz İlham Əliyevə İmişli məktəbliləri adından dərin minnətdarlığımızı bildiririk”.
Bu fikirləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, İmişli şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərgiz Vəliyeva deyib. Qeyd edib ki, Şəki şəhərinin gözəlliyi haqqında kitablardan çox oxuyub: “Atalar demişkən, min dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Şəki xanlarının sarayı çox möhtəşəm abidədir. Sarayın otaqlarını gəzərkən xanlıqlar dövrü, tarixin səhifələri gözlərimiz önündə canlanırdı. Əslində bu sarayı, onun qarşısındakı əzəmətli Xan çinarlarını görmək bizim üçün çox böyük şərəfdir”.

* * *
Avqustun 19-da Ağcabədi şəhərinin mərkəzi meydanında rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə bu rayonun məktəblilərindən ibarət qrupun İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etmək üçün yola salınması mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar.
Qrupun rəhbəri, Ağcabədi şəhərindəki 8 nömrəli tam orta məktəbin müəllimi Ramil Ağayev qeyd edib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası məktəblilərin dünyagörüşünün artmasında, onların Vətənimizi daha yaxşı tanımasında və sevməsində böyük əhəmiyyət kəsb edir: “Bu gün İsmayıllı, Qəbələ və Şəki rayonlarına yola düşən ağcabədili məktəblilər 4 gün ərzində tarix və mədəniyyət abidələri ilə, bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafla, Vətənimizin səfalı yerləri ilə yaxından tanış olacaqlar”.
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola düşüblər.

Gəncəli məktəblilər ölkəmizin şimalında

Avqustun 19-da Gəncənin mərkəzi meydanında “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan Gəncə məktəblilərinin yolasalma mərasimi keçirilib.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, bu günün gəncliyi xoşbəxtdir. Çünki yetişməkdə olan nəslin hərtərəfli inkişafı, dünyagörüşünün formalaşması üçün ölkəmizdə hər cür şərait yaradılıb. Dövlətimizin başçısı daim gəncləri düşünür və sabahın qurucuları olan bu yeniyetmələrin hərtərəfli böyüməsi üçün daim diqqət və qayğı göstərir. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya da bu qayğının bir nümunəsidir.
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra iştirakçıların xeyir-duası ilə 40 nəfər şagirdin və 5 nəfər müşayiətçinin daxil olduğu qrupun üzvləri onlar üçün ayrılmış xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya yola düşüblər.

Zərdablı gənclərin İsmayıllı-Qəbələ-Şəki turu

Zərdab rayonu ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət qrup avqustun 19-da təntənəli mərasimlə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola salınıb.
Mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar çərçivəsində reallaşan bu səfərin yay tətili günlərində şagirdlər tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandığını, Azərbaycanı, onun ayrı-ayrı bölgələrini yaxından tanımaq imkanı qazanmaq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Tur-aksiyanın bələdçisi, Yarməmmədbağı kənd tam orta məktəbinin direktoru Kamal Soltanov qeyd edib ki, 4 gün davam edəcək tur-aksiyanın çox zəngin proqramı var: “Burada məktəblilər nəinki şən və mənalı istirahət edəcək, həm də respublikamızın qədim tarixə malik üç bölgəsi ilə ətraflı tanış olacaqlar. İsmayıllı, Qəbələ və Şəkinin tarixi abidələri, zəngin muzeyləri, turizm obyektləri onlarda unudulmaz təəssürat yaradacaq”.
Tur-aksiya iştirakçıları yolasalma mərasiminə gələnlərin xeyir-duası ilə Zərdab şəhərindəki Heydər Əliyev parkının qarşısındakı meydandan onlar üçün ayrılmış xüsusi avtobusla İsmayıllı rayon mərkəzindən 36 kilometr məsafədə yerləşən Lahıca istiqamət götürüblər.
Lahıc sənətkarlarının hazırladıqları incə naxışlarla bəzədilən çoxsaylı məişət və bəzək əşyaları ilə zəngin mağaza və emalatxanaların sıralandığı baş küçə məktəblilərdə xoş təəssürat yaradıb. Burada onlara qəsəbənin coğrafi mövqeyi, tarixi, insanlarının məşğuliyyəti, qədim və orta əsr memarlıq abidələri barədə geniş məlumat verilib. Bildirilib ki, XVIII-XIX əsrlərdə misgərlik və silah istehsalı mərkəzi kimi tanınan Lahıcda 30-dan çox sənət növü inkişaf edib. Girdiman çayının sahilində yerləşən yaşayış məntəqəsi Azərbaycanın planla tikilmiş feodal şəhərlərindən biridir. Memarlıq quruluşu və abidələri ilə seçilən Lahıc 1981-ci ildən tarix-mədəniyyət qoruğu elan edilib. Burada yaşayıb-yaratmış misgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri bu gün dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəyir.

Astara və Lerik məktəblilərinin qərb bölgəsinə səfərləri

Avqustun 19-da Astara şəhərindəki Heydər Əliyev parkında rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasının iştirakçılarını Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salmaq üçün bir araya gəliblər.
Tur-aksiya iştirakçıları parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Qrupun rəhbəri, Kijabə qəsəbə tam orta məktəbinin müəllimi Azər Kişiyev iştirakçıların fikrini ifadə edərək deyib: “Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə ilk dəfə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları - Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri dörd gün ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Bizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarıq”.
Ekskursiya iştirakçılarından Pensər kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Elnarə Həsənova, Kijabə qəsəbə tam orta məktəbinin müəllimi Şeyda Babayeva, Astara şəhərindəki 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Emilya Babayeva və başqaları tur-aksiyanın təşkilindən razılıqlarını bildiriblər.

* * *
Həmin gün “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Lerik rayonundan olan iştirakçıları Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ölkəmizin Qərb bölgəsinə yola düşüblər.
Aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Lerik şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Lerik şəhərinin mərkəzi meydanında təşkil olunmuş mərasimdə çıxış edən rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikamızda ilk dəfə təşkil olunmuş maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışaraq məktəblilərə uğurlu yol, mənalı istirahət arzulayıblar.
Qrupun rəhbəri Zamiq Əhədov, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin IX sinif şagirdi Rəşad Abuzərli, həmin liseyin X sinif şagirdi Tacəddin Şükürzadə və Günəşli kənd tam orta məktəbinin XI sinif şagirdi İsmayıl Şirvanzadə tur-aksiyanın təşkilindən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar