«Turistlər daha çox keyfiyyətli xidmət axtarırlar və bu xidmət bizdə var»

Azərbaycanın bölgələrində turizmin inkişafı artıq bir prioritet vəzifə kimi qarşıya qoyulub. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı layihələr həyata keçirilir, eyni zamanda yerli sahibkarlara lazımi şərait yaradılır. Bunun nəticəsidir ki, ölkəmizin bütün regionlarında ən yüksək standartlara cavab verən hotellər fəaliyyət göstərir.

Bugünlərdə qonaq olduğum Masallı rayonunda 3 ildən artıqdır fəaliyyət göstərən «Viləş» də belə hotellərdəndir. Baş menecer Səbinə İsmayıllı ilə söhbətimizdə hotelin fəaliyyəti, kadr məsələləri, bölgədə turizmin inkişaf səviyyəsi və digər məsələlər barədə danışdıq.
Qeyd edək ki, Səbinə İsmayıllı Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. Türkiyədə turizm sahəsi üzrə ikinci ixtisasa yiyələnib. 2004-cü ildən Azərbaycanda turizm sahəsində çalışır, 3 ilə yaxındır «Viləş» hotelinə rəhbərlik edir.

- Bir neçə il əvvəl regionlarda turizm bu səviyyədə inkişaf etməmişdi. Turizm obyektlərinin sayı və xidmət səviyyəsi indikindən qat-qat aşağı idi. Müasir standartlara cavab verən hotellər isə demək olar ki, çox az sayda idi. Təxminən 5 il əvvəl Türkiyənin turizm mərkəzlərinə təyyarə biletlərinin qiymətində artım oldu. Bu, əslində yerli turistlərin öz istirahətlərini bölgələrimizdə keçirməsi üçün bir vasitə idi. Bundan sonra Azərbaycan vətəndaşları regionlara axın etməyə başladılar. Yerli sahibkarlar da gördülər ki, insanların sayı çoxalır, daha səviyyəli, daha böyük hotellər tikməyə üstünlük verdilər. Beləliklə, regionlarda turizmin inkişafında bu sektorun təmsilçiləri daha çox maraqlı olmağa başladı. Artıq 3 ildir ki «Viləş» hotelində çalışıram və şahidi oluram ki, Masallıya gələn turistlərin sayı ildən-ilə artır. Bununla bərabər, turistlərin tələbkarlığı da artmağa başlayıb. Əvvəlcə insanlar onların tələblərini çox az səviyyədə yerinə yetirə bilən obyekt axtarırdılarsa, indi qaldıqları yerlərdə keyfiyyətə daha çox üstünlük verirlər. «Viləş» hotel açılmamışdan əvvəl burada fəaliyyət göstərən turizm mərkəzlərinin rəqabət apara biləcəkləri bir hotel yox idi. Onların hamısı demək olar ki, eyni xidmət və oxşar şəraitli gecələmə yerləri təklif edirdilər. Sahibkarlar belə düşünürdülər ki, elə belə də olmalıdır, çünki qonaq bundan artığına pul verməyəcək. Dünya standartlarına uyğun «Viləş» hoteli fəaliyyətə başladıqdan sonra isə çox maraqlı bir tendensiya yarandı. Artıq Masallıda istirahət edən turist qiymətə yox, keyfiyyətə üstünlük verməyə başladı. Gələn qonaqların bizim hoteli seçdiyini görən yerli sahibkarlar da rəqabətdə uduzmamaq üçün öz obyektlərini mümkün qədər standartlara uyğunlaşdırmağa başladılar. Artıq faktdır ki, təkcə Masallıda deyil, Azərbaycanın bütün regionlarında turizm sürətlə inkişaf etməkdədir.

- İnkişafda olan sahənin təmsilçiləri hər zaman müəyyən problemlərlə qarşılaşırlar. Sizin əsas probleminiz nə ilə bağlıdır?
- Təbii ki, problemlərimiz mövcuddur. Ən böyük çətinliyimiz isə kadrlarla bağlıdır. Bakıda yerləşən hotellərə nisbətən biz kadr məsələsində çox böyük çətinliklərlə qarşılaşırıq. Problemi həll etmək üçün məcbur oluruq kadrları özümüz yetişdirək.

- Siz turizm sahəsində çalışanlar üçün müxtəlif istiqamətlərdə kurslar təşkil edirsiniz. Bu kurslar kadr probleminin həllinə nə dərəcədə kömək edir?
- Bizim kurslarımız əsasən hotel menecmenti, marketinq, qeyd - qəbul, ofisiant, xadimə, bələdçi hazırlığı istiqamətindədir. Bundan başqa, mən öz hotelimdə çalışanlar üçün ayrıca treninqlər keçirəm.

- Hazırda Azərbaycanda turizm sahəsində mövcud olan çətinliklərdən biri də təlimçi-müəllimlərin sayının azlığıdır. Kurslara müəllim kimi kimləri dəvət edirsiniz?
- Kursları adətən Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Turizm İnstitutu ilə birgə təşkil edirik. Onlar bizə kurslara müəllimlərin cəlb edilməsində köməklik göstərirlər. Eyni zamanda müxtəlif qurumlar, o cümlədən Azərbaycan Gənclər Fondunun layihələri çərçivəsində yuxarıda qeyd etdiyim istiqamətlərdə bizim hoteldə kurslar təşkil edilir. Bu yaxınlarda belə kurslardan biri bələdçi ixtisası üzrə idi.

- Kurslara neçə nəfər cəlb olunur?
- Adətən kurslar 20 nəfərdən yuxarı qruplar üçün həyata keçirilir. Bir məqamı da qeyd edim ki, bu kurslara ali və orta təhsilli insanlar cəlb edilir. Bələdçi kurslarının iştirakçılarına Cənub regionu üzrə biliklər öyrədilir. Kurslarımız 4 rayonun - Astara, Lənkəran, Masallı və Cəlilabadın sakinləri üçün təşkil olunur və kurslarda çox zaman özüm də təlimçi kimi iştirak edirəm. Sonuncu kurslarımızda 4 istiqamət üzrə 80 nəfər dinləyici iştirak edib. Hesab edirəm ki, bu az rəqəm deyil.

- Səbinə xanım, yerli sahibkarlar, turizm obyektlərinin rəhbərləri öz əməkdaşlarını bu kurslara göndərməkdə maraqlıdırlarmı?
- Qarşılaşdığımız ən böyük çətinliklərdən biri də bununla bağlıdır. Bir müddət bundan əvvəl mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevlə də bu mövzu ilə bağlı söhbətimiz oldu. Qeyd olundu ki, yeni hazırlanmış «Turizm haqqında» qanuna bununla bağlı xüsusi bir müddəa əlavə edilsin və turizm obyektlərinin sahibləri öz əməkdaşlarını mütləq belə kurslara göndərsinlər. Əks halda, həmin obyektlərin lisenziyası əlindən alınsın. Bu təcrübə Türkiyədə də tətbiq olunur. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi kurslarda bu ölkədə fəaliyyət göstərən hotellərin əməkdaşlarının iştirakı vacibdir. Bizim Mədəniyyət və Turizm Nazirliyi bölgələr üzrə hər il Türkiyənin TİKA təşkilatı ilə birlikdə kurslar təşkil edir. Bu kurslar tamamilə ödənişsiz olsa da, yerli sahibkarlar bəzən öz əməkdaşlarının bu kurslarda iştirakına maraq göstərmirlər.

- Bütün bunları əsas götürərək demək olarmı ki, regional turizm peşə məktəblərinin yaradılmasına ehtiyac var?
- Bu olduqca vacib məsələdir. Bildiyim qədər Azərbaycanın yalnız Qəbələ rayonunda turizm peşə məktəbi fəaliyyət göstərir. Digər rayonlarda isə adi peşə məktəbləridir. Mən bir müddət bundan əvvəl Lənkərandakı peşə məktəbinin direktoru ilə əlaqə saxladım və orada turizm ixtisası üzrə təhsil alan şagirdlərin təcrübə üçün «Viləş» hotelinə götürmək istədiyimi bildirdim. Məlum oldu ki, bu peşə məktəbində umumiyyətlə, turizm ixtisası yoxdur. Bu məsələdə, fikrimcə, Təhsil Nazirliyi də bizə kömək etməlidir. Əgər Cənub bölgəsində turizm peşə məktəbi açılsa, mən orada böyük məmnuniyyətlə təlimçi kimi dərs də keçərəm. Üstəlik, təcrübə üçün orada təhsil alan şagirdləri «Viləş» hotelə cəlb edə bilərəm.

- Təcrübə keçmək üçün Turizm İnstitunun və yaxud ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil ocaqlarının turizm ixtisası üzrə təhsil alan tələbələri sizə müraciət edirmi?
- Hazırda Kiprdə təhsil alan bir tələbə bizdə təcrübə keçir, o, əslən Masallıdandır. Ötən il yay tətili boyunca bizdə işlədi, bu il isə oxuduğu universitetin qaydalarına əsasən təcrübə müddətindədir. Buna baxmayaraq, mən ona əməkhaqqı da ödəyirəm. Düşünürəm ki, bunun özü Azərbaycan turizmi üçün müsbət haldır. Çünki Kiprdə də artıq bilirlər ki, Azərbaycanın Masallı rayonunda «Viləş» kimi bir mehmanxana var və standartlara uyğun tələbə hazırlayır.

- Səbinə xanım, kadr seçimində nələrə üstünlük verirsiniz?
- Biz əsasən yerli gəncləri hotelimizə işə cəlb edir və kadr kimi özümüz yetişdiririk. Çünki hotel işi dinamiklik, cəldlik tələb edən bir sahədir. Təəssüf ki, bu günə qədər nə Turizm İnstitutunun, nə də digər ali məktəblərin turizm üzrə fakültələrinin məzunları bizə iş üçün müraciət etməyib. Bununla bağlı hətta elan da vermişik. Üstəlik, yüksək məvacib də təklif edirik. Masallıdan və digər cənub rayonlarından turizm ixtisası üzrə ali təhsil alanlar var. Amma onlar Bakıdakı hotellərdə işləməyə daha çox üstünlük verirlər.

- İl ərzində nə qədər qonaq qəbul edirsiniz?
- Qış aylarında çox az sayda qonaqlarımız olur. Onlar da rayonda keçirilən müxtəlif tədbirlərə gələnlərdir. Bizim əsas qonaqlarımız yayda gəlir. Bu yay mövsümündə iyul ayını çıxmaq şərtilə, hotelimiz 70-80 faiz dolu olub. «Viləş» hotel hazırda bir dəfəyə 120 qonağı qəbul edir. Hotelin özündə 45 otaq var. Digər yerlərimiz isə kotteclərdədir. Konfrans zalımız, restoranımız hər zaman turistlərin ixtiyarındadır. «Viləş» hotel çox böyük bir ərazidə yerləşir. Hotelin həyətində 300-dən artıq yaşı olan böyük bir palıd ağacı var. Bu ağacın digər nümunələri İsmayıllı və Hirkan qoruğunda mühafizə olunur. Eləcə də 150-200 yaşlı ağaclar var.

- Bütün standartlara cavab verən və yüksək səviyyəli xidmət təklif edən «Viləş» hotelinin belə az sayda turist qəbul etməsinin səbəbi nədir?
- Bu səbəb bizimlə bağlı deyil. Problemin ən böyüyü yoldur. Bakıdan Masallıya gələn magistral yol bir neçə rayonun içərisindən keçir. Bu isə insanları yorur. Hazırda yeni dairəvi yolun inşasına başlanıb. Həmin yol istifadəyə verildikdən sonra Bakıdan Masallıya daha tez və rahat gəlmək mümkün olacaq.
Digər tərəfdən, yalnız hoteldə qalmaqla iş bitmir. Turist gəzmək, görmək, regionun mədəniyyəti, tarixi ilə tanış olmaq istəyir. Bunun üçün tarixi yerlərə, abidələrə turlar təşkil etmək, bu abidələr haqqında qonaqlara məlumat vermək lazımdır. Bu baxımdan cənub regionu şimal-qərb regionu ilə rəqabət apara bilmir.

- Hotelinizdə hansı yeniliklərin olacağı gözlənilir?
- Hotelimizi daha da böyütmək və fəaliyyət dairəmizi genişləndirmək istəyirik. Hər yay mövsümündə hoteldə bir yenilik edirik. Bu il hotelimizin ərazisində böyük bir hovuz tikib istifadəyə verdik. Gələn il qış üçün də belə bir korpus tikmək niyyətindəyik. Bu korpus spa mərkəzi olacaq. Masallı, məlum olduğu kimi, istisuyu ilə tanınır. Rayon ərazisində yeraltı qaynaqlar çoxdur. Bunların keyfiyyəti azalmadan daşınması üçün müxtəlif texnikalardan istifadə etmək mümkündür. Türkiyənin Afyon istirahət mərkəzində bu təcrübədən istifadə olunur. Belə bir mərkəzin tikilməsi layihəsi üzərində xeyli vaxtdır işləyirik. İnşallah, gələn il bunu həyata keçirməyi nəzərdə tuturuq.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar