Bölgələrə təşkil olunan tur-aksiyalar məktəblilərdə zəngin təəssürat yaradır

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası davam edir. Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşan layihə Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və İsmayıllı-Qəbələ-Şəki istiqamətlərində həyata keçirilir. Avqustun 1-dən start götürən layihə çərçivəsində ölkənin müxtəlif rayonlarını təmsil edən IX-XI sinif şagirdlərindən ibarət qruplar qeyd olunan üç marşrut üzrə tarixi məkanlara baş çəkib, maddi-mədəniyyət abidələrini ziyarət ediblər.

Şəki ilə tanışlıq gənclərə unudulmaz anlar bəxş edib

Maarifləndirici tur-aksiyaya qoşulan Ağcabədi və Zərdab rayonlarının məktəblilərindən ibarət qruplar ölkəmizin şimal-qərb bölgəsinə ekskursiyaları çərçivəsində İsmayıllı və Qəbələ rayonlarının tarixi məkanları və görməli yerləri ilə tanışlıqdan sonra avqustun 20-də Şəkiyə gəliblər.
Qonaqlara Şəkinin tarixi, mədəniyyəti və turizm potensialı barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biridir. İki il əvvəl şəhərin 2700 illiyi böyük təntənə ilə qeyd olunub. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri ilə məşhur olan Şəki, həm də ölkəmizin mühüm turizm mərkəzlərindən biridir. Ötən il bu diyara 100 minə yaxın yerli və xarici turist gəlib. Hazırda Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var.
Tur-aksiyanın bütün iştirakçılarına son illər Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olunub.
Sonra məktəblilərin qədim və əsrarəngiz Şəki ilə tanışlığı başlayıb. Şəki xanlarının sarayı, “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, “Sənətkarlar evi”, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi şagirdlərə unudulmaz anlar bəxş edib.

Dahi söz ustadının məqbərəsində

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları olan Astara və Lerik məktəbliləri Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə avqustun 20-də Gəncədə dahi söz ustadı Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Məqbərəni əhatə edən ərazini gəzən məktəblilər görkəmli şairin 870 illik yubileyi ərəfəsində aparılan abadlıq və yenidənqurma işləri ilə tanış olublar. Nizami muzeyində şairin yaşadığı dövrü əks etdirən eksponatlara baxan Astara və lerikli şagirdlər məqbərə qarşısında xatirə şəkli çəkdiriblər.
Sonra şəhərin mərkəzindəki Şah Abbas məscidində, Cavad xan türbəsində, “Çökək hamam” və Karvansarayda olan şagirdlərə bu tarixi-memarlıq abidələri haqqında ətraflı məlumat verilib.

* * *
Astara və Lerik rayonlarının məktəbliləri avqustun 21-də Şəmkir rayonuna gəliblər. Burada sagirdlər rayonla tanışlığa arxeoloji qazıntılar zamanı Muxtariyyə kəndi ərazisində aşkar edilmiş qədim Şəmkir şəhər qalasından başlayıblar.
Qədim Şəmkir şəhərinin qalıqları ilə tanışlıqdan sonra sagirdlər Gənclər Mərkəzində olublar. Tur-aksiya iştirakçılarının Şəmkir ilə tanışlığı Bayraq Muzeyində davam etdirilib. Burada Azərbaycanın müxtəlif dövrlərdə mövcud olan bayraqları haqqında sagirdlərə ətraflı məlumat verilib.
Heydər Əliyev Mərkəzində olan məktəblilər ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərə maraqla baxıblar.
Sonra Göygöl rayonuna gələn məktəblilər Heydər Əliyev parkının qarşısında hərarətlə qarşılanıblar. Onlara məlumat verilib ki, ümummilli liderin adını daşıyan bu park iki ildir əsaslı təmir və yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib. Burada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gənclər Mərkəzi, kinoteatr, açıq idman meydançası və digər əyləncə məkanları inşa edilib.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzini də ziyarət ediblər. Qeyd olunub ki, burada 3D formatlı kinoteatr, elektron kitabxana, internet-kafe, intellektual oyun zalı və s. rayon sakinlərinin ixtiyarındadır. Şagirdlər burada vaxtilə almanların yaşadıqları evlərin yerləşdiyi küçələrdə, Lüteran kilsəsində, həmçinin sonuncu alman Viktor Klaynın ev-muzeyində də olublar.

Gəncə və Mingəçevir məktəbliləri Qusarda

Gəncə və Mingəçevir məktəblilərindən ibarət qruplar avqustun 20-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Kompleksin tikintisi ölkəmizdə dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza xarici turistlərin marağını artırır.
Məktəblilər kompleksdə yay istirahəti üçün nəzərdə tutulan xidmətlərdən yararlanıblar. Kanat yolları ilə səyahət və dağ gəzintisi onların marağına səsəb olub.
Sonra tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində, Qusar Tarix-Diyarşünaslıq Muzeyində, rəsm qalereyasında, Bayraq Meydanında rayonun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsində olub, zəngin təəssürat alıblar.
Qədim və müasir Qəbələ şəhəri Ağcabədi və Zərdab məktəblilərini heyran edib.
İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə tur-aksiyada iştirak edən Ağcabədi və Zərdab rayonlarının məktəblilərindən ibarət iki qrup avqustun 20-də Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar.
Məktəblilərin Qəbələ ilə ilk tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başlayıb. Şagirdlərin diqqətinə çatdırılıb ki, gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərmək mümkündür. Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
Ekskursiya iştirakçıları rayon tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.
“Beltmann” piano fabrikində istehsal prosesini yaxından izləyən məktəblilərin diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” alban kilsəsinə böyük maraqla baxıblar. Şagirdlər həmçinin Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə maraqlanıblar.
Qonaqlar Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” hotelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.

* * *
Avqustun 21-də qədim Şəkiyə gələn Ağcabədi və Zərdab rayonlarının məktəbliləri şəhərin yuxarı hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğuna baş çəkiblər. Qoruğu əhatələyən əzəmətli qala divarları - Narınqala məktəblilərin böyük marağına səbəb olub. Məlumat verilib ki, qala divarlarının Çələbi xanın dövründə, təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal olunur. Məktəbli gənclər qala divarlarının qarşısında xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, bu saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. 1761-1762-ci illərdə inşa edilən sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları məktəblilərin böyük marağına səbəb olub. Bildirilib ki, bu çinarlardan ən böyüyünün hündürlüyü 42, gövdəsinin diametri isə 13,5 metrdir.
Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları bu ərazidə yerləşən “Yay teatrı”na gəliblər. Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkil etdiyi maraqlı konsert proqramı məktəblilərdə xoş əhval-ruhiyyə yaradıb. Onlar doyunca rəqs edib, əyləniblər.
Qədim və müasir Şəki ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb.

Qubadan xoş xatirələr

Avqustun 21-də Gəncə və Mingəçevir məktəblilərindən ibarət qruplar “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba rayonunun görməli yerləri ilə tanış olublar.
Məktəblilərin Qubaya ekskursiyası dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbədən başlayıb. Qonaqlar qəsəbədə salınan Heydər Əliyev parkı, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar. Bildirilib ki, Azərbaycanda bütün azsaylı xalqlara, dini azlıqlara hörmətlə yanaşılır. Burada yaşadıqları müddətdə dağ yəhudiləri daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunublar.
Tur-aksiya iştirakçıları Cümə məscidini də ziyarət ediblər. Onlara məlumat verilib ki, zəngin memarlıq üslubuna malik məscid 1802-ci ildə tikilib. Dini məbədin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olub.
Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.
Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında daha çox məlumat almağa çalışıblar.
Günün ikinci yarısında Gəncə və Mingəçevir məktəblilərindən ibarət qruplar Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.
Daha sonra tur-aksiyanın iştirakçıları "Rixos Quba Azerbaijan" hotel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar