Türk dilinin ən qədim lüğəti mədəniyyətləri və tarixi birləşdirən körpüdür

 

Türk dünyasının ən qiymətli kitablarından biri – Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunub.

Dekabrın 13-də təşkilatın Parisdəki mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə milli komissiyalarının təşəbbüsü, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də UNESCO yanında daimi nümayəndəliklərin birgə təşkilatçılığı ilə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransa Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev moderatorluq edib.

Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ortaq türk mədəni irsinin ən qiymətli əsərlərindən olan “Divanü lüğat-it-türk”ün 950 illiyinin UNESCO çərçivəsində qeyd olunmasının əhəmiyyətindən, bu əsərin tarixi mahiyyəti və hazırda mədəniyyətlərarası dialoqda oynadığı rolundan söz açıb.

UNESCO baş direktorunun müavini Firmin Eduard Matoko çıxışında Mahmud Kaşğarinin əsərinin təkcə Türk dünyası deyil, həm də qlobal mədəni irs üçün önəmini vurğulayıb, 950 yaşlı lüğəti türk xalqlarının tarixini əks etdirən ensiklopediya adlandırıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, institutun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri dosent Vəfa Abdullayeva-Nəbiyeva “Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda tədqiqi, Azərbaycan dilinə tərcüməsi və nəşri haqqında ətraflı məlumat veriblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” kəlamını xatırladaraq, beynəlxalq konfransın məhz bu fikrin davamı olduğunu diqqətə çatdırıblar.

Tədbir çərçivəsində orijinalı İstanbulda Ali Emiri Efendi kitabxanasında saxlanılan “Divanü lüğat-it-türk”ün xüsusi hazırlanmış replikası, eləcə də əsərin tarixini və Mahmud Kaşğariyə dair məlumatları özündə əks etdirən stendlər nümayiş olunub.

Qeyd edək ki, Mahmud Kaşğarinin tərtib etdiyi (1074-cü il) “Divanü lüğat-it-türk” (Türk ləhcələri və dilləri məcmuəsi) əsərinin 950 illiyi 2024–2025-ci illər üçün UNESCO-nun əlaqəli ildönümləri siyahısına daxil edilib. Bu qərar 2023-cü ildə UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın birgə təklifi əsasında Macarıstan, Mavritaniya, Mərakeş, Qətər və Tacikistanın dəstəyi ilə qəbul olunub.

Tədbirdə Türk dövlətlərinin Parisdə akkreditə olunmuş səfirləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Macarıstan və digər ölkələrdən alimlər, beynəlxalq qurumların nümayəndələri, Türk dünyasının tanınmış ziyalıları iştirak və çıxış ediblər.

UNESCO yanında daimi nümayəndə E.Abdullayev konfransda yekun çıxış edərək, “Divanü lüğat-it-türk”ün linqvistik şedevrdən qat-qat artıq, mədəniyyətləri, dilləri və tarixi birləşdirən körpü olduğunu bildirib.

Sonda UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə nəşr edilmiş “Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” kitabının təqdimatı olub.