Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir. Avqustun 1-də start verilən ekskursiyalar üç istiqamətdə - Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və İsmayıllı-Qəbələ-Şəki marşrutları üzrə gerçəkləşir. Ümumilikdə tur-aksiyada respublikanın 67 şəhər və rayonundan 14 minə yaxın IX-XI sinif şagirdi iştirak edir.
Gəncədən Göygölədək
Ötən həftəsonu Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Masallı, Yardımlı və Lerik rayonlarının məktəbliləri bu bölgələrin zəngin tarixi-mədəni irsi, görməli yerləri, turizm imkanları ilə tanış olublar. Şagirdlər qədim Gəncənin tarixi-mədəniyyət abidələri, qoşa qala qapıları, buradakı arxeologiya-etnoqrafiya muzeyi və digər məkanlarla tanışlıqdan sonra avqustun 24-də Şəmkir və Göygölə səfər ediblər. Şəmkir rayonu ilə tanışlıq orta əsr Şəmkir qalasına ekskursiya ilə başlayıb. Gənclər Mərkəzində şagirdlərə burada asudə vaxtın təşkili ilə bağlı keçirilən tədbirlər barədə məlumat verilib. Ekskursiyanın növbəti ünvanı Heydər Əliyev Mərkəzi olub. Məktəblilər rayon mərkəzində aparılan abadlıq və quruculuq işləri ilə də tanış olublar.
Göygöl rayonunda şagirdlər Olimpiya İdman Kompleksi, Bayraq meydanı, Dövlət rəmzləri muzeyi, Gənclər Mərkəzi və digər məkanlarla maraqla tanış olublar. Göygöl şəhərinin (keçmiş Helenendorf) əsasının XIX əsrin əvvəlində buraya köç etmiş almanlar tərəfindən qoyulması, vaxtilə almanlar tərəfindən salınan altı küçələr, inşa edilən tikililər və s. barədə məlumatlar məktəblilərdə dərin təəssürat yaradıb.
Avqustun 25-də Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə növbəti ekskursiyaya start verilib. Bu dəfə tur-aksiyada Cəlilabad və Biləsuvar məktəbliləri iştirak edirlər.
Ekskursiya iştirakçıları əvvəlcə Gəncəyə gəliblər. Heydər Əliyev parkının qarşısında mehribanlıqla qarşılanan məktəblilərə Gəncənin tarixi, mədəniyyəti, turizm potensialı barədə qısa məlumat verilib. Bildirilib ki, ölkəmizdə ən qədim yaşayış məskənlərindən olan Gəncənin 4 min ildən artıq yaşı var. Tarixi İpək Yolu üstündə yerləşən qədim şəhər çox əhəmiyyətli tarixi-memarlıq abidələri ilə zəngindir. Dünya mədəniyyətinə Nizami Gəncəvi kimi mütəfəkkir şair bəxş edən Gəncədə turizm ildən-ilə inkişaf etdirilir. İndi bu şəhər beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Qazanılan bütün bu uğurların simvolu olaraq Heydər Əliyev parkının girəcəyində 43 metr hündürlüyündə Zəfər tağı inşa edilib. Məktəblilər sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Biləsuvar şagirdlərindən ibarət qrupun rəhbəri, rayonun Zəhmətabad kənd orta məktəbinin direktoru Azər Hümbətov təəssüratını belə ifadə edib: “Gəncədə axırıncı dəfə 1981-ci ildə olmuşam. Şəhərə daxil olanda gözlərimə inanmadım. Geniş və abad küçələr, yaraşıqlı binalar, yaşıllıqlara bürünmüş park və xiyabanlar məni heyran etdi”.
Avqustun 26-da Cəlilabad və Biləsuvar məktəbliləri Gəncənin tarixi-memarlıq abidələri, görməli yerləri ilə yaxından tanış olublar, Nizaminin məqbərəsinə, Şah Abbas məscidinə, Cavad xan türbəsinə baş çəkiblər. Şagirdlər “Çökək hamam” tarixi-memarlıq abidəsində təşkil edilmiş Gəncə rəssamlarının əl işlərindən ibarət sənət əsərlərinə də baxıblar. Sonra Xan bağına gələn şagirdlər burada istirahət edərək əyləniblər, həmyaşıdları ilə söhbət ediblər.
Şimal bölgəsinə ekskursiyadan zəngin təəssürat
Digər bölgələrdən məktəblilərin qədim Gəncə ilə tanış olduğu günlərdə, Gəncə şagirdlərinin qrupu da ölkəmizin şimal bölgəsinə - Quba-Qusar-Xaçmaz marşrutu üzrə səfərə çıxıblar. Bu tur-aksiyada Mingəçevir, Balakən və Samux məktəbliləri də iştirak ediblər.
Avqustun 22-də Xaçmaz şəhərinə gələn məktəblilər görkəmli şair və yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin büstlərinin ucaldığı, açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ilə böyük maraqla tanış olublar. Ekskursiya iştirakçıları muzey-parkı gəzib xatirə şəkilləri çəkdiriblər. Sonra Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyi ziyarət olunub. Məktəblilərin diqqətinə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən çoxlu sayda eksponat var. Muzeydə tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Məktəblilər Xaçmaz Xalça Muzeyi və Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Çənlibel parkına gəliblər.
Tur-aksiya iştirakçılarının Qusar rayonuna səfəri də maraqlı keçib. Səfər Qusar şəhərinin girəcəyində inşa olunan Dövlət Bayrağı Meydanından başladı. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır. Məktəblilər yüksəklikdən Qusar şəhərinin panoramına tamaşa edib və xatirə şəkilləri çəkdiriblər.
Sonra tur-aksiyanın iştirakçıları “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar. Onlara kompleksdə yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib. Məktəblilər kompleksdə yay istirahəti üçün nəzərdə tutulan xidmətlərindən yararlanıblar. Kanat yolları ilə səyahət və dağ gəzintisi onların daha çox xoşuna gəlib.
Məktəblilər Heydər Əliyev Mərkəzi, Qusar Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası ilə də tanış olub, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini ziyarət ediblər.
Avqustun 25-də isə Zaqatala və Qax məktəblilərinin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başlanıb. Məktəblilərin yolasalma mərasimlərində çıxış edənlər Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bu layihənin dövlətimizin gənc nəslə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildiriblər. Bildirilib ki, tur-aksiyaya yeni qoşulan Zaqatala rayonunun məktəbliləri də dörd gün ərzində ölkənin şimal bölgəsinin rayonları ilə yaxından tanış olacaq, tarixi məkanlara, muzeylərə baş çəkəcək, görməli yerləri gəzəcək, özlərinə yeni dostlar, tanışlar tapacaqlar.
Rayon rəhbərliyinin, valideynlərin xeyir-duasından sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusa əyləşərək yola düşüblər. Dörd gün davam edəcək ekskursiya proqramına Quba şəhərində Cümə məscidi, “Qədim Quba” xalçaçılıq müəssisəsi, Gənclər Mərkəzi, Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq, ölkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbəyə səfər, “Cənnət bağı” istirahət mərkəzində istirahət, eləcə də Qusar və Xaçmaz rayonlarının gəzməli-görməli yerlərinə səfərlər daxildir.
İsmayıllı-Qəbələ-Şəki marşrutu
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Kürdəmir və Tərtər rayonlarından olan iştirakçıları ötən həftəsonu İsmayıllı-Qəbələ-Şəki marşrutunda səfərdə olublar. Qəbələdəki “Qafqaz Yeddi Gözəl” hotelində qarşılanan və yerləşdirilən şagirdlər rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəniyyət abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olublar.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi şagirdlərdə böyük maraq doğurub. Onlar kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkilləri çəkdiriblər. Tur-aksiyanın iştirakçıları Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Məktəblilər “Beltmann” piano fabrikində istehsal prosesini izləyib, Nic qəsəbəsində “Cotari” alban kilsəsinə baş çəkiblər.
Sonra ekskursiya qədim Şəkidə davam edib. Burada şagirdlər əvvəlcə Şəki xanlarının sarayında olublar. Aksiya iştirakçılarına məlumat verilib ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Şəkinin bənzərsiz mədəniyyət abidələrinə heyran qalan böyük türk şairi və yazıçısı Nazim Hikmət vaxtilə belə yazmışdı: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı belə, təkcə Şəki xanlarının sarayını dünyaya göstərmək bəs edərdi...”
Sarayla tanışlıqdan məmnun qalan tur-aksiya iştirakçıları tarixi abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Məktəblilər sonra Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər. 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Buradakı qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Məlumat verilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlib.
Tur-aksiya iştirakçıları “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisini gəzib, Şəki sənətkarlarının əl işlərinə tamaşa edib, ərazidəki “Yay teatrı”nda təşkil olunmuş maraqlı konsert proqramını izləyiblər. XVIII əsrin sonunda Şərq memarlığı üslubunda tikilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da məktəblilərin ürəyincə olub.
Şəkinin dəyərli tarixi abidələrindən biri Kiş kəndindəki qədim alban məbədidir. Abidəni maraqla seyr edən tur iştirakçılarına məlumat verilib ki, o, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub və erkən orta əsrlərdə tikilən ilk günbəzli məbəddir.
Avqustun 25-də isə Bərdə rayonundan və Naftalan şəhərindən olan məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola düşüblər.
Məktəblilər öncə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəliblər, XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olan qəsəbədə misdən hazırlanan, mürəkkəb və incə naxışlarla bəzədilən əl işlərinə tamaşa ediblər. Lahıc Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən maddi-mədəniyyət nümunələri, qəsəbənin tarixi, insanların əsas məşğuliyyəti barədə məlumatlar məktəblilərin marağına səbəb olub.
İsmayıllı ilə tanışlıqdan sonra məktəblilər axşam saatlarında Qəbələyə gəliblər. Avqustun 26-da ekskursiya iştirakçıları rayondakı əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. “Qafqaz Yeddi Gözəl” hotelində yerləşdirilən şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.