Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə orta məktəblərin yuxarı sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının əhatə dairəsi genişlənməkdədir. Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və İsmayıllı-Qəbələ-Şəki marşrutları üzrə gerçəkləşən ekskursiyalara hər həftə müxtəlif rayon və şəhərlərdən qruplar qoşulur.

Gəncə-Şəmkir-Göygöl marşrutu

Xəbər verdiyimiz kimi, tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Cəlilabad və Biləsuvar rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət iki qrup avqustun 26-da Gəncənin tarix-mədəniyyət abidələri, görməli yerləri ilə tanış olublar. Ertəsi gün məktəblilərin ekskursiyası Göygöl və Şəmkir rayonlarında davam edib.
Avqustun 28-də isə bu marşrutla Neftçala və Salyan məktəbliləri səfərə çıxıblar. Şagirdlər Gəncənin tarixi-memarlıq abidələri, görməli yerləri ilə tanış olublar, Nizaminin məqbərəsinə, Şah Abbas məscidinə, Cavad xan türbəsinə baş çəkiblər. “Çökək hamam” tarixi-memarlıq abidəsi ilə tanışlıq da onlarda böyük maraq yaradıb. Xan bağına gələn şagirdlər burada istirahət edib, gəncəli həmyaşıdları ilə ünsiyyət qurublar.
Avqustun 29-da ekskursiya Göygöl rayonunda davam edəcək. Şagirdlər burada Bayraq meydanı, Dövlət rəmzləri muzeyi, Gənclər Mərkəzi və digər məkanlarla tanış olacaq, Göygöl şəhərinin (keçmiş Helenendorf) tarixi haqqında məlumat alacaqlar.

Qədim Şəki tur-aksiyanın növbəti iştirakçılarını qəbul edib

“Ölkəmizi tanıyaq” tur-aksiyasına yeni qoşulan Bərdə və Naftalan məktəbliləri respublikamızın şimal-qərb bölgəsinə səfər proqramına uyğun olaraq İsmayıllı və Qəbələ rayonlarının tarixi məkanları ilə tanışlıqdan sonra qədim Şəki diyarına gəliblər. Məktəblilər avqustun 27-də Şəkinin tarixi məkanları və muzeyləri ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər. Şəhərin qədim tarixi hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gələn tur-aksiya iştirakçıları əvvəlcə burada yerləşən Şəki xanlarının sarayı ilə tanış olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib. Tur-aksiya iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Sonra qoruğun ərazisində yerləşən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində olan məktəblilərə məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəzən şagirdlərin diqqətinə çatdırılıb ki, ərazidə dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var. Tur-aksiya iştirakçıları qoruğun ərazisindəki Yay teatrında Şəkinin musiqi kollektivlərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər.
XVIII əsrin sonunda Şərq memarlığı üslubunda tikilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da məktəblilər tərəfindən maraqla qarşılanıb.
Səfər proqramına uyğun olaraq tur-aksiyanın iştirakçıları daha sonra Şəkinin digər tarixi məkanlarına baş çəkib, şəhərin görməli yerlərini gəziblər.

Ucar və Yevlax məktəbliləri İsmayıllı-Qəbələ-Şəki yolunda

Avqustun 28-də Yevlax şəhərində rayonun məktəblilərindən ibarət qrupun İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib. Qrupun rəhbəri, rayon Təhsil Şöbəsinin məsləhətçisi Etibar Məmmədov şagirdlərin dörd gün ərzində İsmayıllı, Qəbələ və Şəki rayonlarının təbiəti, tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olacaqlarını bildirib: “Məktəbdə şagirdlərə Vətənimizin tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı biliklər verilir. Ancaq, necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Tur-aksiyanın şagirdlərin dünyagörüşünün formalaşmasında rolu böyükdür”.
Həmin gün Ucar rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup da 5 nəfər bələdçinin müşayiəti ilə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola salınıb. Mərasimdə çıxış edənlər yay tətili günlərində məktəblilərin asudə vaxtlarının səmərəli keçməsinə xidmət edən tur-aksiyanın ölkəmizin ayrı-ayrı bölgələrini tanımaq baxımından əhəmiyyətli olduğunu, bu səfərin maarifləndirici xarakter daşıdığını söyləyiblər.
Məktəblilər marşrut boyunca ilk olaraq İsmayıllı rayonuna səfər ediblər. Lahıc qəsəbəsində misgərlik sənəti emalatxanaları, buradakı Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən maddi-mədəniyyət nümunələri ilə tanışlıq onların marağına səbəb olub.

Quba Soyqırımı Memorial Kompleksi qan yaddaşımızı yaşadır

Tur-aksiya çərçivəsində şimal bölgəsinə ekskursiya edən Zaqatala və Qax məktəblilərindən ibarət qruplar avqustun 27-də Quba rayonunun görməli yerləri ilə tanış olublar. Ölkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbəni, Quba şəhərindəki Cümə məscidini ziyarət edən məktəblilər, şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində də olublar, burada xalçanın toxunması prosesini izləyiblər.
Məktəblilər Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edərkən duyğulu anlar yaşanıb. Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci ildə ərazidə torpaq işləri görülərkən aşkar edilib. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Memorial kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Günün ikinci yarısında Zaqatala və Qax məktəblilərindən ibarət qruplar Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.
Zaqatala və Qax məktəblilərindən ibarət qrupların ekskursiyası Xaçmaz rayonunda davam edib.

Şəki və Oğuz məktəbliləri ölkənin şimal bölgəsində

Avqustun 28-də maarifləndirici tur-aksiyaya yeni qoşulan Şəki məktəblilərinin ölkənin şimal bölgəsinə yola salınması mərasimi keçirilib. Mərasimdə şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bir aya yaxındır ki, davam edən aksiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, layihənin əsas məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaq, onlarda vətənpərvərlik hislərinin artırılmasına nail olmaqdır. Layihə çərçivəsində indiyədək respublikamızın 13 şəhər və rayonunun məktəbliləri Şəkidə ekskursiyada olublar. İndi isə Şəki məktəbliləri də bu aksiyanın iştirakçılarına çevrilirlər. Rayonun məktəblərindən seçilən ən fəal 40 nəfər şagird dörd gün ərzində ölkəmizin şimal bölgəsinin tarixi məkanları ilə yaxından tanış olacaq, muzeylərə baş çəkəcək, görməli yerlərini gəzəcəklər.
Həmin gün Oğuz məktəblilərinin də ölkənin şimal bölgəsinə yola salınması mərasimi keçirilib. Mərasimdə vurğulanıb ki, layihə şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin daha da zənginləşməsinə, ölkə gənclərinin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verəcək.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola düşüblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar