Olaylar, faktlar (16 – 22 dekabr)
70 il əvvəl...
19 dekabr 1954-cü ildə Parisdə Avropa Şurası ölkələrinin hökumət başçıları tərəfindən “Avropa mədəniyyət Konvensiyası” imzalanıb. Konvensiya 5 may 1955-ci ildə qüvvəyə minib.
61 il əvvəl...
21-22 dekabr 1963-cü ildə Kiprdə yunan silahlı dəstələri türk əhalisinə qarşı basqınlar həyata keçiriblər. Afinanın dəstək verdiyi EOKA təşkilatının silahlıları yüzlərlə türkü qətlə yetiriblər. Bu qırğınlar tarixə “Qanlı Milad” adı ilə düşüb. Yunan və türk icmalarının təmsilçiliyi ilə qurulan (1960) konfederativ dövlət süqut edib.
38 il əvvəl...
16 dekabr 1986-cı ildə Qazaxıstanda kütləvi antisovet çıxışı olub. Moskva tərəfindən Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə rus Q.Kolbinin təyin edilməsi Almatıda tələbələrin kütləvi aksiyasını doğurub. Aksiyalar üç gün sürüb və hərbi qüvvə tətbiqi ilə yatırılıb. Qazaxıstan müstəqilliyini elan edəndən sonra 16 dekabr Milli Dirçəliş Günü kimi qeyd edilir.
35 il əvvəl...
16 dekabr 1989-cu ildə Rumıniyanın macarlar yaşayan Timişoare şəhərində Nikolae Çauşeskunun kommunist diktaturasına qarşı üsyan başlayıb. Çauşesku etirazları yatırmaq üçün qoşun hissələri göndərdi, yüzlərlə insan həlak oldu. Lakin inqilabı yatırmaq mümkün olmadı və bir həftə içində Çauşesku rejimi süqut etdi. 25 dekabrda o, həyat yoldaşı Yelene Çauşesku ilə birlikdə edam edildi.
33 il əvvəl...
21 dekabr 1991-ci ildə Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Bəyannamə imzalanıb. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Azərbaycan, Ermənistan və Moldova 8 dekabrda Rusiya-Ukrayna-Belarus üçlüyünün imzaladığı “Belovejsk sazişi”nə (SSRİ-yə xitam verilməsi) qoşulublar. Azərbaycanda parlament Almatıda Bəyannaməsini ratifikasiya etmədi və ölkəmiz iki il sonra, 1993-cü ilin 24 sentyabrında MDB-yə rəsmən üzv oldu. Həmin ilin dekabrında Gürcüstan da MDB-yə qoşuldu.
31 il əvvəl...
22 dekabr 1993-cü ildə Ermənistanın işğalçı qüvvələrinin hücumlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Füzuli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçiblər. Uğurlu əməliyyat nəticəsində 1994-cü il yanvarın əvvəlində rayonun bir sıra kəndləri və Horadiz qəsəbəsi işğaldan azad edildi.
27 il əvvəl...
18 dekabr 1997-ci ildə Prezident Heydər Əliyev “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.
10 il əvvəl...
18 dekabr 2014-cü ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi (2018-ci ildən Mədəniyyət Nazirliyi) yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.
Hazırladı: V.Orxan