Milli Kitabxananın dövri mətbuat arxivindən (31)
İllər öncə, çap mediasının informasiya vasitəsi kimi aparıcı rol oynadığı, Lenin yoldaşın dediyi kimi, qəzetlərin kollektiv təbliğatçı, təşviqatçı, hətta kollektiv təşkilatçı olduğu dövrdə, qəzet redaksiyaları müxtəlif mövzularda dəyirmi masalar (o vaxtlar “dəyirmi stol” deyirdilər), ictimai müzakirələr təşkil edirdi. “Mədəniyyət” (eləcə də “Ədəbiyyat”) qəzetinin sələfi sayıla biləcək “Ədəbiyyat və incəsənət” qəzetində (Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar İttifaqının birgə mətbu orqanı) də belə müzakirələr keçirilirdi.
Mətbuat xronikasında bu dəfə 41 il əvvələ qayıdırıq. “Ədəbiyyat və incəsənət” qəzetindən seçmələr. Dövrün orfoqrafiyası saxlanılıb...
Müasirlik və tarixilik: son dövr tarixi nəsrimiz haqqında
Bu günlərdə “Ədəbiyyat və incəsənət” qəzeti Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə son illərdə yaranmış tarixi nəsr əsərlərinin “dəyirmi stol” ətrafında müzakirəsini keçirmişdir.
Müzakirəni respublika Yazıçılar İttifaqı tənqid və ədəbiyyatşünaslıq bölməsinin rəhbəri, filologiya elmləri doktoru Yaşar Qarayev giriş sözü ilə açmışdır. Filologiya elmləri namizədi Akif Hüseynov müzakirə olunan mövzu ilə əlaqədar məruzə etmişdir.
Sonra filologiya elmləri doktoru, professor Qulu Xəlilov, respublika EA-nın müxbir üzvü Mahmud İsmayılov, filologiya elmləri namizədləri Vilayət Quliyev, Rəhim Əliyev, Vəli Osmanlı, Şamil Salmanov, Şirindil Alışanov və Nazif Qəhrəmanov çıxış etmişlər. Ədəbiyyat institutunun direktoru, respublika EA-nın müxbir üzvü Əziz Mirəhmədov söhbətə yekun vurmuşdur.
“Əİ”nin gündəliyi
Oktyabr (Bakının indiki Yasamal rayonu – red.) Rayon Partiya Komitəsində partiya-təsərrüfat fəalları və partiya veteranlarının “Azərbaycanfilm” studiyasının “İlıq dənizdə buz parçası” (ssenari müəllifi Pavel Fin, quruluşçu rejissor Yuli Qusman, quruluşçu operator Valeri Kərimovdur) televiziya filminin yaradıcı heyəti ilə görüşü olmuşdur. Görüşü giriş sözü ilə Oktyabr Rayon Partiya Komitəsinin birinci katibi Səyavuş Əliyev açaraq partiya veteranlarının keçdiyi şanlı həyat yolundan danışdı, ədəbiyyat və incəsənət işçilərinə bu mətin insanların həyat və yaradıcılığını əks etdirən yeni-yeni əsərlər yaratmağı arzuladı.
Kinostudiyanın direktoru Cəmil Əlibəyov onun “Qış macəraları” povesti əsasında yaradılmış bu filmdə qocaman kommunist obrazını canlandırdıqları üçün filmin yaradıcılarına minnətdarlığını bildirdi.
Baş rolun ifaçısı Həsən Turabov əməksevər, prinsipial, mətin qocaman kommunist, partiya veteranı usta Nəzər obrazına necə məhəbbətlə yanaşdığını və bu rolun onun üçün müqəddəs olduğunu dedi.
Əsas rollardan birinin ifaçısı Həsən Məmmədov da film üzərindəki işindən danışdı.
Film ekranda canlandırıldıqdan sonra müzakirələr başlandı. 1920-ci ildən Sov.İKP üzvləri – respublika İnqilabi Şöhrət Şurasının sədri Bahadur Rzayev, tarix elmləri doktoru, Azərbaycan Dövlət Universitetinin professoru Yusif Yusifov, qocaman kommunist, tədqiqatçı Qulam Məmmədli, teatrşünas İlham Rəhimli, 1 nömrəli tikiş fabrikinin işçisi Səyyarə Cəfərova öz təəssüratlarını söylədilər.
Axırda S.Əliyev partiya veteranları adından yaradıcı heyətə təşəkkürünü bildirdi.
***
D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Dövlət İqtisad Universiteti – red.) aşıqlar gecəsi keçirilmişdir. Gecədə institutun dosenti V.Məmmədov aşıq sənətinin ədəbiyyatımızın inkişafında oynadığı roldan danışmışdır.
Respublika Aşıqlar Birliyinin sədri, şair H.Arif aşıqların IV qurultayına hazırlıqla əlaqədar görülən işlər barədə məlumat vermişdir.
İnstitutun Azərbaycan dili kafedrasının müdiri M.Əliyev aşıq şerlərinin xüsusiyyətindən söz açmışdır.
Gecədə Aşıq Alı adına Bakı aşıqlar ansamblının üzvlərindən R.Məmmədov, U.Quliyeva, A.Həsənov, Ə.İbrahimov, balabançalan Ə.Cavadov çıxış etmişlər.
“Ədəbiyyat və incəsənət” qəzeti,
16 dekabr 1983-cü il