Avqustun 24-dən 31-dək Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə səfərdə olub.
Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan «Aviareps Tourism GmbH» şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində reallaşan səfər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədi daşıyıb.
Səfər çərçivəsində almaniyalı heyət Azərbaycanın turizm şirkətlərinin və hotellərin təmsilçiləri ilə görüşüb. Görüşdə «Geo-travel», «İmprotex travel», «ENC tours», «SW travel», «Regeatravel», «Proxy travel», «Victorytour» şirkətlərinin və «JW Marriott Absheron Baku», «Austin», «Central Park», «Park İNN» mehmanxanalarının nümayəndələri iştirak ediblər. Turist mübadiləsinə dair danışıqlar aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qonaqlar həmçinin Bakıdakı brend mehmanxanalarla - «JW Marriott Absheron Baku», «Fairmont Baku», «Hyatt Regency Baku», «Jumeirah Bilgah Beach», «Kempinski Hotel Badamdar» və «Four Seasons Baku» hotelləri ilə yaxından tanış olublar. Bununla yanaşı, «Qala» tarix-etnoqrafiya, «İçərişəhər» tarix-memarlıq, Qobustan tarix-bədii, «Atəşgah məbədi» tarix-memarlıq, «Yanardağ» tarix-mədəniyyət və təbiət qoruqlarını və s. tarix-mədəniyyət abidələrini ziyarət ediblər, Qəbələ, Şəki, Naftalan, Göygöl və Gəncəyə səfər edərək, bu regionların turizm potensialı ilə tanış olublar.
Onu da qeyd edək ki, iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə sentyabrın 3-dən 7-dək Almaniyanın MİCE turizmi təmsilçilərinin, sentyabr 25-dən 30-dək isə tanınmış KİV nümayəndələrinin ölkəmizə səfəri nəzərdə tutulub.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar