Dekabrın 19-da “Azərbaycan Nəşriyyatçılar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi I Bakı Kitab Festivalı başlayıb. Paytaxtda növbəti kitab bayramı Bakı İdman Sarayında keçirilir.

“Yeni ilə yeni kitablarla!” şüarı altında keçirilən festivalda ANAİB üzvləri də daxil olmaqla 30-dan çox nəşriyyat təmsil olunur.

Açılış mərasimində çıxış edən ANAİB-in sədri Şəmil Sadiq diqqətə çatdırıb ki, bu, assosiasiya tərəfindən təşkil olunan 18-ci kitab festivalıdır. İndiyədək belə festivallar Gəncə, Sumqayıt, Xırdalan, Lənkəran kimi rayon və şəhərlərdə keçirilib: “Oxucuların yazıçılarla davamlı ünsiyyəti, milli ədəbiyyatımızın yenilikləri ilə tanış olması vacibdir. Burada əsasən Azərbaycan dilində əsərlər çap edən nəşriyyatlar təmsil olunur. Məqsədimiz oxucuları Azərbaycan ədəbiyyatı ilə tanış etməkdir. Bir çox müasir yazıçıların əsərlərinin təqdimatı keçiriləcək”.

Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə Üsküdar Universitetinin rektoru Nazife Güngör, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Fazil Mustafa, Mətbuat Şurasının sədri Rəşad Məcid, telejurnalist, yazar, Əməkdar artist Rafiq Həşimov çıxışlarında kitab və mütaliənin təbliğinə xidmət edən bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

Bakı İdman Sarayında kitab festivalı dörd gün davam edəcək və dekabrın 22-də başa çatacaq.