Milli Məclisin Mədəniyyət komitəsinin dekabrın 17-də keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Komitə sədri Polad Bülbüloğlu diqqətə çatdırıb ki, mövcud qanunvericiliyə əsasən, kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında qalır.
Sözügedən qanunlara təklif olunan dəyişikliklər dövlət kitabxanalarının və muzeylərin bu fəaliyyətindən əldə edilən vəsaitdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə etməsini nəzərdə tutur.
Çıxış edən deputatlar kitabxanaların və muzeylərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, kitabxana fondunun zənginləşdirilməsi, muzeylərin turizmlə əlaqələndirilməsi, bu sahələrdə dövlət-özəl tərəfdaşlığının tətbiq edilməsi kimi kitabxana və muzey işinin inkişafının bəzi aktual məsələləri ilə bağlı fikirlərini bölüşüb, təklif olunan dəyişikliklərə rəylərini səsləndiriblər.
Vurğulanıb ki, sənəd mədəniyyət müəssisələri tərəfindən büdcədənkənar fəaliyyətdən əldə edilən gəlirlərin idarə olunması ilə əlaqədar qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.