Azərbaycan-İtaliya mədəni əməkdaşlığı müzakirə olunub

 

 

Xəbər verdiyimiz kimi, dekabrın 18-də Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib. Bu məqsədlə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya paytaxtına səfər edib. Səfər əsnasında bir sıra görüşlər keçirilib.

Mədəniyyət naziri Adil Kərimli dekabrın 18-də İtaliya paytaxtında Santa Çeçiliya Konservatoriyasının rektoru Franko Antonio Mirenzi ilə görüşüb.

Rektor XXVI əsrdə əsası qoyulan təhsil ocağı haqqında məlumat verib. Bildirib ki, müxtəlif adlar və statuslarla fəaliyyət göstərən konservatoriya 1923-cü ildən indiki adını alıb və İtaliyanın ən nüfuzlu bədii təhsil müəssisələrindəndir.

Söhbət zamanı nazir Adil Kərimli ölkəmizin musiqi mədəniyyəti barədə söz açıb, bu sahədə aparıcı təhsil ocaqlarından danışıb. Bildirib ki, Azərbaycanda tarixən Avropa klassik musiqi məktəbinə böyük maraq olub. Görkəmli opera müğənniləri Şövkət Məmmədova və Bülbül XX əsrin əvvəllərində Milan Konservatoriyasında vokal dərsləri alıb, ölkəmizin musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr veriblər. Sonralar da istedadlı gənclərimiz Avropanın, o cümlədən İtaliyanın məşhur bədii təhsil ocaqlarında oxuyublar.

Qeyd olunub ki, Bakı Musiqi Akademiyasında, eləcə də Azərbaycan Milli Konservatoriyasında yerli tələbələrlə yanaşı, əcnəbi gənclər də musiqi biliklərinə yiyələnirlər. Avropa klassik bəstəkarlarının əsərləri tədris proqramlarında əksini tapır, teatr-konsert müəssisələrinin repertuarında yer alır.

Görüşdə Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə Santa Çeçiliya Konservatoriyası arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Dekabrın 19-da Romada Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə İtaliyanın mədəniyyət naziri Alessandro Ciuli arasında görüş keçirilib.

Görüşdə azərbaycanlı həmkarını səmimi salamlayan Alessandro Ciuli iki ölkə arasında ticarət və energetika sahələrində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, İtaliya tərəfi Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıqda da maraqlıdır. “Biz Heydər Əliyev Fondunun İtaliyada, eləcə də Vatikanda tarixi-dini irsin bərpasına verdiyi töhfələri yüksək qiymətləndirir, buna görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”, – deyə italiyalı nazir əlavə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Adil Kərimli Azərbaycan və İtaliya rəhbərləri arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan dövləti də İtaliya ilə əməkdaşlığa önəm verir. 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə, tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr məmnunluq doğurur.

Bildirilib ki, İtaliya tarixi-mədəni irsin bərpası və mühafizəsi, muzey və kitabxana işi sahələrində zəngin təcrübəyə malikdir. Azərbaycan tərəfi bu sahədə dost ölkənin təcrübəsindən faydalanmaqda maraqlıdır.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı xalqımızın çoxəsrlik tarixi-mədəni mirası dağıdılıb, vandalizmə məruz qalıb. Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi-mədəni abidələrin təmir-bərpası xüsusilə diqqət mərkəzində saxlanılır. İtaliya da işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə öz töhfəsini verir.

Görüşdə bədii təhsil, mədəniyyət ocaqlarının idarə edilməsi, musiqi kollektivlərinin qastrol səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.