Tədbir «BİNE» 20-ci beynəlxalq səhiyyə sərgisi çərçivəsində keçiriləcək
Sentyabrın 25-dən 27-dək Bakı Expo Mərkəzində «BİNE» 20-ci beynəlxalq səhiyyə sərgisi keçiriləcək. Sərgidə Dünya Sağlamlıq Turizmi Şurasının və bir sıra ölkələrin sağlamlıq turizmi qurumlarının nümayəndələrinin də iştirakı gözlənilir. Bu barədə məlumat verən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Birliyinin sədri Ruslan Quliyev bildirdi ki, sərginin ilk günü rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə «Sağlamlıq turizmi - turizm sektorunun yeni trendi, marketinq strategiyası və markalaşma» mövzusunda konfrans təşkil ediləcək. Konfransın təşkilinə Mədəniyyət və Turizm Nazirliyi, «İteca Caspian» şirkəti, «Kutvan Consultingi» və «Eco Life» jurnalı dəstək verir. Tədbirdə Milli Məclisin deputatlarının, Səhiyyə Nazirliyi, AMEA-nın, Sahibkarlar, Həmkarlar İttifaqları konfederasiyaları, «Azərkurort», eləcə də Azərbaycanda fəaliyyət göstərən sanatoriya və turizm şirkətləri nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Konfransda Türkiyə Sağlamlıq Turizminin İnkişafı Şurasının rəhbəri Emin Çakmak və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev geniş təqdimatla çıxış edəcəklər. Tədbir iştirakçılarına Azərbaycan Turizm İnstitutu və Türkiyənin Afyon Kocatepe Universiteti haqqında məlumat veriləcək.
Fəxriyyə Abdullayeva