Maarifləndirici tur-aksiyalar davam edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə avqustun 1-dən etibarən rayon və şəhərlərin orta məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiyalar təşkil edilir. Ekskursiyalar üç istiqamətdə - Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və İsmayıllı-Qəbələ-Şəki marşrutları üzrə həyata keçirilir. Ötən həftəsonu tur-aksiyalara yeni iştirakçılar qoşulub.

Üç rayonun məktəbliləri Qusarda bir araya gəliblər

Qəbələ, İsmayıllı və Şamaxı məktəblilərindən ibarət qruplar “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutunda səfərə çıxıblar. Sentyabrın 1-də məktəblilər Qusar rayonunun görməli yerlərini gəziblər.
Məktəblilər Qusar şəhərinin girəcəyində, ən yüksək yerdə inşa olunan Bayraq meydanında mehribanlıqla qarşılanıblar. Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova və Mədəniyyət və Turizm Şöbəsinin müdiri Davud İbrahimxəlilov qonaqlara rayon haqqında ətraflı məlumat veriblər. Məktəblilər Qusar şəhərinin panoramına tamaşa edib, xatirə şəkilləri çəkdiriblər.
Tur-aksiya iştirakçılarının növbəti dayanacağı “Şahdağ” Qış-Yay Turizm Kompleksi olub. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda ilk dağ-xizək kurortunun təməli 2009-cu ildə qoyulub, ilk mərhələnin açılışı 2013-cü ilin dekabrında keçirilib. Kompleksin tikintisi ölkəmizdə dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza xarici turistlərin marağını artırır. Məktəblilər kompleksdə yay istirahəti üçün nəzərdə tutulan xidmətlərdən yararlanıblar.
Sonra məktəblilər Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyası ilə tanış olublar. Tur-aksiyanın iştirakçıları Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, türbə XVI əsrdə tikilib və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şah İsmayılın babası şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı həlak olub və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.

“Əfsanələr paytaxtı”ndan unudulmaz təəssürat

İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya çıxan Ağdaş və Goranboy rayonlarının məktəbliləri İsmayıllı rayonu ilə tanışlıqdan sonra 2014-cü il üçün Azərbaycanın “Əfsanələr paytaxtı” seçilmiş Qəbələyə gəliblər. “Qafqaz Yeddi Gözəl” hotelində şagirdlərə Qəbələnin tarixi, coğrafi mövqeyi, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib, onların sualları cavablandırılıb. Şagirdlərin Qəbələ ilə ilk tanışlığı “Tufandağ” Qış-Yay Turizm Kompleksindən başlayıb. Onlar kanat xətti ilə 2 min metr hündürlüyə qalxaraq Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr ediblər. Növbəti dayanacaq Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi olub. Muzeydə qədim Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox eksponat var.
Heydər Əliyev Mərkəzi, Qəbələ şəhər məscidi, “Beltmann” piano fabriki, Nic qəsəbəsindəki “Cotari” alban kilsəsi ilə tanışlıq da məktəblilərdə böyük təəssürat doğurub.

Festivallar şəhəri Şəkidə

Qaynar avqustun son günlərini Qafqaz motofestivalının səsli-küylü tədbirləri ilə yola salan Şəki sentyabrın ilk günündə Ağdaş və Goranboy rayonlarının şagirdlərini qəbul edib. Əvvəlcə məktəblilərə qədim şəhərin tarixi, mədəni irsi barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri ilə məşhur olan şəhər ölkəmizin mühüm turizm mərkəzlərindən biri olmaqla yanaşı, həm də beynəlxalq tədbirlərin, festivalların keçirildiyi məkandır. Sentyabrın ikinci ongünlüyündə Şəki beynəlxalq teatr festivalına ev sahibliyi edəcək. Sentyabrın 2-də Ağdaş və Goranboy məktəbliləri Şəkinin görməli məkanları - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayı, Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi, “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki tarixi abidələrlə, XVIII əsrin sonunda Şərq memarlığı üslubunda tikilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış olublar.

Tur-aksiya xoş xatirəyə çevriləcək

“Ölkəmizi tanıyaq” maarifləndirici aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Şirvan şəhəri və Ağsu rayonunun məktəbliləri sentyabrın 1-də Gəncə ilə tanış olublar. Əvvəlcə dahi söz ustası Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib. Məktəblilər Nizami muzeyində nümayiş olunan eksponatlara maraqla baxıblar. Şah Abbas məscidi, “Çökək hamam” tarixi-memarlıq abidələrinə ekskursiyalar da şagirdlərə xoş anlar yaşadıb. Xalq qəhrəmanı Cavad xanın türbəsini ziyarət edən məktəblilərə məlumat verilib ki, türbə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.
Şagirdlər Azərbaycanın ikinci böyük şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə də tanış olublar, “Xan bağı”nda gəncəli həmyaşıdları ilə görüşüblər.
Sentyabrın 2-də Şirvan və Ağsu məktəbliləri tur-aksiyanı Şəmkir və Göygöl rayonlarında davam etdiriblər.
Ağsu rayonu Təklə kənd orta məktəbinin direktor müavini, qrupun rəhbəri Elnur Fərzəlizadə ekskursiya ilə bağlı təəssüratını belə ifadə edib: “Ekskursiyada olduğumuz bütün yerlər bizə bu qədim şəhər haqqında geniş məlumat əldə etməyə imkan verdi. Bu yerlərlə tanışlıq şagirdlərin doğma Vətənimizə olan sevgisinin daha da artmasında, vətənpərvərlik ruhunda tərbiyəsində, onların mənəvi inkişafında müsbət rol oynayacaq. Ümumiyyətlə, bu aksiya gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasında çox böyük əhəmiyyət kəsb edəcək. Tur-aksiya şagirdlərin həyatının unudulmaz anları kimi xoş xatirəyə çevriləcək”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar