Dekabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış şair,  Azərbaycan və Türkiyə Yazıçılar birliklərinin, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Xuraman Muradovanın Zəfərimizin memarı, Prezident İlham Əliyevin ömür yolundan bəhs edən “Əsrin qəhrəmanı olan Komandan" kitabının təqdimatı keçirilib.

Tədbirdə millət vəkilləri, səfirlər, tanınmış elm və ədəbiyyat xadimləri iştirak ediblər.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevin aparıcılığı ilə reallaşan təqdimatda Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Xalq yazıçısı Natiq Rəsulzadə, Milli Məclisin deputatları Jalə Əliyeva, Vüqar İsgəndərov, Razi Nurullayev, "Ayna- Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı və başqaları çıxış edərək "Əsrin qəhrəmanı olan Komandan" kitabının məziyyətlərindən danışıblar.

Qazaxıstan və Qırğızıstan Yazıçılar birliklərinin Özbəkistan üzrə koordinatoru Mukimcon Nurbayev çıxış edərək Xuraman Muradovanın yaradıcılığının bütün Türk dünyasında sevgi və rəğbətlə qarşılandığını vurğulayıb, "Əhməd Yəsəvi" medalını və Qazaxıstanın "Dünya İstedadları" Birliyinin fəxri mükafatını müəllifə təqdim edib.

Sonda Xuraman Muradova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Təqdimat müəllifin dövlət başçımıza həsr etdiyi "Komandan" şeirinin sözlərinə bəstələnmiş hərbi marşın ifası ilə başa çatıb.