Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə avqustun 1-dən başlayaraq rayon və şəhərlərin orta məktəblərinin IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici aksiyaların birinci mərhələsi yekunlaşmaq üzrədir.
Üç istiqamətdə - Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və İsmayıllı-Qəbələ-Şəki marşrutları üzrə həyata keçirilən ekskursiyaların bu turu sentyabrın 6-da başa çatacaq.
Sentyabrın 3-də Qəbələ, İsmayıllı və Şamaxıdan ümumilikdə 120 məktəblinin yer aldığı qruplar Quba-Qusar-Xaçmaz marşrutu üzrə səfəri başa vurublar. Ekskursiyanın son günündə onlar Heydər Əliyev Mərkəzində, Xaçmaz şəhərində Azərbaycanın 52 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyində olublar. Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Xaçmaz Xalça Muzeyi və Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Çənlibel parkında gəzintidə olublar. Sonra məktəblilər doğma rayonlarına yola salınıblar.
Avqustun 31-dən sentyabrın 3-dək İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Ağdaş məktəbliləri də zəngin təəssüratla doğma rayona qayıdıblar. Qarşılanma mərasimində iştirak edən valideynlər gənclərimizə bu cür diqqət və qayğı göstərdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün Gəncə-Göygöl-Şəmkir marşrutu istiqamətində maarifləndirici tur-aksiyada iştirak edən Şirvan şagirdləri sentyabrın 3-də doğma şəhərə qayıdıblar.
Qazax və Göyçay rayonlarının ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət iki qrupun İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyası isə davam edir. Sentyabrın 3-də İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gələn məktəblilər buradakı emalatxanalarla, tarix-diyarşünaslıq muzeyi ilə maraqla tanış olublar. Sonra onlar Qəbələyə yola düşdülər. Bu gün ekskursiya Şəkidə davam edəcək.