Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə Azərbaycan Rəssamlıq Məktəbinin “Aktyor sənətini öyrən” layihəsi davam edir. Təlimin ilk üç ayının nəticələrinə əsasən, layihə çərçivəsində imtahanlar təşkil olunub.

İlk imtahan (30 noyabr) musiqili tamaşalar üzrə olub: Əməkdar artist Qurban Məsimovun teatr və kino aktyorluğu üzrə kiçik qrupunun quruluşunda “Mama” və Əməkdar artist Qasım Nağının rəhbərliyi ilə kiçik qrupunun quruluşunda isə “Gülüncün nağılı”. İmtahanlar uğurla keçib və tamaşaçılar gənc istedadların çıxışlarını maraqla qarşılayıblar.

Dekabrın 11-də Azərbaycan Rəssamlıq Məktəbinin yuxarı yaş qrupu (rəhbər – Xalq artisti Məmmədsəfa Qasımov) üzrə “Etüdlər” imtahanı gerçəkləşib.

Nağılların müəllifi Gülzar İbrahimova, teatrşünas Dağlar Yusif, Əməkdar artist Elman Rəfiyev, Xalq artisti Cəfər Namiq Kamal və başqaları tamaşalarla bağlı fikirlərini bildiriblər. Onlar layihənin əhəmiyyətini və tələbələrin çıxışını yüksək qiymətləndirib, tədris proqramının qısa müddətdə uğurla mənimsənildiyini vurğulayıblar.

“Aktyor sənətini öyrən” layihəsinin əsas məqsədi uşaq və yeniyetmələr arasında peşəkar teatr sənətinin populyarlaşdırılması, müstəqil incəsənət təhsili sahəsinin peşəkarlaşdırılması, bu istiqamətdə konseptual yeniliklərdən səmərəli istifadə etməkdir.