Eldar Aslanov: «Builki qəbulun nəticələrini yüksək qiymətləndirmək olar»
Azərbaycan Turizm İnstitutuna 2014/2015-ci tədris ilində bakalavr və magistratura pillələri üzrə qəbul planı dolub. Bu barədə qəzetimizə məlumat verən ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirdi ki, bu il ali təhsil ocağına 11 ixtisas üzrə 410 tələbə qəbul olunub.
Onlardan 398 nəfəri qeydiyyatdan keçib, qalanları isə prorektorun sözlərinə görə, çox güman ki, dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa gedib: “Amma bütün bunlara baxmayaraq, bakalavr pilləsi üzrə qəbul planımızın birinci mərhələdə dolması, məncə, qəbulun uğurlu olduğunu göstərir. Magistraturaya da plan yerimiz dolub. 55 plan yerimiz tutulub, amma qeydiyyatdan 27 nəfər keçib. Yerdə qalanlar hərbi xidmətə gedənlər və təhsilini xarici ölkələrdə davam etdirmək istəyənlərdir”.
Prorektor əlavə etdi ki, doktorantura üzrə isə 17 qəbul planı AMEA-ya təqdim olunub, qəbul planının təsdiq edilməsi və bu ilin sonunda imtahanların keçirilməsi nəzərdə tutulur.
Eldar Aslanovun bildirdiyinə görə, bakalavr pilləsi üzrə qeydiyyatdan keçən 398 tələbədən 118-i dövlət sifarişi əsasında, 280-i isə ödənişli əsaslarla təhsil alacaq: “Tələbələrimizdən 71 nəfəri məcburi köçkün və valideyn himayəsindən məhrum olanlar kateqoriyasından olduğu üçün təhsil haqqı ödəməyəcək. Bu il qəbul olunan tələbələrimizdən 330 nəfər Azərbaycan, 49 nəfər rus, 19 nəfər isə ingilisdilli qrupda təhsil alacaq. Bu ildən ATİ-də turizm və hotelçilik ixtisası üzrə ingilisdilli qrup birinci kursdan dərsə başlayır”.
Prorektor builki qəbulda bal sıralamalarına görə də maraqlı nəticələrin olduğunu dedi: “Bu il ATİ-yə qəbul olunan tələbələrin 36 faizi 400-dən yuxarı, 3 nəfər isə 650-dən yuxarı bal toplayıb. Onların ikisi tərcümə, biri isə turizm və hotelçilik ixtisası üzrə təhsil alacaq. 250-dən az bal toplayan tələbələrin sayı isə 27 nəfərdir. Bu da ötən illə müqayisədə azdır. Ümumiyyətlə, builki qəbulun nəticələrini yüksək qiymətləndirmək olar».
İxtisaslar üzrə aparılan araşdırmaların nəticələrinə görə, ATİ-də bu il 11 ixtisasın 6-da keçid ballarında artım müşahidə olunub. Ən çox artım beynəlxalq münasibətlər, azalma isə muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasındadır.
Məlumdur ki, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçid balları bəzi qruplarda 50 və 100 bal aşağı salınıb. 150-200 bal toplayan tələbə ilə 400-dən yuxarı bal toplayan tələbənin bir qrupda təhsil alması problem yaratmır ki?
Həmsöhbətimiz bu suala cavab olaraq bildirdi ki, müasir təhsil modelləri tələbələrin bal səviyyəsinə görə qruplaşmasına imkan vermir: «Biz dil biliklərinə görə bunu edə bilirik. Amma ballara görə mümkün deyil. Bu sözsüz ki, tələbələrin mənimsəməsində də özünü göstərir. İlk semestrin sonunda xüsusilə bu fərq özünü göstərir. Biz keyfiyyətdə geri addım atmaq niyyətində deyilik. Tələbələrə əlimizdən gələn köməyi edirik ki, təhsillərini davam etdirsinlər. Oxuya bilməyən tələbə ya təhsilini dondurur, ya da digər ali məktəblərə keçir».
Tədris qaydalarından danışan E.Aslanovun sözlərinə görə, ATİ Azərbaycanda az sayda dövlət ali təhsil müəssisələrindən biridir ki, burada 2, 3 və 4-cü kurslarda bütün fənlər tələbələrin seçimi əsasında aparılır. Fənni tədris edəcək müəllimi tələbələr özləri seçirlər. Bir fənn üzrə onlara ən azı üç müəllim təklif edilir. Tələbələr həmin müəllimlərin tərcümeyi-halı, ötən illərdəki pedaqoji təcrübəsi ilə yaxından tanış olurlar.
Prorektor onu da bildirdi ki, ATİ-nin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinə sənəd qəbulu sentyabrın 10-da yekunlaşır. Peşə məktəbinə 12 ixtisas üzrə 460 plan yeri var idi.
Qeyd edək ki, indiyə qədər ATİ-dən 962 nəfər bakalavr, 33 nəfər magistr pilləsindən məzun olub. İnstitut bu il tədris ilinə 1527 nəfər bakalavr, 146 nəfər magistr, 72 doktorantla başlayacaq. Krems Universiteti (Avstriya) qrupunda oxuyub ikili diplom alan tələbələrin sayı isə 93 nəfərdir.
Fəxriyyə Abdullayeva