Ötən il yanvarın 7-dən etibarən Türkiyənin “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramı dinləyicilərin istəkləri nəzərə alınaraq 2025-ci ildə də davam edəcək. Bu il də proqramda Azərbaycanın mədəni irs nümunələrindən olan muğamlarımız, xalq mahnıları, eləcə də ölkəmizin bəstəkar və ədiblərinin əsərləri yer alacaq.
Bu barədə layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər məlumat verib.
Verilişin əsas hədəfinin Türkiyə izləyicilərini Azərbaycan mədəniyyəti, tarixi və dahi şəxsiyyətləri ilə daha yaxından tanış etmək, mədəni irsimizi daha geniş ictimaiyyətə çatdırmaq olduğunu vurğulayan Səidə Ömər deyib: “Proqramda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilən qədim musiqi alətlərimiz və muğamlarımız, ədiblərimiz haqqında məlumat verilir, Azərbaycanın məşhur xanəndələrinin və musiqiçilərinin ifaları səsləndirilir. Mən özüm də ədiblərimizin əsərlərini səsləndirirəm. Azərbaycandan da xüsusi qonaqlar telefon bağlantısı ilə proqrama qoşulur, tarixi günlərimiz yad edilir. Bütün bunların ərsəyə gəlməsi və Azərbaycan mədəniyyətinin Türkiyə radiosunda təbliğinə göstərdikləri dəstəyə görə “TRT” və “TRT İstanbul” radiosunun rəhbərliyinə sonsuz təşəkkürümü bildirirəm".
Xatırladaq ki, Səidə Ömərin müəllifi olduğu "Azərbaycan rüzgarı" layihəsi 2018-2023-cü illər ərzində Türkiyənin fərqli telekanallarında yayımlanıb.