27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq hər il ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 26-da "Hilton Baku" hotelində bu münasibətlə konfrans və təqdimatların keçirilməsi nəzərdə tutulub. Tədbirdə aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatlar iştirak edəcək.
Konfransın proqramına uyğun olaraq Dünya Turizm Təşkilatı baş katibinin video mesajından və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin açılış nitqindən sonra Azərbaycanda turizmin inkişafından bəhs edən videoçarx nümayiş olunacaq. Həmçinin Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş "Ölkəmizi tanıyaq" layihəsi, "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihəsi, Azərbaycanda yeni yaradılmış "City Sightseeing Baku" şirkətinin yerli və xarici qonaqlara göstərilən xidməti barədə, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti və I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında təqdimatlar olacaq. Tədbirdə “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr olunan aylıq "Baku Guide" bələdçi kataloqunun təqdimatı da keçiriləcək.
Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri turizm işçisi" döş nişanı və Bakı Turizm İnformasiya Mərkəzinin fəxri diplomları ilə bağlı təltiflər keçiriləcək.
Qeyd edək ki, Dünya Turizm Günü münasibətilə 27 sentyabr tarixində saat 10:00-dan Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan turizm nümayişi obyektlərinə (muzeylər, qoruqlar, komplekslər, abidələr) birgünlük pulsuz giriş (açıq qapı) elan olunacaq.
Tədbirlər çərçivəsində sentyabrın 27-də İçərişəhərdə (Qız qalası yaxınlığında) 17:00-dan, Filarmoniya bağında saat 19:00-dan və Fəvvarələr meydanı ərazisində saat 20:00-dan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün canlı caz musiqisi konserti nəzərdə tutulub.
Daha bir maraqlı tədbir dənizkənarı bulvardakı yeni Xalça Muzeyində gerçəkləşəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin Bakı nümayəndəliyi ilə birgə təşkil etdiyi «Muzeydə bir gecə» adlı tədbir Dünya Turizm Günü və Avropa Mədəni İrs Gününə həsr olunub. Sentyabrın 27-si axşam saat 20.00-dan gecə saat 01.00-dək davam edəcək tədbir Xalça Muzeyinin yeni binasında təşkil edilmiş müasir ekspozisiyaya geniş tamaşaçı kütləsi və turistlərin marağını artırmaq məqsədi daşıyır. Gecədə musiqi proqramı, teatr tamaşası və film nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar