Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində təşkil olunan «BİHE» 20-ci Səhiyyə Sərgisi çərçivəsində «Sağlamlıq turizmi - turizm sektorunun yeni trendi, marketinq strategiyası və markalaşma» mövzusunda konfrans keçirildi.

“Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə rəsmilər, Azərbaycan və Türkiyənin turizm təmsilçiləri, Dünya Sağlamlıq Turizmi Təşkilatı qurumlarının nümayəndələri iştirak edirdi.
Nişantaşı Universitetinin (Türkiyə) nümayəndəsi Ali Bülənt Kutvan dünyada sağlıq turizmi ilə bağlı son yeniliklərlə tədbir iştirakçılarını tanış etdikdən sonra sözü mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədova verdi.
Nazir müavini bildirdi ki, Azərbaycan təbii ehtiyatlarına, münbit şəraitinə və füsunkar təbiətinə görə geniş turizm potensialı olan ölkədir: “Bu baxımdan sağlamlıq turizminin imkanlarını xüsusilə qeyd etmək istəyirəm. Ölkəmiz şəfalı suları, palçıq vulkanları ilə məşhurdur. Dünyada bənzəri olmayan nadir müalicə vasitəsi olan Naftalan nefti, Qalaaltı suyu, Masallıda İstisu müalicə mənbəyi, Naxçıvanın Culfa rayonunda Darıdağ termal suyu min bir dərdin dərmanıdır”.
Nazim Səmədov son illərdə sağlamlıq turizmi sahəsində görülən işlərdən də danışdı: “Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan «Azərbaycanda kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı», 2002-2005-ci illər və 2010-2014-cü illəri əhatə edən turizmin inkişafına dair dövlət proqramları, 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəticəsində bu sahədə ciddi uğurlar əldə edilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daxili turizmin inkişafında, müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində və kurortların potensialından daha səmərəli istifadə üçün dövlət proqramına əsasən bir sıra tədbirlər həyata keçirilir. Müalicəvi kurortlar turizmin elə sahəsidir ki, burada mövsümlə bağlı müştəri azlığı olmur. Yəni ilin bütün fəsillərində insanlar bu obyektlərə üz tuturlar. Ona görə də turizmin bu sahəsi daha rentabelli sayılır. Biz də çalışmalıyıq ki, Azərbaycanın müalicəvi kurortları yalnız ölkəmizin vətəndaşlarını deyil, xarici turistləri də cəlb etsin”.
Qeyd olundu ki, Naftalan şəhərində “Çinar Hotel & SPA” və “Rixos Naftalan” sanatoriyaları, Masallıda “İstisu” və Qəbələdə “Yengicə” sanatoriyası, Naxçıvanda “Duzdağ” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb. Siyəzəndə isə “Qalaaltı” sanatoriyasının tikintisi başa çatmaqdadır. Özəl sektorun bu sahəyə marağı daha da artıb. Sağlamlıq turizminin inkişafı ilə bağlı özəl sektor tərəfindən nazirliyə təqdim olunan investisiya layihələri dəstəklənib. Bu sahədə maraqlı tərəflərin fəaliyyətinin koordinasiyası üçün nazirliyin dəstəyi ilə ötən il “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi təsis edilib. Qurum Türkiyənin aidiyyəti birlikləri ilə yaxından əməkdaşlıq edir, Dünya Sağlamlıq və Turizm Şurasının assosiativ üzvüdür. Vurğulandı ki, Mədəniyyət və Turizm Nazirliyi ictimai birlik tərəfindən təklif olunan səmərəli layihələrə dəstək olacaq.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan dünya ölkələrinin sağlamlıq turizmi istiqamətində əldə etdiyi uğurlardan danışaraq bildirdi ki, Türkiyə də bu baxımdan öncül yerlərdən birini tutmağı hədəfləyib.
Milli Məclisin Sosial siyasət komissiyasının üzvü İlham Məmmədov Azərbaycanın sağlamlıq turizmi imkanlarından danışdı. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev isə bu sahənin inkişafı üçün səhiyyə və turizmi təmsil edən dövlət qurumlarının, eyni zamanda özəl sektorun əlaqəli şəkildə işləməsinin vacibliyini vurğuladı.
“Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyinin sədri Ruslan Quliyev slaydlar vasitəsilə Azərbaycanın sağlamlıq turizmi imkanları haqqında təqdimat etdi. Bildirdi ki, sağlamlıq turizmi alternativ turizm növü kimi Azərbaycanda çox aktualdır. Digər turizm növlərində geriləmə olduğu halda da, sağlamlıq turizmi hər zaman rentabelli olur: «Azərbaycanda sağlamlıq turizminin inkişafına zəmin yaradan bir sıra amillər mövcuddur. Bunlar müalicəvi təbii ehtiyatlar, əlverişli coğrafi mövqe, iqlim müxtəlifliyi və əsrarəngiz təbiət, müalicəvi amillərlə yanaşı digər turizm potensiallarının da olmasıdır».
Türkiyə Sağlamlıq Turizmini İnkişaf Şurasının rəhbəri Emin Cakmak iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi, Afyon Kocatəpə Universitetinin rektoru Mustafa Solak və Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov təmsil etdikləri universitetlərdə sağlamlıq turizmi müəssisələri üçün kadr hazırlığından danışdılar.
Tədbir müzakirələrlə davam etdi.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar