Taleb Rifai: «Nəticələr son illərin pozitiv tendensiyalarının möhkəmlənməsindən xəbər verir»

Sentyabrın 27-si Dünya Turizm Günüdür. 1980-ci ildən qeyd edilən bu əlamətdar gün dünyada turizm sektorunun mövcud vəziyyətini, əldə edilən nəticələri gözdən keçirmək üçün bir fürsətdir.

Dünya Turizm Təşkilatının (DTT) məlumatına görə, 2014-cü ilin birinci yarısında bu sahədə 4,6 faiz artım qeydə alınıb. Yanvar-iyun aylarında dünya üzrə 517 milyon nəfərə yaxın turist səfəri edib ki, bu da 2013-cü ilin müvafiq göstəricisindən 22 milyon çoxdur. Ən yüksək artım Amerika (6 faiz), Asiya-Sakit Okean və Avropa regionlarında (5 faiz) olub. Subregionlar arasında ən yaxşı nəticə (8 faiz) Cənubi Asiya və Şimali Avropada qeydə alınıb.
«Bu nəticələr turizmdə son illərin pozitiv tendensiyalarının möhkəmlənməsindən xəbər verir. Bu isə bütün dünyada iqtisadiyyatın inkişafı və artımına imkan yaradır», - deyə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib. Onun sözlərinə görə, geosiyasi və iqtisadi problemlərə rəğmən, iqtisadi artımı, ixracatı və yeni iş yerlərinin açılmasını stimullaşdıran beynəlxalq turizm gəlirləri son illərdə 5 faizlik sabit artım göstərməkdədir.
Qeyd edək ki, DTT-nin proqnozunda bu ilin sonunadək beynəlxalq turist səfərlərinin 4-4,5 faiz artması proqnozlaşdırılıb. Bu isə təşkilatın 2020-ci ilədək uzunmüddətli proqnozunun (illik 3,8 faiz) üstələnməsi deməkdir.
Amerikanın dörd subregionunun hamısında 5-6 faiz artım qeydə alınıb. Şimali Amerika subregionu artıma görə daha çox Meksikanın nəticələrinə borcludur. Cənubi Amerikadakı artımda Braziliyada keçirilən futbol üzrə dünya çempionatının böyük rolu olub. İlin ilk 7 ayında Braziliyada turizmdən əldə olunan gəlir 10 faiz artıb.
Asiya-Sakit Okean regionu son illərin artım trendini möhkəmlədib - 5 faiz. Yaponiya, Cənubi Koreya və Malayziyada isə hətta ikirəqəmli artımlar qeydə alınıb. Bu region infrastrukturuna yönəlik davamlı investisiyalar və viza prosedurlarının sadələşdirilməsi ilə böyük uğurlara nail olub.
Avropa isə 5 faizlik artıma əsasən Şimali Avropa (8 faiz) və Cənubi Aralıq dənizi regionu (6 faiz) hesabına çata bilib. Bu göstərici Avropada vacib turist bazarlarının bərpa olunmasının əlamətidir.
Afrikada beynəlxalq turist sayı 4 faiz artıb ki, burada əsas rolu Şimali Afrika ölkələri oynayıb. DTT rəhbəri hesab edir ki, Ebola virusunun yayılması Afrikada turizmin inkişafına böyük zərbə vura bilər: “Uçuşların dayandırılması və lüzumsuz qadağaların tətbiqi virusun yayılmasının qarşısını alan deyil. Əksinə, bu tədbirlər, sözsüz, regionun iqtisadiyyatını, xüsusilə də turizm və səyahət sektorunu zəiflətməklə milyonlarla insanın yaşayışına ağır zərbə vuracaq».
2014-cü ilin birinci yarısının nəticələri göstərir ki, inkişaf etmiş ölkələrdə xaricə turist gedişinin sayında ötən ildən qeydə alınan artım davam edir. İtaliya və Avstraliyadan xaricə turist gedişi müvafiq olaraq 8 və 7 faiz, ABŞ-da isə 5 faiz artıb. Kanada və Fransada bu göstərici 3 faiz artıb.
İnkişaf etməkdə olan ölkələrdə isə xaricə turist axınında artım tempi 2013-cü ilə nisbətən bir qədər azalıb. İlk yarımildə Çindən kənara gedən turistlərin sayında artım 16 faiz, Rusiyadan gedənlərin sayı isə 4 faiz olub.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar