Sentyabrın 24-də Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanda fəaliyyət göstərən mehmanxana nümayəndələri ilə görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunan görüşdə Bakıda fəaliyyət göstərən 60-dan çox hotel nümayəndəsi iştirak edib.
Görüşdə ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq gəldikləri vaxtdan üç gün ərzində Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşməsi proseduru ilə bağlı məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf - hotel, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və s. yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi, onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq ərazi üzrə regional miqrasiya idarəsinə təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada müraciət edə bilərlər.
Görüşdə xüsusi vurğulanıb ki, xarici qonaqların, əsasən də turistlərin qalmaq üçün seçdiyi mehmanxanaların müdiriyyəti qanunvericiliklə müəyyənləşmiş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə daha da məsuliyyətlə yanaşmalıdır.
Sonda mehmanxana nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Fəxriyyə Abdullayeva