27 sentyabr - Dünya Turizm Gününə həsr olunmuş tədbirlər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında mədəni proqram təşkil edilib. Əlamətdar günlə bağlı Qız qalasının yanında təşkil olunan konsertdə “Cəngi” etno caz qrupu çıxış edib. Kollektivin bədii rəhbəri Əməkdar artist Mircavad Cəfərovdur. Qrupun ifasında Q.Qarayev, A.Məlikov, V.Motsart, F.Şopen, D.Gillespi və başqa bəstəkarların əsərləri səsləndirilib.
Fəvvarələr meydanında Səbinə Babayeva və qrupunun, Azad Şabanovun, Filarmoniya bağında isə Arslan Növrəsli və qrupunun, "Qaya" vokal ansamblının, Fərid Həsənov və qrupunun canlı caz musiqi konsertləri təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd Dünya Turizm Gününün əhəmiyyətini ictimaiyyətə çatdırmaq idi. Hər üç konsert paytaxt sakinləri və şəhərimizin qonaqlarının böyük marağına səbəb olub.