“Gələn il ölkəmiz üçün turizm baxımından çox ciddi və məsuliyyətli bir dövr olacaq”
Sentyabrın 26-da «Hilton Baku» hotelində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, aidiyyəti qurumların, turizm sənayesində fəaliyyət göstərən özəl sektor nümayəndələrinin iştirakı ilə Dünya Turizm Gününə həsr olunmuş konfrans keçirildi.
Tədbirdə əvvəlcə nazirliyin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov 27 sentyabr - Dünya Turizm Günü ilə bağlı qısa məlumat verdi, bu günün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edildiyini bildirdi.
Sonra BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin videomüraciəti təqdim olundu. Müraciətdə builki Dünya Turizm Gününün «Turizm və yerli icmaların inkişafı» şüarı altında qeyd edildiyini və təşkilatın rəsmi mərasiminin Meksikanın Qvadalaxara şəhərində keçirildiyini diqqətə çatdıran baş katibin sözlərinə görə, 2014-cü ilin birinci yarısında sektorda sabit artım davam edib. Bu ilin yanvar-iyununda dünya üzrə 517 milyon nəfər turist səfərinə çıxıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur: “Bu pozitiv tendensiya bütün dünyada iqtisadiyyatın inkişafı və artımına imkan yaradır”.
Dünya Turizm Təşkilatının fəal üzvü
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sektoru təmsilçilərini təbrik etdi, 2014-cü ilin ölkəmiz üçün turizm baxımından çox əlamətdar olduğunu vurğuladı: “Bu il Azərbaycan Dünya Turizm Təşkilatı İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərir və bu müddətdə beynəlxalq səviyyədə keçirdiyimiz tədbirlərin sayı, mahiyyəti, məzmunu ötən illərdən fərqlənib: “Ölkəmiz müxtəlif beynəlxalq qurumlarla bərabər DTT-nin tövsiyə etdiyi proqramlar, seminarlar, texniki müşavirələr keçirir. Sevindirici haldır ki, Azərbaycan regionun mərkəzi seçilərək bölgənin turizm nümayəndələrini cəlb edib və müxtəlif tədbirlərin keçirilməsinə nail olub. Bu proses davam edəcək”.
Oktyabrın 1-də Səmərqənddə DTT İcraiyyə Komitəsinin iclasının keçiriləcəyini deyən nazir ölkəmizin tədbirdə geniş nümayəndə heyəti ilə təmsil olunacağını bildirdi: “Azərbaycan DTT-nin İcraiyyə Komitəsinin üzvlüyünə 4 il müddətinə seçilib. Bu müddətdə ölkəmiz müxtəlif proqramların gerçəkləşməsində yaxından iştirak etməlidir. Bu, xüsusilə Azərbaycan Turizm Assosiasiyasına aiddir. Çünki Azərbaycan Turizm Assosiasiyasının sədri və qurum Dünya Turizm Təşkilatının qoşulmuş üzvlər şurasının Avropa üzrə sədr müavini seçilib”.
Nazirin sözlərinə görə, bu ilin ölkəmiz üçün əlamətdar nəticələrindən biri də odur ki, Avropa İttifaqının tvinninq layihəsi çərçivəsində turizmin idarəçilik sisteminin təkmilləşdirilməsinə dair ciddi sənəd hazırlandı və buraya qanunvericilik, idarəetmə sistemi, nazirliyin strukturu, bölgələrdə fəaliyyət göstərən qurumların geniş şəbəkəsinin formalaşdırılması məsələləri daxildir: “Daha bir nəticə odur ki, AZTA-nın tərkibində fəaliyyət göstərən təşkilatların təşəbbüsləri ilə iki assosiasiya formalaşıb və bu qurumlar Azərbaycanda turizmin inkişafına və müxtəlif maraqlı beynəlxalq layihələrin həyata keçirilməsində bizə böyük kömək edir. Bunlardan biri Azərbaycan Konqreslər Bürosudur ki, artıq bir ildir fəaliyyətdədir. Qurum ölkənin ən nüfuzlu hotellərinin nümayəndələrini birləşdirir. Digər qurum Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyidir. Onun da fəaliyyəti ölkəmizə müalicə məqsədilə gələn insanların sayının artırılmasına xidmət edir. AZTA və bu iki qurum birgə fəaliyyət aparır və Azərbaycanı layiqincə təmsil edir”.
Azərbaycanda bir neçə klaster yaradılıb
«City Sightseeing Baku» layihəsinin (şəhər turları) müvəffəqiyyətlə həyata keçirilməsi də ilin mühüm turizm hadisələrindən biri kimi qiymətləndirildi: “İlkin mərhələdə avtobusların hərəkəti, qrafiki və s. məsələlərlə bağlı narahatlıqlar yaşansa da, fakt onu göstərir ki, «Baku City Tour» çalışır. Hətta belə bir təklif də var ki, avtobusların parkı genişlənsin, daha müasir avtobuslar gətirilsin və regionlarda da bu işlər təşkil olunsun. Turizm şirkətləri də bu imkanlardan istifadə etməlidir”.
Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycanda turizm sahəsində bir neçə klaster (kompleks xidmət təşkil edən məkan) formalaşıb: “Sözsüz ki, Bakı şəhəri və ətrafı aparıcı klasterdir. Azərbaycanın ikinci klasteri Qəbələdir. Cənab Prezidentin bu günlərdə Qəbələyə səfəri mədəniyyət və turizm anlayışlarının vəhdətliyini və bir-birini tamamlamasını bir daha sübut etdi. Prezident Qəbələdə inşa edilən yeni hotelin açılışında iştirak etdi, həmçinin arxeoloji qazıntılar nəticəsində qədim Qəbələ şəhərinin yerində yaradılmış muzeylə tanış oldu. Bu o deməkdir ki, Qəbələ bu gün nəinki turizm, hotel, yeməkxana, dağ-xizək əyləncələrini təqdim edir, eyni zamanda böyük bir mədəni məkandır. «Şahdağ» Yay-Qış Turizm Kompleksi yay mövsümündə də öz işini davam etdirdi və turistlərin çox böyük marağını cəlb etdi.
Beləliklə, “Şahdağ” kompleksi ilə birlikdə Quba-Qusar üçüncü mühüm klasterdir. Növbəti klaster kimi Şəmkir-Göygöl bölgəsini qeyd edə bilərik. Nəhayət, daha bir məkan cənubda Lənkəran-Lerik bölgəsidir. Bu rayonlarda bu il böyük festivallar, mədəni tədbirlər reallaşdı. Bölgə turizm məkanı kimi də çox böyük maraq kəsb etməkdədir”.
Bu ilin daha bir maraqlı nəticəsi Prezidentin tapşırığı ilə həyata keçirilən «Ölkəmizi tanıyaq» layihəsidir: “Mən bu layihədə əməyi olan hər kəsə təşəkkür edirəm. Əgər Mədəniyyət və Turizm Nazirliyi bu işi tək etsəydi, onun rezonansı bu qədər olmayacaqdı. Prezident Administrasiyasının yerlərdə birbaşa işi təşkil etməsi, digər nazirliklərin də köməyi ona imkan verdi ki, bu yay mövsümündə 2 mindən çox şagird müxtəlif bölgələrin mədəni turizm potensialı ilə tanış oldu. Bu isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində çox əhəmiyyətlidir”.
Nazir qeyd etdi ki, bu il də Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində təmsil edir. Bu tədbirlər Azərbaycanın 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi təqdimatı baxımdan da mühüm fürsətdir və Avropa ölkələrinin diqqətini bu tədbirə cəlb edirik: “Bir sözlə, bu il nə qədər gərgin və maraqlı oldusa, gələn il bizim üçün daha ciddi və məsuliyyətli olmalıdır. Çünki Azərbaycanın dünya turizm məkanında çəkisinin artması, keçiriləcək daha genişmiqyaslı tədbirlər, o cümlədən Avropa Oyunları, 2017-ci ildə Bakıda təşkil olunacaq İslam Oyunları, hər il keçirilən mötəbər beynəlxalq forumlar ölkəmizin dünya turizm xəritəsində özünəməxsus yerinin olduğunu göstərir».
Turizm obyektlərinin fəaliyyəti diqqət mərkəzindədir
Əldə olunan müsbət nəticələrlə bərabər nöqsanlar da mövcuddur. Əbülfəs Qarayev qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi mövcud qanunlar çərçivəsində turizm sənayesinin istiqamətləndirilməsi və fəaliyyətin tənzimlənməsi yönündə işlər görür: «Turizm sənayesinə yeni daxil olan insanların işini çox rahat şəkildə həyata keçirməsinə şərait yaradırıq. Bu gün istənilən şirkət internet vasitəsilə nazirliyin saytına daxil olub, lazımi sənədləri verir və lisenziyasını alır. Amma lisenziyanı əldə edən obyektlər bilməlidirlər ki, dövlətin qarşısında məsuliyyət daşıyırlar və müəyyən şərtlərə uyğun hərəkət etməlidirlər. Bildiyiniz kimi, turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması, nöqsanların aradan qaldırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il bölgələr üzrə monitorinqlər keçirilir. Bu il monitorinqlər üç mərhələdə aparılır. Birinci mərhələdə Bakı-Abşeron bölgəsində fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərində monitorinqlər keçirildi. Burada əsas məqsəd 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan I Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsini yoxlamaq idi. İkinci mərhələdə monitorinqlər yay mövsümünün əvvəlində regionlarda aparıldı. Üçüncü mərhələ isə oktyabrın 15-dən noyabrın 13-dək Bakı-Abşeron bölgəsində davam etdiriləcək.
Monitorinqlər nəticəsində biz gördük ki, bəzi təşkilatlar bizim tövsiyələrimizi ciddi qəbul etmir. Biz yenə də onlara nöqsanları aradan qaldırmaq üçün vaxt veririk, pulsuz treninq-kurslar təşkil edirik. Bu yay mövsümündə iki turizm obyektinin lisenziyası dayandırılıb, ikisinin fəaliyyəti haqqında hüquq-mühafizə orqanlarına müraciət olunub. Bu obyektlər insanlara lazımi xidmətləri göstərə bilmirlər. Eyni zamanda bəzi obyektlərin sanitariya vəziyyətinin yaxşılaşdırılması üçün bir neçə sənəd Səhiyyə Nazirliyinə, bir neçəsi isə Fövqəladə Hallar Nazirliyinə göndərilib. Kadr potensialının gücləndirilməsinə əhəmiyyət verməyən, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi kurslarda, sərgilərdə lazımi qədər fəallıq göstərməyən, yerli vətəndaşlarımızın və xarici turistlərin şikayətlərinə səbəb olan obyektlər turizm bazarında özlərinə yer tuta bilməyəcəklər».
Ölkəmiz dünya turizmi üçün cəlbedici məkana çevrilir
Nazir Azərbaycanda viza rejiminin sadələşdirilməsi, elektron vizaların tətbiqi ilə bağlı yeniliklərin əhəmiyyətini də qeyd etdi: «AZAL-la danışıqlar aparırıq, bu ilin sonuna qədər bir neçə istiqamətdə yeni çarter reysləri açılacaq. Azərbaycandan xarici ölkələrə gedən turistlərin də maraqlarını müdafiə etməliyik. Ötən il Rusiyada bir neçə böyük şirkət iflas etdi, onların bank hesablarına həbs qoyuldu. Nəticədə minlərlə insan xarici ölkələrdə qaldı, onlar geri qayıda bilmirdilər. Azərbaycanda bu hal hələlik yoxdur. Amma ayrı-ayrı şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən neqativ faktlar var və biz onların qarışısını aldıq. «Turizm haqqında» yeni qanuna turizm şirkətlərinin bankda sığorta vəsaitlərini saxlaması barədə maddə salınacaq. Bu ona görə lazımdır ki, dediyim vəziyyət yarandıqda insanlar getdikləri ölkələrdə pis vəziyyətdə qalmasınlar. Azərbaycan vətəndaşları sərbəst hərəkət etməlidirlər. Vətəndaşlarımız MDB ölkələrinə vizasız gedə bilirlər. Bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan dövləti arasında viza tənzimlənməsi haqqında müqavilə imzalandı. Yaxın Şərq ölkələri azərbaycanlı turistləri öz məkanlarında görmək istəyirlər”.
Azərbaycanın dünyanın nüfuzlu telekanallarında təbliğatı ilə bağlı işlər də davam edir: “Turizm məkanı dünyəvi məkandır. Turizm sayəsində mədəniyyətlərarası dialoq, insanlar arasında mübadilə, dostluq, qardaşlıq və anlaşma münasibətlərinin formalaşması yaranır”.
Hazırda Azərbaycanda 530 hotelin fəaliyyət göstərdiyini deyən nazir bildirdi ki, hotellərdə ümumilikdə 35 min yerləşdirmə yeri var və bu rəqəm ildən-ilə artacaq: “Azərbaycan turizm məkanı kimi böyük və cəlbedicidir. Biz öz məqsədlərimizi və işimizi bilirik. Eyni zamanda nöqsanlarımızı və onların aradan qaldırılması yollarını da bilirik. Ölkəmizin daha cəlbedici və maraqlı turizm məkanı olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik».
Tədbirdə maraqlı təqdimatlar oldu
Sonra Azərbaycanda turizmin inkişafını təsvir edən videoçarx nümayiş olundu. Videoçarxda ölkəmizdə adıçəkilən sektorun inkişafı istiqamətində atılan addımlar, görülən işlər, həyata keçirilən layihələr, Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə fəaliyyəti barədə geniş məlumat verildi.
Nazirliyin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilən «Ölkəmizi tanıyaq» maarifləndirici tur-aksiyaları haqqında məlumat verdi. Bildirdi ki, layihə üzrə respublikanın 53 şəhər və rayonundan 9-11-ci sinif şagirdləri avqustun 1-dən sentyabrın 6-dək ekskursiya turlarında iştirak edib. Turlar müəyyən olunmuş qrafik üzrə üç (Gəncə-Şəmkir-Göygöl, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz) istiqamətdə reallaşdırılıb. Bu turlarda ümumilikdə 2120 şagird iştirak edib.
Konfransda «Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi» layihəsi barədə BMT İnkişaf Proqramının layihə koordinatoru Səbinə Babayevanın, Azərbaycanda yeni yaradılmış «City Sightseeing Baku» şirkətinin yerli və xarici qonaqlara göstərilən xidməti barədə şirkətin baş direktoru Əfsun Əhmədovun, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti haqqında qurumun müdiri Florian Senqşmidtin, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə “Bakı-2015” İcraiyyə Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Vijeratnanın, «Baku Guide» bələdçi kataloqu barədə layihənin koordinatoru Sadiq Musayevin təqdimatları da iştirakçılar tərəfindən maraqla qarşılandı.
Sektor təmsilçilərinə təltiflər
Tədbirin sonunda Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini-kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərova və Turizm şöbəsinin müdiri Aydın İsmiyevə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə verilmiş «Dövlət qulluğunda fərqlənməyə görə» medalını, Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırova, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərova və «Abşeron Qroup» şirkətinin əməkdaşı Cəmilə Atakuman Cavanşirə nazirliyin «Fəxri turizm işçisi» döş nişanını təqdim etdi.
Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev fəallığı ilə seçilən sektor təmsilçilərini təltif etdi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Discovery» jurnalının baş redaktoru Cavanşir Feyziyev, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, «Emon» hotelinin əməkdaşı Mətləb Nəcəfov, «Granit AS» şirkətinin nümayəndəsi Aftandil Vəliyev, «İmprotex travel» şirkətinin əməkdaşı Xırdaxanım Hüseynova, «Ariva» hotelinin meneceri Azad Əhmədov, «Riviera» hotelinin əməkdaşı Şahin Rəhimov, «Al travel» şirkətinin direktoru Aydın Bağırlı, «Millennium Tourism & Konqress» şirkətinin baş direktoru Ruslan Quliyev, «Caspian Business» hotelinin baş meneceri Faiq Rəhimov, «Museum inn» hotelinin əməkdaşı Vaqif Eyvazov və Sankt-Peterburq turizm informasiya bürosunun direktoru Nana Gviçiya qurumun fəxri diplomlarına layiq görüldülər.
Tədbirdə daha sonra TURSAB-la Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi arasında əməkdaşlıq memorandumu, eyni zamanda «City Sightseeing Baku» şirkəti ilə Azərbaycan Xalça Muzeyi arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalandı.
Fəxriyyə Abdullayeva