İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə 27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən İsmayıllı Turizm İnformasiya Mərkəzinin icraçı direktoru Tərlan Mursalov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, son dövrlər rayonda turizm sahəsində görülən işlərdən, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayonda həyata keçirilən quruculuq-abadlıq işlərinin nəticəsi olaraq İsmayıllıya turist axının artdığını deyib.
Tədbirdə Azərbaycanın və dünyanın gəzməli-görməli yerlərindən bəhs edən nəşrlərdən ibarət sərgi təşkil edilib.
Sonra konsert proqramı təqdim olunub. Heydər Əliyev adına rayon Mədəniyyət Mərkəzinin “Niyal” ansamblının üzləri - Bəhruz Həşimov, İntiqam İbrahimov, Rövşən Teyyubov rəngarəng musiqilər səsləndiriblər. Fazil Əzimov adına uşaq incəsənət məktəbinin “İvanovka” rəqs qrupunun çıxışı, Aşıqbayramlı kənd yaradıcılıq qrupunun üzvü Aytac Ağayevanın ifasında hind rəqsi də alqışlarla qarşılanıb.
* * *
Sentyabrın 26-da Dünya Turizm Günü ilə bağlı Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Dövlət Rəsm Qalereyasında sərgi keçirilib. Tədbirdə şöbənin məsləhətçisi İlqar Əzimov çıxış edərək əlamətdar günün tarixi və mahiyyəti barədə söz açıb, ölkəmizdə turizm sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra iştirakçılar rəsm əsərləri və Lənkəranın turizm potensialını və zəngin folklorunu əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.
Dünya Turizm Günü ilə bağlı Mədəniyyət və Turizm Şöbəsi, Gənclər və İdman İdarəsi və “Magiya” ictimai birliyi tərəfindən Ə.Əliyev adına istirahət parkında maraqlı konsert proqramı təşkil olunub.