Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən 3-dək Özbəkistanın Səmərqənd şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasının 99-cu sessiyası keçirilib.
Sessiyanın açılışına Özbəkistan Prezidenti İslam Kərimov, Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, dünyanın 34 ölkəsindən 130-a yaxın nümayəndə, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıb. Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Sessiyanın iclaslarında 2014-cü ildə beynəlxalq turizm və 2015-ci il üçün perspektivlər, ümumi fəaliyyət proqramının icrası, 2016-2017-ci illər üçün ümumi iş proqramı, beynəlxalq turizmin inkişafı istiqamətində görülən işlər, təşkilatın maliyyə vəziyyəti və digər məsələlər müzakirə edilib.
“Turizm və mədəniyyət - yeni tərəfdaşlıq modeli" mövzusuna həsr olunan iclasda çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət və turizm sahələrinə göstərdiyi diqqət və qayğıdan, dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən layihələrdən, Heydər Əliyev Fondunun xarici ölkələrdə reallaşdırdığı müvafiq aksiyalardan bəhs edib. Qeyd edilib ki, bütün bunlar turistlərin ölkəmizə marağının artmasına səbəb olub. Bu gün Azərbaycan mədəniyyət və turizm sahələrini bir-birinə bağlayan, vahid struktur çərçivəsində birləşdirən ölkələrdəndir. "Mədəniyyət və turizm müxtəlif xalqlar arasında dialoq və körpü rolunu oynayır. Bunu nəzərə alaraq daha geniş layihələr həyata keçiririk", - deyə nazir vurğulayıb.
Nazir Əbülfəs Qarayev DTT, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO və Avropa Şurasının tərəfdaşlığı ilə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə mədəniyyət və turizm nazirlərinin birgə konfransının təşkil olunduğunu da diqqətə çatdırıb. Qeyd olunub ki, 2015-ci ilin may ayında Bakıda keçiriləcək üçüncü Dünya Forumunda da mədəniyyət və turizm sahələrinə geniş yer veriləcək.
Sessiyada 2015-ci ildə DTT İcraiyyə Şurasına Kambocanın sədrlik etməsi qərara alınıb.
* * *
Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının Səmərqənd şəhərində keçirilən 99-cu sessiyasında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistandakı səfirimiz Hüseyn Quliyevlə birlikdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olub. Əbülfəs Qarayev və Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyub.
Nazir mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyində Azərbaycan dili, rəsm, əl işləri dərnəkləri, kitabxana ilə tanış olub. AMM-in direktoru Samir Abbasov mərkəzdəki Azərbaycan dili kursu və dərnəklər haqqında ətraflı məlumat verib, qurumun keçirdiyi tədbirlərdən söhbət açıb.
Mərkəzin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva kollektiv barədə məlumat verib. Bildirib ki, 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistanda səfərdə olarkən ansamblı Bakıya dəvət edib. Kollektiv Azərbaycanda konsert proqramları ilə çıxış edib.
Əbülfəs Qarayev ansamblın yeni rəqslərinə baxıb, onlara uğurlar arzulayıb və kollektivi Azərbaycana qastrol səfərinə dəvət edib.