Turizm bütün dünyada iqtisadiyyatın mühüm qolu olmaqla bərabər, bəzi ölkələrin büdcəsinin formalaşmasında da həlledici rol oynayır. Dünya Turizm Təşkilatının mütəxəssisləri turizmdən ən çox gəlir götürən ölkələrin siyahısını hazırlayarkən maraqlı mənzərə ilə üzləşiblər. 2000-2013-cü illəri əhatə edən hesablamalara görə, ABŞ bu sahədən ən çox gəlir əldə edən ölkədir. Bu ölkə 2013-cü ildə turizmdən 139,6 milyard dollar gəlir götürüb. Ötən il İspaniya 60,4 milyard dollar turizm gəliri ilə ikinci, Fransa 56,1 milyard dollarla üçüncü olub. İlk onluğa Çin, İtaliya, Tailand, Almaniya, İngiltərə, Avstraliya, Türkiyə daxildir.
Ən çox turist qəbul edən ölkələrə gəldikdə isə, Fransa 2013-cü ildə 84,7 milyon nəfər turist qəbul etməklə birinci olub. İkinci yeri 69, 8 milyon nəfərlə ABŞ, üçüncü yeri isə 60, 7 milyon nəfərlə İspaniya tutur. Onluqda növbəti yerlərin sıralaması belədir: Çin, İtaliya, Türkiyə, Almaniya, İngiltərə, Rusiya və Tailand.
Son illərdə turistlərin qəbulunda Fransa dünyada birinci olduğu halda, turizmdən əldə edilən gəlirə görə ABŞ-dan geri qalması maraq doğurur. Mütəxəssislər bunun səbəbini onunla izah edirlər ki, Fransada çox bahalıqdır və turistlər oraya qısa müddətdə gəlir və az pul xərcləyir. ABŞ-da isə turizm biznesi çox gözəl təşkil olunub, infrastruktur daha yaxşı inkişaf edib. Digər tərəfdən, dolların qismən devalvasiyası da sadalanan amillərlə birgə ABŞ-ın uzun müddət turizmdən gəlir götürməsində birinciliyi saxlamağa imkan verir.

Fəxriyyə