Avstriyanın Krems Universitetində keçirilən mərasimdə Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlıqdan söz açılıb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universitetində (İMC TEU) təşkil olunan xüsusi tədbirdə iştirak edib. Krems Universiteti Azərbaycan Turizm İnstitutunun (ATİ) tərəfdaşı olan tədris ocağıdır. Təhsil müəssisələri arasında ikili diplom haqqında əməkdaşlıq müqaviləsi var.

ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, dünyanın nüfuzlu ali təhsil ocaqlarının, elm və sənaye müəssisələri təmsilçilərinin iştirak etdiyi tədbir Krems Universitetinin yaradıcısı və prezidenti Heinz Boyerin uzun illər icra etdiyi vəzifəsinin başa çatması münasibətilə təşkil olunub.
Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev universitet rəhbərliyi ilə görüşüb. Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə təhsilin, eləcə də turizm təhsilinin inkişafına böyük diqqət göstərir. Azərbaycan Turizm İnstitutunun fəaliyyəti və beynəlxalq aləmdə uğur qazanması da bu diqqət və qayğının nəticəsidir. Azərbaycanın təhsil sistemində ilk dəfə xarici tədris ocağı ilə ikili diplom təcrübəsi məhz ATİ-də tətbiq olunmağa başlanıb. Bu proqramın məzunları artıq turizm sənayesində aparıcı mövqelərə çıxmaqdadırlar. Əbülfəs Qarayev Krems Universitetinin yaradıcısı Heinz Boyerə müraciətlə deyib: “Sizin rəhbərlik etdiyiniz ali təhsil ocağı ilə əməkdaşlıqdan çox məmnunuq. Turizm təhsili sahəsində qazanılan hər bir uğurumuzda sizlərin də əməyi var, bu sahəni həyat amalı seçən gənclərimizin ixtisaslı kadr kimi mövqe tutmasında sizlərin rolunu yüksək qiymətləndiririk”.
Tədbirdə çıxış edən ATİ-nin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağı ilə Krems İMC TEU arasında əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu bildirib. O, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, iki ali təhsil ocağı arasında 2007 və 2011-ci illərdə imzalanan «Turizm və qonaqpərvərlik xidməti üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsi» «Magistratura sahəsində əməkdaşlıq sazişi» uğurla davam etdirilir. Rektor bu əlaqələrin qurulmasında və inkişaf etməsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin xüsusi xidmətlərini diqqətə çatdırıb. Qeyd edib ki, indiyədək institutun bakalavr pilləsində 94 tələbə iki diplom qazanıb. «Bu, iki təhsil müəssisəsinin 7 ildir davam edən birgə layihəsinin uğurudur. Elm, təhsil sərhəd tanımır. Universitetlərarası əlaqələrdə tələbə-müəllim mübadiləsinə xüsusi önəm verilməsi hər iki tərəf üçün faydalı olub. Biz sizlərdən öyrəndiyimiz kimi sizlər da bizim dəyərlərimizə bələd oldunuz”.
Onu da qeyd edək ki, Cəfər Cəfərov Avstriya səfərində Tailand, Vyetnam və Ukrayna universitetlərinin rektorları ilə ikitərəfli əlaqələrin qurulması ilə bağlı danışıqlar aparıb. Həmçinin Avstriyanın Semmerinq Turizm Kolleci ilə ATİ-nin nəzdində olan Bakı Turizm Peşə Məktəbi arasında əlaqələrin qurulması da müzakirə olunub.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar