Turizm şirkətləri və mətbuat nümayəndələrinin Gəncə və Gədəbəyə infoturu

Oktyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyinin və “A La Carte Travel” şirkətinin təşkilatçılığı ilə Gədəbəy rayonuna və Gəncə şəhərinə infotur keçirildi. XIX əsrin əvvəlində Azərbaycana gəlmiş və ölkəmizin qərb bölgəsində məskən salmış alman icmasının tarixi izlərini mədəni turizm paketi kimi təqdim etməyi qarşıya məqsəd qoyan tədbirdə turizm şirkətlərinin nümayəndələri və mətbuat işçiləri iştirak edirdi.

Simens qardaşlarının ölkəmizdə fəaliyyətinin 150 illiyinin qeyd olunduğu bir vaxtda belə bir turun təşkili xüsusilə mənalı idi. Ancaq ünsiyyətdə olduğumuz turizm şirkətləri əməkdaşlarından Gədəbəy rayonu barədə məlumat almaq cəhdlərim boşa çıxdı. Aydın oldu ki, əsasən şimal və cənub istiqamətləri üzrə turlar təşkil edən turizm agentlikləri bölgə haqqında bir o qədər də məlumatlı deyillər...

Uzaq yol, təəccüb dolu mənzərələr

Marşrutun Gəncəyə qədər hissəsi başa çatandan sonra yol boyu təbiət mənzərələri hər kəsi gözünü avtomobilin pəncərəsindən bayıra zilləməyə vadar edirdi. Təmiz hava və qəribə xoş soyuq tamam fərqli bir məkana daxil olduğumuzun göstəricisi idi. İnfotur iştirakçıları onları necə bir mənzərənin gözlədiyi ilə bağlı fikirlər səsləndirirdilər. Ancaq bir qədər sonra əmin olacaqdıq ki, ən yüksək fikirlər belə Gədəbəyin əsl gözəlliyini təsvir etməkdə yetərli deyil.
Axşam saatlarında mənzil başına yetişdik. Dağ yamacında yerləşən “Eldorado” hotelində şam yeməyindən sonra otaqlarımıza dağılışdıq. Bizi yeni gündə yeni mənzərə, alman izləri, tarixi abidələr, şəhər gəzintisi gözləyirdi.
Səhər bizi sərin, xoş dağ havası, pəncərədən dağlara açılan gözəl mənzərə qarşıladı. Nəzərdə tutulan proqram geniş olduğundan birbaş yollandıq Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinə. Binanın foyesində Gədəbəyin tarixini, abidələrini, qalalarını, təbii gözəlliklərini, mineral sularını, Simenslərin zavodlarını və burada gördükləri işləri əks etdirən böyük sərgi təşkil edilmişdi. Həmçinin rayonun turizm imkanları və tarixi ilə bağlı kitablar, broşürlər də bu əsrarəngiz bölgəni bizlərə tanıdırdı.

Simenslərin yubileyi ilə bağlı konfrans

Mədəniyyət və Turizm Şöbəsinin konfrans zalında Simens qardaşlarının Azərbaycana gəlişinin 150 illiyi ilə bağlı konfrans başlandı. Rayon ictimaiyyətinin, ziyalıların toplaşdığı tədbiri Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev açaraq bölgənin həm etnik, həm də mədəni müxtəliflik baxımından zəngin turizm potensialına malik olduğunu vurğuladı.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ramiz Məmmədov Simenslərin Gədəbəydə fəaliyyəti barədə danışdı. Bildirdi ki, almanların bölgədə məskunlaşması, iş imkanları yaratması, infrastruktur layihələri həyata keçirmələri rayonun inkişafına böyük təkan verib. Bu gün həmin dövrdən yadigar qalan infrastruktur layihələri, körpülər, tikililər, dəmir yolu xətti rayonun turizminə öz töhfəsini verməkdədir.
Gədəbəy rayonundan millət vəkili Sevinc Hüseynova son illər rayonda turizmin inkişafından, aparılan quruculuq-abadlıq işlərindən danışdı. Özünün turizm sahəsində fəaliyyət göstərdiyi illəri xatırlayan millət vəkili o vaxt üzləşdikləri çətinliklərdən söz açdı. Qeyd etdi ki, bir vaxtlar rayon ərazisində qonaqları yerləşdirmək üçün hotel, tədbirlərin keçirilməsi üçün zal tapmaq müşkül məsələ idi. Hazırda bu problemlər, demək olar ki, arxada qalıb.
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bu sahədə görülən işlərdən söz açdı, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verdi. Gədəbəy rayonuna ilk səfərlərini xatırlayan sektor müdiri rayonun turizm infrastrukturunda baş verən müsbət dəyişiklikləri vurğuladı, turistlərin yerləşdirilməsi, istilik sistemi ilə bağlı problemlərin həlli istiqamətində atılan addımları müsbət qiymətləndirdi. Rayonun turizm marşrutu kimi tanıdılması üçün hələ də görülməli işlərin olduğunu vurğulayan sektor müdiri bu sahədə daha çox işin məhz turizm agentliklərinin üzərinə düşdüyünü diqqətə çatdırdı. Qeyd etdi ki, nazirlik rayonunun turizm marşrutu kimi tanıdılması ilə bağlı şirkətlərdən gələn təkliflərə dəstək verməyə hazırdır.
“A La Carte Travel” turizm şirkətinin direktoru Nəsib Usubov Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə turizmin inkişafı sahəsində gördüyü işləri yüksək qiymətləndirdi. Qeyd etdi ki, turizm agentlikləri bu imkanlardan yararlanmalı, ölkəyə daha çox turistin cəlb olunması işində aktiv fəaliyyət göstərməlidirlər. Digər çıxışçılar da rayonun turizm potensialı, almanların burada qoyduğu maddi və mədəni irs barədə məlumat verdilər.

Tarix soraqlı məkanlar

Konfransdan sonra hər kəsin intizarla gözlədiyi gəzintimiz başlandı. Üz tutduğumuz ilk abidə Koroğlu qalası oldu. Cavanşir qalası da adlanan bu tarixi tikili dağın zirvəsində yerləşir və ətrafında meşə massivinə gözəl mənzərə açılır. Dağa qalxmaq istəsək də, bələdçimiz bunun iki saat vaxt alacağını deyərək bizi fikrimizdən daşındırdı. Dağın ətəyində olsaq da, qalanın əzəmətini müşahidə edə bilirdik.
İkinci baş çəkdiyimiz məkan isə Səbətkeçməz kəndində yerləşən Yeddi tağ körpüsü oldu. Bələdçi bu körpünün almanlar tərəfindən tikildiyini və mis zavodundan lokomotivin yükləri rahat daşıması üçün salındığını bildirdi. Maraqlı üslubda tikilən körpü bu günə kimi varlığını qoruması və eyni missiyanı sanki yenidən yerinə yetirə biləcəyi görüntüsü ilə ziyarətçiləri özünə cəlb edir. Almanların Çalburun kəndində saldıqları digər körpü də görkəmini qoruyub saxlayıb. Yolüstü Çaldaş kəndindəki eyniadlı bulağın suyundan içməyimiz də ayrı bir zövq bağışladı. Olduqca yumşaq və bir qədər qazlı suyun böyük müalicəvi əhəmiyyətə malik olduğunu dedilər. Kənd ərazisində yerləşən alban məbədi və bir kənd sakinin onu necə qoruması haqqında bələdçinin verdiyi informasiya hamının diqqətini çəkdi. Böyük Qaramurad kəndindəki XII əsrə aid daha bir alban məbədi də yarım tikili formasında qalsa da, buranın atəşpərəstlərə mənsub olması fikrini aşılayırdı.
XIX əsrdə almanların Avropa memarlığı üslubunda tikdiyi sənaye və yaşayış binaları, meşənin içərisində saldıqları park və gəzinti zolaqları, yollar onların yaşayış və istirahətlərini necə təşkil etdiklərini göstərirdi. Bələdçi meşəyə aparan bu yolun bir əsrdən çoxdur eyni keyfiyyətdə qalmasını xüsusi vurğuladı.

Yollar Gəncədə birləşir

Səhəri gün isə alman izlərinin ardınca Gəncə şəhərinə yollandıq. Şəhərin Cavad xan küçəsində almanların nazik kərpicdən tikdiyi binalarla, həmçinin Cümə məscidi, Cavad xan məqbərəsi, Çökək hamamla, gəncəlilərin “butulka ev” adlandırdıqları şüşə tikili ilə tanış olduq. Bələdçilər bizə Gəncədə alman izləri və sadaladığımız abidələr barədə maraqlı məlumatlar verdilər. Diqqətimi çəkən məqamlardan biri isə Cümə məscidinin divarında namazın vaxtını göstərən gün saatı oldu.
Gədəbəy və Gəncəni əhatə edən bu infotur ölkəmizin nə qədər maddi-mədəni zənginliyə malik olduğunu gözlər önünə sərdi. Bu zənginliyi təkrar-təkrar gəzib görməyə dəyər.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar