Azərbaycanda çoxdəfəlik giriş vizalarının etibarlılıq müddətinin ləğv edilməsi təklif olunur. Bu məsələ Milli Məclisin müzakirəsinə verilən «Dövlət rüsumu haqqında» qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.
Hazırda çoxdəfəlik giriş vizaları 1 il müddətinə rəsmiləşdirilir. Dəyişikliklərə uyğun olaraq, 100 dollar ödəməklə əldə edilən ikidəfəlik vizanın ləğv edilməsi də təklif olunur. Bununla da viza almaq istəyənlər yalnız birdəfəlik və ya çoxdəfəlik vizaların rəsmiləşdirilməsi üçün ərizə verə bilərlər.
Dəyişikliklər vizaların rəsmiləşdirilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinə təsir etməyib. Birdəfəlik vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu 50 dollar, çoxdəfəlik viza üçün isə 350 dollardır. Azərbaycana qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsi və ya onun etibarlılıq müddətinin uzadılmasına görə dövlət rüsumunun ləğv olunması təklif edilir. Dəyişikliklər «Dövlət rüsumu haqqında» qanunun Azərbaycan Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Fəxriyyə Abdullayeva