Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm imkanlarının təbliği məqsədilə artıq bir neçə ildir ki, “Euronews” telekanalı ilə sıx əməkdaşlıq edir.
Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, əməkdaşlıq uzunmüddətli müqavilə əsasında həyata keçirilir.

Bu günlərdə «Euronews» kanalı tərəfindən nazirliyə 2013-cü ildə Azərbaycanla əməkdaşlıq çərçivəsində görülən işlərə dair təqdimat göndərilib. Təqdimatdan məlum olur ki, bu müddətdə ölkəmizin turizm potensialı həm telekanalın efirində, həm də saytı vasitəsilə təbliğ edilib.
«Euronews»un geniş tamaşaçı auditoriyası var. Paytaxt şəhərlərin əhalisi arasında 2013-cü ildə kanalın 50,7 milyon izləyicisi olub. Telekanalda müxtəlif mədəni tədbirlər və turizmlə bağlı reklam çarxları ilə yanaşı, «Le Mag», «Fokus», «Target», «Life» verilişlərində də Azərbaycana dair müxtəlif məlumatlar yayımlanıb.
Telekanalın saytında Azərbaycanın banneri yerləşdirilib. 2013-cü ilin mart-dekabr ayları ərzində bu baner vasitəsilə 48 min 559 istifadəçi www.azerbaijan.travel saytına daxil olub. Ümumilikdə isə bu müddətdə sayta daxil olan 8 milyona yaxın insanda Azərbaycan haqqında rəy formalaşdırılıb. Ötən ilin may ayında bu baxımdan ən yüksək göstərici (2 milyon) əldə edilib. Azərbaycan bannerinin Avropada 64 faiz, Asiyada 11,3 faiz, Şimali Amerikada 10,2 faiz, Yaxın Şərqdə isə 5,9 faiz izləyicisi olub. Bu müddətdə www.azerbaijan.travel saytına 23 minə yaxın (41 faiz) insan daxil olub. Bu, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıqdır. Ötən ilin mart-dekabr aylarında ümumilikdə «Euronews» telekanalında 2013-cü ilin 2-7 dekabrında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası, beynəlxalq muğam festivalı, Qəbələ musiqi festivalı, Novruz bayramı, Bakı caz festivalı, habelə Azərbaycanın turizm potensialı haqqında gündə 6 dəfə olmaqla, 40 saniyəlik reklam çarxları nümayiş olunub.
Telekanalda yayımlanan «Life» verilişində «Bakı sabahın dünyasında», «Gəncə tarix yazır», «Şəki Qafqazın incisi» adlı 4-5 dəqiqəlik süjetlər efirə verilib ki, bu süjetləri 11 min nəfərə yaxın insan izləyib. Əsas izləyici auditoriya Avropa və Asiya regionları olub. Ölkələrdən isə Azərbaycan, Rusiya və İtaliyadan daha çox insan seyr edib.
«Le Mag» verilişində muğam festivalı, Qəbələ musiqi festivalı, Novruz bayramı, Bakı caz festivalı haqqında süjetləri 122 minə yaxın insan izləyib. Fransa, Rusiya və ABŞ baxış sayına görə lider ölkələr olub.
Telekanalın «Taget» verilişində AİTF sərgisi və UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası haqqında süjetlərin 7 min nəfərə yaxın izləyicisi olub. Burada isə İtaliya, Fransa və ABŞ baxış sayına görə öndədir.
«Fokus»da yayımlanan «Azərbaycan Qafqazın incisidir» adlı süjeti 4 min nəfər izləyib. Onların əksəriyyəti Rusiya, Azərbaycan və Braziliya vətəndaşları olub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 2016-2018-ci illərdə də «Euronews» telekanalı ilə əməkdaşlığa dair danışıqlar aparır.
Azərbaycanda keçirilən milli bayramlar və müxtəlif festivallara həsr edilən silsilə verilişlər «Euronews»dan əlavə, dünyanın digər nüfuzlu telekanallarında, o cümlədən CNN, «TV5 Monde», «France 24», «Rossiya», «Moya planeta», «World Travel Channel»də nümayiş etdirilir.

Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar