Xəbər verdiyimiz kimi, bu il məşhur alman iş adamları - Simens qardaşlarını Azərbaycanda fəaliyyətə başlamasının 150 ili tamam olur. 1864-cü ildə Gədəbəy rayonunda mis mədəninin əsasını qoyan, daha sonra Daşkəsən rayonu ərazisində kobalt hasilatına başlayan Simenslər paytaxt Bakıda da iz qoyublar.

1901-ci ildə Bibiheybətdə, bir il sonra Sabunçuda elektrik stansiyalarını istifadəyə veriblər. Azərbaycanda Simenslərin və ümumilikdə alman icmasının tarixi izlərinin öyrənilməsi, tanıdılması, turizm məhsulu kimi təbliği istiqamətində bir çox işlər görülür. Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə turizm şirkətləri və media nümayəndələri üçün Gədəbəy rayonuna infoturun keçirilməsi də bu məqsədi daşıyırdı.
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, Azərbaycanda alman irsi təkcə Simenslərlə bağlı deyil: «Alman koloniyaları XIX əsrin birinci yarısında ölkəmizin qərb bölgəsində məskunlaşıblar. 1860-cı illərdə Siemenslər bölgəyə gəlib. Onların gəlişi ilə Azərbaycanda mədən sənayenin inkişafı yeni mərhələyə qədəm qoyub. Alman irsinin mədən sənayesinin inkişafı baxımından maraqlı tarixi var. Bu irs Almaniya və digər Avropa ölkələrindən turistlərin Azərbaycana cəlb edilməsi baxımdan da əhəmiyyətlidir. Mədəniyyət və Turizm Nazirliyi bu məsələyə xüsusi önəm verir. «Azərbaycanda alman məskənləri» mədəni turizm marşrutunu yaratmışıq. Mədəniyyət və Turizm Nazirliyi 2001-ci ildən Berilində keçirilən «İTB» sərgisində mütəmadi olaraq iştirak edir. Hər il Azərbaycanda alman izlərini və ölkənin turizm potensialını əks etdirən alman dilində hazırlanmış reklam-çap məhsulları burada ziyarətçilərə təqdim edilir».
Qeyd edək ki, hazırda nazirlik tərəfindən Göygöl (keçmiş Helenendorf) şəhərində alman tarixi muzeyinin yaradılması istiqamətində də iş aparılır.
Azərbaycan Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzi də bu istiqamətdə layihə həyata keçirib. ATİ-nin prorektoru, adıçəkilən layihənin müəlliflərindən biri Eldar Aslanovun sözlərinə görə, 2010-cu ildə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı və Yade Tətbiqi Elmlər Unversiteti ilə birlikdə yaradılan tədqiqat qrupu Azərbaycanda alman izləri ilə bağlı xeyli məlumat toplayıb: “Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq tarixi memarlıq abidələrinin CPS koordinatlarını müəyyənləşdirdik. Şəmkir, Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Qazax və Ağstafa rayonlarında olan Simens qardaşlarının və alman koloniyasının yaratdığı irsin bir növ inventarlaşdırılmasını apardıq. Göygöl rayonunda tədqiqatlarımız daha da dərinləşdi. Çünki bu rayonda almanlar uzun müddət yaşayıblar və zəngin irs miras qoyublar. Sonra qərara gəldik ki, Gədəbəy rayonu üzrə bir marşrut yaradılsın və bölgəyə infotur təşkil edildi».
Həmsöhbətimiz bildirdi ki, vaxtilə Siemenslər Gədəbəy rayonunda dağ-mədən sənayesi kompleksi, Avropa arxitekturasına malik şəhərcik inşa etməklə yanaşı, o dövr üçün mükəmməl yay və qış turizm infrastrukturu da yaradıblar. Vaxtilə burada hətta buz meydançası mövcud olub. Gədəbəydə Simenslərin izlərinin biri də burada yaradılan teatr zalı olub. Bakıdan gedən teatr truppaları orada müxtəlif tamaşalar oynayıblar.
Eldar Aslanov bildirdi ki, layihə çərçivəsində Almaniyadan gələn ekspertlər almanların tərəfindən inşa edilmiş körpülərin, digər tikililərin bərpa olunması, onların turizm məqsədləri üçün istifadəsi ilə bağlı tövsiyələrini veriblər.
Həmsöhbətim Azərbaycanda Simenslərin 150 illiyinin qeyd olunmasının əhəmiyyətini də vurğuladı: “Bu tədbirlərin keçirilməsi müsbət haldır. O zaman layihənin davamı üçün «Siemens» şirkəti ilə danışıqlar apardıq, amma lazımi diqqəti ala bilmədik. İndi sevindirici haldır ki, Azərbaycan hökuməti bu məsələyə diqqət yetirir, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbirlər keçirilir. Məncə, bu tip rəngarəngliklər Azərbaycanın həm tolerantlığını, multikulturalist bir cəmiyyətə malik olduğunu göstərmək baxımından gözəl nümunələrdir».

F.Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar