(Əvvəli ötən sayımızda)

Azərbaycanın bir qrup media nümayəndəsinin «SİS Tour» və «Chex Tour» şirkətlərinin təşkilatçılığı, Çexiyanın Azərbaycandakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən səfəri oktyabrın 22-23-də paytaxt Praqada davam etdi.
Şəhərin girişində bütün meqapolislərin problemi olan tıxacla qarşılaşırıq. Yolun sağ tərəfi bir maşının keçəcəyi qədər boşdur və heç kəs həmin yola daxil olmur. Bələdçimiz deyir ki, bu yol təcili yardım maşınları və yaxud olduqca tələsik işi olanlar üçündür. Qəribədir ki, iki cərgə ilə dəqiqələrlə tıxacda qalan sürücülər həmin yoldan istifadə etmirdilər.
Nəhayət, qalacağımız hotelə gəlirik. «Ambassador» beynəlxalq brend kimi tanınır. Amma bu yerdə onu da qeyd etmək istərdim ki, 5 ulduzlu hotel Çexiyanın özünün yerli hotellərindən həm xidmət səviyyəsinə, həm də otaqların rahatlığına görə geri qalır.

Çexiya KİV təmsilçilərinin ölkəmizə infoturu planlaşdırılır

Oktyabrın 22-də axşam Praqanın mərkəzində yerləşən «Qrabovka» parkına gəlirik. Burada bir neçə zaldan ibarət dequstasiya mərkəzi var. Çexiyada yeni istehsalına başlanılan şərabların dequstasiyası bu mərkəzdə keçirilir.
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, səfirliyin əməkdaşları, «SİS Tour»un direktoru Lubomir Breburda və direktor müavini Jiri Vacha da bizimlə birgə tədbirin iştirakçıları arasında idi.
Səfir Fərid Şəfiyev Azərbaycan media mənsublarının Çexiyaya səfərini təşkil etdiklərinə görə «SİS Tour»un rəhbərlərinə təşəkkür etdi və bildirdi ki, belə səfərlər iki ölkə arasında turizm əlaqələrinin möhkəmlənməsinə kömək edir. Onun sözlərinə görə, Çexiya KİV təmsilçiləri üçün Azərbaycana da belə bir infoturun təşkili məqsədəuyğundur: «Belə bir səfərin təşkili nəzərdə tutulur. Turizm əlaqələrinin intensivləşməsi ölkələrimiz arasında digər sahələrdə də münasibətlərin yaxınlaşmasına səbəb olacaq. Biz bir-birimizi daha yaxşı başa düşəcəyik. Hər il 7-8 min azərbaycanlı Çexiyaya səfər edir. İstərdik ki, Çexiyadan da Azərbaycana turist səfərləri həyata keçirilsin. Hazırda Azərbaycanda geniş turizm infrastrukturu qurulur. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox işlər görülür. Turizm sahəsinin inkişafı digər sahələrin inkişafına da təkan verir. İnsanlar bir-biri ilə ünsiyyətdə olurlar, mədəniyyət sahəsində əlaqələr güclənir. Azərbaycanın turizm potensialının Çexiyada tanıdılması ilə bağlı səfirliyimiz tərəfindən də müəyyən işlər görülür. Bu istiqamətdə bəzi layihələr var. Eyni zamanda Praqada Azərbaycanın tanıtdırılması məqsədilə sərgilər təşkil edilir».
Səfir qeyd etdi ki, Çexiya ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir: «Gələn il Çexiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Bu yaxınlarda Çexiya parlamentinin vitse-spikeri Filip Voytex Bakıda olub. Parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir».

“Azərbaycanda çexiyalı turistlərə təklif edilməli imkanlar çoxdur”

«SİS Tour»un direktoru Lubomir Breburda Azərbaycana bir neçə dəfə səfər etdiyini bildirdi. Ölkəmiz haqqında təəssüratlarını qəzetimizlə bölüşən şirkət direktoru qeyd etdi ki, Azərbaycana birinci və axırıncı səfəri arasında 20 ilə yaxın fasilə olub: «Bu illərdə Bakı inanılmaz dərəcədə dəyişib. Artıq bu şəhərə gözəl bir turizm mərkəzi demək olar. Çox gözəl mətbəxiniz var. Bakıda olarkən bir neçə restorana baş çəkdik. Xüsusilə kabab, balıq qızartması və onun üzərinə əlavə edilən narşərabı çox sevdim. Qubaya, Qusardakı «Şahdağ» turizm kompleksinə səfər etdik. Düşünürəm ki, Azərbaycanda da çexiyalı turistlərə təklif edilməli imkanlar çoxdur. Ona görə də yaxın günlərdə ölkənizə yenə getməyi planlaşdırıram. İstəyirəm, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri ilə əməkdaşlıq əlaqələri quraq. Çünki qarşılıqlı səfərlərin daha səmərəli təşkili üçün bu çox vacibdir».
Rəsmi hissədən sonra şərabların dequstasiyası başlandı. Təqdim edilən 7 növ şərabın hər birinin özünəməxsus dadı və təsiri vardı.
Qeyd edək ki, Çexiyanın zəngin şərabçılıq ənənələri var. Çexiyaya gedən turist yaxşı şərab yerləri axtarmalı olmur, çünki ölkənin hər tərəfində ən yaxşı şərabları hazırlayırlar. Bu, şərabçılıq turizminin inkişafına da mühüm zəmin yaradıb. Mikulov şəhərinin yaxınlığında bir yer də var ki, şərab turizmi həvəskarları oraya mütləq baş çəkirlər. Buradan Moraviyanın incisi - Palava şəhərinin gözəl görkəmli dağlıq massivi açılır. Bu məkanın tarixi XIII əsrə gedib çıxır. Deyilənlərə görə, buradan imperatriçə Mariya Terezanın sarayına şərab aparılırdı. 2003-cü ildən burada fəaliyyətə başlayan şərab istehsalı təsərrüfatı, müasir elementləri də əlavə etməklə, bu ənənəni də davam etdirir. Bundan başqa, turistlər şərab zavodlarına gedib içkinin hazırlanma qaydalarını öz gözləri ilə görə bilirlər.

Praqa: muzey-şəhər

Nəhayət, Avropanın ən gözəl şəhərlərindən olan Praqanı gəzmək imkanı əldə edirik. Bir milyondan çox əhalisi olan şəhər bütünlüklə qotik memarlığının sehrli gözəlliyinə bürünüb. Təsadüfi deyil ki, Praqanı səma altında muzey adlandırırlar. Abidələrin böyük hissəsi qədim görkəmini, demək olar ki, qoruyub saxlayıb.
İlk baş çəkdiyimiz məkan isə Praqa qəsridir. Qəsrin 1100-dən çox yaşı var. Hər il minlərlə turist muzeyləri, müqəddəs məkanları və qəsrləri görmək üçün buraya axın edir. Dünyanın ən gözəl mədəniyyət abidələrindən sayılan Praqa qəsri tarix boyu Çexiya hökmdarlarının iqamətgahı olub. Ümumiyyətlə, Praqanın tarixi bu qəsrlə sıx bağlıdır.
Bələdçimiz məlumat verir ki, qəsr müdafiə məqsədilə tikilib. Praqa şəhəri əsas ticarət yolları üzərində yerləşdiyi üçün burada müdafiə qurğusunun tikilməsi zəruri idi. Müdafiə qabiliyyətinə görə ətrafdakı heç bir istehkam Praqa qəsri ilə müqayisə edilə bilməz. Yüksək bir təpədə qərar tutan qəsr arxitekturasına görə də çox zəngindir.
Qəsr Çexiyanın ilk hökmdarlarından sayılan şahzadə Borivoyun fərmanı ilə 870-ci illərdə inşa olunub. 1920-ci ildə qəsrdə aparılan bərpa işləri zamanı geniş arxeoloji sahə aşkar edilib. İlkin olaraq qəsrdə saray, üç kilsə və monastır fəaliyyət göstərib. Qəsrdə xeyli sayda otaqlar var. Tarixin müxtəlif dövrlərində yadellilərin hücumlarına məruz qalmasına baxmayaraq, qəsr bu günədək qorunub saxlanılıb. Hazırda qəsr Praqanın canlı əfsanəsinə və rəmzinə çevrilib. XIII əsrdə qəsrdə bərpa işləri görülsə də, XV əsrdə baş verən güclü yanğın ona ciddi zərər vurub. Bir əsr sonra imperator II Rudolfun əmri ilə tarix yadigarı yenidən dirçəliş dövrünə qədəm qoyub. XVIII əsrin ortalarında isə imperatriçə Mariya Terezanın göstərişi ilə Praqa qəsri barokko üslubunda yenidən bərpa edilib. 1918-ci ildən isə Çexiya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyətini davam etdirir. Burada çox maraqlı bir ənənə də var. Qəsrin üzərində Çexiya bayrağı dalğalanır. Əgər Prezident ölkədə deyilsə, bayraq endirilir. Bu zaman bütün paytaxt əhli bilir ki, dövlət başçısı ölkədə deyil. Bizim səfərimiz də bu vaxta təsadüf etmişdi.
Müqəddəs Vita məbədi də Praqa qəsrindədir. Çexiyanın milli-tarixi və mənəvi məkanlarından sayılan bu ərazidə Çexiya krallarının və arxiyepiskoplarının məzarları yerləşir. Orta əsrlər Çexiyasında kralların tacqoyma mərasimləri məhz müqəddəs Vita məbədində həyata keçirilib. Qəsrin tarixi Praqanın və Çexiyada xristianlığın tarixi ilə sıx bağlı olduğuna görə hər gün buraya çoxlu sayda insan ibadətə gəlir. Onların arasında yerli əhalidən başqa xarici ölkələrdən gələn turistlər və zəvvarlar da var.

Sevgililərin əhd edib qıfıl bağladığı Karl körpüsü

Praqa qəsrini ziyarət edib şəhərin mərkəzinə doğru yol alırıq, amma piyada. Qəsr şəhərin ən hündür yerində yerləşdiyindən oradan şəhərə düşmək bir o qədər də əziyyət tələb etmir. Təxminən Bakının Şəhidlər xiyabanından Milli Parka enən yol kimi bir məsafə qət edirik. Yolboyu küçə musiqiçiləri və dilənçilərlə qarşılaşırıq. Praqanın küçə musiqiçiləri, sözün əsl mənasında, bu şəhəri orta əsrlər ab-havasından çıxmağa imkan verməyən atributlardandır. Ölkədə deyirlər ki, hər bir çex musiqiçidir.
50-55 yaşlarında bir kişi gitaranın mahir ifaçısı olmasa da, əl uzadıb dilənməkdənsə bu yolla pul qazanmağı daha üstün tutur. Ona ifasına görə pul verib, hələ üstəlik şəkil də çəkdiririk.
Buradakı dilənçilərin qəribə duruşu da diqqətimizi cəlb edir. Onlar dizlərinin və qollarının üzərində, başlarını qaldırmadan dodaqlarının altında nə isə mızıldanırlar. Bələdçimiz bunu belə izah edir ki, Çexiyada dilənçilərin onlara pul verənlərin gözlərinə baxması düzgün sayılmır.
Praqaya gəlib Karl körpüsünə baş çəkməmək mümkün deyil. Çünki bura Praqanın ən çox turist cəlb edən məkanıdır. Vltava çayının üzərindən keçən körpünün tikintisinə 1357-ci ildə başlanıb, 1400-cü ildə yekunlaşıb. Kral IV Karl tərəfindən tikdirilən körpü ilkin vaxtlar Vltava çayının üzərində yeganə gediş-gəliş yeri olub. Uzunluğu 515 metr, eni 10 metrə yaxındır. Əvvəllər üzərində tramvay yolu olsa da, sonradan hökumət körpünün abidə kimi əhəmiyyətini nəzərə alaraq nəqliyyatın hərəkətini qadağan edib. İndi bu körpü sevgililərin əhd edib qıfıllar bağladığı məkan kimi daha çox turistin ziyarət etdiyi tarixi abidədir. Körpünün üzərində 30 heykəl var. Bunların içərisində Yohn Nepomuk heykəli daha məşhurdur. Deyilənə görə, heykəlin qarşısında dayanıb beş barmağını onun üzərindəki işarəyə qoymaqla ürəyində tutduğun niyyətə çata bilərsən.
Körpü boyunca şəhərlə bağlı müxtəlif suvenirlər də satılır. Karikaturaçıların 15 dəqiqəyə turistlərin şəklini çəkməsi də maraqla qarşılanır. Rəsmin qiyməti isə təxminən 20 avrodur.

Astronomik saatın meydan tamaşası

Şəhərin mərkəzi meydanlarından birində şəhər əhalisinin saatbaşı yanına toplaşdıqları astronomik saat var. XV əsrin yadigarı olan memarlıq incisi böyük bir tarixi binanın üstündə yerləşir. Bu saat haqqında şəhər əhalisi müxtəlif hekayələr danışır. Onlardan biri də belədir ki, guya keçmişdə Praqada bir memar yaşayırmış. Bir gün həmin memar kraldan Praqanın mərkəzindəki binalardan birinin üzərində dünyanın heç bir yerində olmayan astronomik saat inşa edəcəyi ilə bağlı icazə istəyir. Kral icazə verir. Memar saatı inşa edir. Sonradan bu saat o qədər məşhurlaşır ki, dünyanın müxtəlif ölkələrindən onu görməyə gələnlərin sayı artır. Memara həmin saatın eynisini onların ölkələrində düzəltməyi təklif edənlər də olur. Bu təkliflərdən narahat olan kral həmin memarın gözlərini çıxartdırır ki, bu saatın bənzəri heç yerdə olmasın. Memar da kraldan qisas almaq üçün özünü saatın mexanizminin içinə atıb intihar edir. Beləcə, həm kor yaşamaqdan qurtulur, həm də saatın mexanizmini xarab etməklə kraldan qisas almış olur.
Praqalılar bu saatın əsrlərcə işləmədiyini, sonradan başqa bir memarın onu təmir etdiyini deyirlər. Qurğu hər saatın tamamı bir səhnəcik nümayiş etdirir. Əvvəlcə xoruz banlayır, sonradan saatın pəncərəsi açılır və oradan sıra ilə müxtəlif bir-birinə oxşamayan başlar çıxır. Bir dəqiqə sonra şou bitir və saat tamam olur. İllərdir sürən bu səhnəcikdən heç kim bezmir. Həmin vaxt buradan keçənlər mütləq ayaq saxlayıb bu tamaşaya baxırlar. Hər saatbaşı meydan dolub-daşır. Bir sözlə, bu səhnəcik heç vaxt tamaşaçısız qalmır.
Saatın yerləşdiyi meydanda qəribə şəkildə geyinmiş klounlara da rast gəlmək mümkündür. İlk baxışdan heykələ bənzəyən bu insanları bir görən sevinir, bir də sakitcə yanından keçə bilən. Bir də gördün başdan-ayağa alüminium rənginə bürünmüş «heykəl» qışqıraraq ətrafdakı insanları qorxudur. Bu səhnəcik əvvəlcə qorxu yaratsa da, sonra şən qəhqəhələrlə əvəz olunur.

Sakit mühit, kefi kök insanlar

Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, Praqaya hansı əhvalla getməyindən asılı olmayaraq, oradan yüksək əhval-ruhiyyədə qayıdırsan. Bunun səbəbi də şəhərdə dərin bir sakitliyin olmasıdır. İnsanların kefi kökdür, küçələrdə qışqır-bağır, səs-küy yoxdur. İnsanlar yol-hərəkət qaydalarına ciddi əməl edirlər. Bir də görürsən yolun kənarında uzun bir növbə var. Yaxınlaşdıqda bunun işıqforun yaşıl işığını gözləyən sadə şəhər sakinləri olduğunu görmək mümkündür. Siqaret kötüyünü və yaxud əlindəki hər hansı bir zibili küçəyə atmaq heç kəsin ağlına gəlmir. Bunun üçün yol kənarlarına qoyulmuş zibil qablarına yaxınlaşmaq yetərlidir. Şəhəri gəzərkən maşın siqnalının səsini isə qətiyyən eşitməzsən. Hərdən insana elə gəlir ki, buradakı maşınların ümumiyyətlə siqnalı yoxdur.
Şəhərdə gecələr daha sakit mühit müşahidə olunur. Hər axşam mütləq köhnə muzey binalarında konsertlər təşkil edilir. 10-15 avro ödəməklə Motsart, Bethoven, Bax, Şubert, Şopen kimi klassik bəstəkarların əsərlərini dinləmək mümkündür.

* * *
Çexiyaya 5 günlük səfərimizi başa vurub Vətənə dönürük. Aldığımız yüksək təəssüratları oxucularımızla bölüşmək üçün...
Sonda səfərin təşkilatçılarına, xüsusilə səfər boyu bizi müşayiət edən Çexiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Ülkər İsazadəyə təşəkkürlərimi bildirirəm.

Fəxriyyə Abdullayeva,
Bakı-Praqa-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar