Beynəlxalq tədbirdə ölkəmizlə bağlı müxtəlif təqdimatlar keçirilib

Xəbər verdiyimiz kimi, 30 oktyabr - 2 noyabr tarixlərində İtaliyanın Paestum şəhərində XVII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” keçirilib. Hər il 30-dək ölkədən arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların qatıldığı yarmarkanın 2014-cü il üzrə rəsmi qonaq ölkəsi Azərbaycan olub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə yarmarka çərçivəsində müxtəlif tədbirlər keçirilib. Tədbirlərdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Beynəlxalq yarmarkanın "Paleokristiana" bazilikasında keçirilən açılış mərasimində İtaliyanın əksər bölgələrinin dövlət rəsmiləri, 30-dan çox ölkədən nümayəndələr iştirak edib. Mərasimdə UNESCO-nun baş direktorunun xüsusi müşaviri və Ərəb ölkələri üzə Regional Dünya İrs Mərkəzinin direktoru Munir Buşenaki, İtaliyanın mədəni irs və fəaliyyətlər nazirinin müavini Antonia Pasqua Reçia və Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış ediblər. Vaqif Əliyev Azərbaycanın layihədə "rəsmi qonaq ölkə" statusu ilə iştirakından məmnunluğunu ifadə edərək, yarmarkanın ölkəmizin zəngin mədəni və təbii irsinin təşviq edilməsinə, turizm potensialının tanıdılmasına və bu sahədə əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini diqqətə çatdırıb.
Vaqif Əliyev vurğulayıb ki, Azərbaycanın zəngin irsinin təbliği istiqamətində bir çox ölkələrdə tədbirlər keçirilir. Maddi və qeyri-maddi irsimiz UNESCO-nun müvafiq siyahılarına daxil edilib. Azərbaycan ayrı-ayrı ölkələrdə əhəmiyyətli irs nümunələrinin bərpasında da fəal iştirak edir. Son illərdə ölkəmiz tərəfindən Vatikan katakombalarının və Romanın Kapitolini muzeyinin “Filosoflar zalı”nın bərpasına, eyni zamanda, “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına dəstək verilib.

* * *
Oktyabrın 30-da Paestum şəhərində UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Arxeoloji park ərazisində Azərbaycan pavilyonunun açılışı olub. Açılışda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, UNESCO-nun baş direktorunun xüsusi müşaviri Munir Buşenaki, İtaliyanın mədəni irs və fəaliyyətlər nazirinin müavini Antonia Pasqua Reçia və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. İştirakçılara Azərbaycanın milli şirniyyatları təqdim edilib.
Geniş ərazidə xüsusi tərtibatda hazırlanmış pavilyonda Azərbaycanın turizm imkanlarını əks etdirən çap məhsulları, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ölkəmizdə arxeoloji tədqiqatlara həsr edilmiş nəşrləri, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən hazırlanmış təşviqat materialları təqdim olunub və qonaqlara hədiyyə edilib. Burada quraşdırılmış kinoteatrda italyan və ingilis dillərində "Azərbaycan - Odlar Yurdu" filmi, ölkəmizin mədəni irsinin və turizm potensialının təbliğinə həsr edilmiş video-kliplər nümayiş olunub, müxtəlif dövrlərə aid arxeoloji artefaktlardan və Azərbaycan xalçalarından ibarət kolleksiya sərgilənib.

* * *
Həmin gün Paestum şəhərindəki Arxeoloji park ərazisindəki "Cecere" konfrans zalında ölkəmizdə arxeoloji tədqiqatlar və eləcə də bu istiqamətdə mövcud əməkdaşlıq perspektivlərinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə bir çox ölkələrdən arxeoloji irsin qorunması və tədqiqi sahəsində fəaliyyət göstərən elm adamları, mədəni irs və turizm profilli media nümayəndələri iştirak edib.
Konfransda Ramualdo del Bianko Fondunun prezidenti Paolo del Bianko, Milan Politexnik İnstitutunun professoru Luici Skrinzi, habelə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Azərbaycan Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov ("Azərbaycanın mətbəx ənənələri arxeoloji tədqiqatlarda"), "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli ("Azərbaycanda arxeoloji turizm və onun inkişaf perspektivləri"), Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova ("Azərbaycanın arxeoloji irsi dünya irsi kontekstində"), Mədəni İrsin Konservasiyasında Gənclər Şəbəkəsinin prezidenti Andrea Makkia ("Azərbaycanda arxeoloji irsin konservasiyası və turizmin inkişafında yeni yanaşmalar") məruzələrlə çıxış ediblər. Konfransın sonunda xarici tədqiqatçıların və jurnalistlərin sualları cavablandırılıb.

* * *
Yarmarka çərçivəsində "Azərbaycan gecəsi" keçirilib. Müxtəlif ölkələri təmsil edən 500-dən artıq qonağın qatıldığı gecədə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev beynəlxalq tədbirdə Azərbaycanın "rəsmi qonaq ölkə" statusunda iştirakının əhəmiyyətini diqqətə çatdırıb, bu təşəbbüsün ölkəmizin mədəni mühitinin italyan xalqına daha geniş şəkildə çatdırılmasına imkan yaratdığını vurğulayıb.
Tədbirdə Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai çıxış edərək, ölkəmizin zənginliklərindən bəhs edib, hər bir şəxsi həyatında bir dəfə də olsa Azərbaycanı ziyarət etməyə çağırıb. Baş katib ölkəmizdə turizmin inkişafı üçün atılan addımları yüksək qiymətləndirib.
Gecədə UNESCO-nun baş direktorunun xüsusi müşaviri Munir Buşenaki, Avropa Parlamentinin mədəniyyət və təhsil üzrə komissiyasının sədri Silviya Kostra, Bəhreyn Krallığının mədəniyyət nazirinin müavini Şeyxə Azza Abdulrahman əl Xəlifə, İtaliyanın Mədəni İrs və Fəaliyyətlər Nazirliyinin idarə rəisi Alessandra Franzone və digər şəxslər çıxış edərək ölkəmizin XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda yüksək səviyyədə iştirak etdiyini vurğulayıblar.
Çıxışlardan sonra gecə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, məşhur caz ifaçısı Elçin Şirinov və qrupunun konsert proqramı ilə davam edib. Azərbaycan Milli Kulinariya Assosiasiyasının aşpazları tərəfindən milli mətbəximizin ləziz təamlarının təqdimatı ilə ziyafət təşkil edilib.

* * *
Yarmarkada ölkəmizin arxeoloji irsinə dair hazırlanmış kitabların və multimedia məhsullarının təqdimat mərasimi keçirilib. Tədbirdə italyan və ingilis dillərində “Azərbaycan arxeologiyası” almanaxının, “Orta əsr Şəmkir şəhəri”, ”Orta əsr Ağsu şəhəri”, “Göytəpə neoloit kəndi” və “Qədim Qəbələ yaşayış yeri” virtual turlarının daxil olduğu multimedia məhsulları, “İrs-Patimonio” jurnalının italyan dilində olan xüsusi buraxılışı təqdim olunub. Mərasimdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, institutun professoru Abbas Seyidov, “İrs-Patrimonio” jurnalının baş redaktoru Musa Mərcanlı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri Kamil İbrahimov, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli, “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nın baş kuratoru Rozella Pikarelli, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Yasemin Cam, Xorvatiya Milli Turizm Şurasının əməkdaşı Zoran Makaroviç və digər çıxış edənlər təqdim olunan çap məhsullarının Azərbaycanın arxeoloji irsinin tanıdılması istiqamətində mühüm vəsaitlər olduğunu qeyd ediblər.

* * *
Aralıq dənizi yarmarkası çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının təqdimatı da olub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Olimpiya Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə gerçəkləşən mərasimdə tanıtım filmi nümayiş etdirilib, iştirakçılara müxtəlif təşviqat məhsulları paylanılıb. Tədbirdə müxtəlif ölkələrdən nümayəndələr, jurnalistlər iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar