Bakıda “Azərbaycan-Macarıstan mətbəxi” kitabının təqdimatı

Xalqları bir-birinə tanıdan dəyərlərdən biri də mətbəx mədəniyyətidir. Son illər Azərbaycan milli mətbəxinin təbliği istiqamətində ciddi işlər görülür, festivallar keçirilir, yeni nəşrlər hazırlanır. Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə çap olunan “Azərbaycan-Macarıstan mətbəxi” kitabı da bu baxımdan təqdirəlayiqdir.

Noyabrın 3-də nəşrin təqdimatı ilə bağlı keçirilən mərasimdə iki ölkənin hökumət rəsmiləri, diplomatlar, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora mərasimdə çıxış edərək Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Diplomat bu çərçivədə Macarıstanda da bir sıra layihələrin reallaşdırıldığını, əlil uşaqlar üçün yeni reabilitasiya korpusunun təməlinin qoyulduğunu diqqətə çatdırıb.
Təqdim olunan nəşr barədə danışan səfir bildirib ki, Azərbaycan və macar dillərində işıq üzü görən kitabda iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri barədə ətraflı məlumatlar verilir. Azərbaycan mətbəxini sevdiyini deyən diplomat vurğulayıb ki, bu sevgi onu ölkəmizə daha çox bağlayıb: “Azərbaycan-Macarıstan mətbəxi barədə ilk kitabı tərtib etmək mənim üçün çətin olmadı. Mən həm yeməyi, həm də bişirməyi xoşlayıram və həmçinin bir-birinə çox yaxın olan Azərbaycan və macar mətbəxini hədsiz dərəcədə sevirəm”.
Səfir kitabın hazırlanmasına göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qonaqlara macar mətbəxi nümunələrinin dadına baxmağı tövsiyə edib və əlavə edib ki, o özü də Azərbaycan mətbəxinin təamlarından dadacaq.
Azərbaycana artıq beşinci dəfədir səfər etdiyini deyən nazir bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr dinamik inkişaf edir. Ölkələrimizi və xalqlarımızı dostluq münasibətləri bağlayır, bir çox ortaq xüsusiyyətlərimiz var və bu, sevindirici haldır. Macarıstanlı nazir kitabın nəşrini iki ölkə arasında olan dostluq əlaqələrinə töhfə kimi dəyərləndirib və ümidvar olduğunu vurğulayıb ki, yeni nəşri oxuyanlar hər iki xalqı daha yaxından tanıyacaq və sevəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar