Noyabrın 3-də Londonda “Dünya səyahət bazarı-2014” (“WTM-2014") ənənəvi beynəlxalq turizm sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm imkanları da London sərgisində nümayiş olunur.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva, Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov, Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel Əliməmmədova və Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aytən Əliyeva daxildir. Sərgidə həmçinin 14 yerli turizm şirkəti (“Geo travel", "SW travel", "ENC tours", "The tour", "Turizm.az", "AL travel", "İmprotex travel", "ATA travel", "STİ travel", "Regea travel", "Proxy travel", "Gilan tourism", "Büllur travel", "Millennium Tourism and Congress"), 2 mehmanxana ("Pik Palace", "Jumeirah Bilgah Beach") və "Azərbaycan Hava Yolları" (AZAL) təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın məlumatına görə, sərgi mərkəzində icarəyə götürülmüş 105 kvadratmetrlik sahədə Azərbaycan stendi quraşdırılıb, ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilir. Stend ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilib. Azərbaycan guşəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı xüsusi məlumat lövhəsi də qurulub, qonaqlara tədbirə hazırlıqla bağlı informasiya təqdim edilir.
Sərginin açılış günü Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə stendimizə baş çəkib, turizm təmsilçilərimizlə söhbət edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, üzdəniraq qonşularımız işğalçı xislətlərinə sadiq qalaraq London sərgisində də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin turizm imkanları ilə bağlı ayrıca guşə yaratmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Yalnız Ermənistan stendində "Karabakh" adlı bir şirkətin lövhəsi qoyulub. Tahir Tağızadə bu məsələyə toxunaraq Mədəniyyət və Turizm Nazirliyinin və Londondakı səfirliyin müvafiq addımlar atdığını deyib. Səfir bu məsələnin sərginin sonunadək xüsusi diqqətdə saxlanılacağını bildirib.
Xatırladaq ki, 2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətlərimiz artıq 12-ci dəfə London sərgisində iştirak edir. Ötən il tədbirdə ümumilikdə 192 ölkə təmsil olunub. Sərgi noyabrın 6-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar