Azərbaycanın ayrılmaz tərkib hissəsi, maddi-mədəniyyət nümunələri və zəngin təbiətə malik Naxçıvan Muxtar Respublikası turizmin inkişafı üçün geniş perspektivə malikdir. Hər qarışında tarix yadigarı, maraqlı təbiət hadisəsi olan bu qədim türk yurdu minilliklərin ruhunu, nəfəsini yaşatmaqdadır. Azərbaycan, Türkiyə, ABŞ və başqa ölkələrin arxeoloq və tarixçilərinin bölgədə apardıqları araşdırmalar, əldə olunan nümunələr Naxçıvanda şəhərsalma mədəniyyətinin beş minillik tarixi olduğunu sübut edir.
Muxtar respublikada əsrlərdən boylanan Nuhun məzarı, Əshabi-kəhf, Haçadağ, Əlincəqala, Möminə xatın türbəsi, Gülüstan qalası, Qarabağlar türbəsi, Batabat, Oğlanqala, Qız qalası, Şərur yallıları və s. maddi mədəniyyət nümunələri turistlərin diqqətini cəlb edir. “Gözəllik donunu heç zaman dəyişməyən” Göygöl, sirli Gəmiqaya onu görənlərin qəlbində dərin izlər buraxır. Son illər burada yaradılan müasir infrastruktur - rahat yollar, komfortlu hotellər və digər yerləşdirmə məkanları, restoranlar, əyləncə mərkəzləri turistlərin mənalı istirahətini tam təmin etməyə imkan verir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda muxtar respublikada turizm fəaliyyətinə lisenziya almış 21 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir. Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat turizm marşrutları yaradılıb. Bu istiqamətlərin hər birində turistlərin marağına səbəb olacaq tarix-mədəniyyət abidələri, əsrarəngiz təbiət lövhələri var.
“Haqqın ürəklərə daman yeri”
Naxçıvanda xüsusilə əcnəbi turistlər üçün ən populyar turizm məkanı “Əshabi-kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksidir. Şəhər mərkəzinə və Naxçıvan-Ordubad magistralına yaxın olması da bu məkanı rahat şəkildə ziyarət etməyə imkan yaradır. Turizm mütəxəssisi, Naxçıvan Özəl Universitetinin baş müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Cabbarovun fikrincə, Əshabi-kəhf daş mağarada haqqın ədalətinə sığınıb ondan mərhəmət gözləyənlər kimi, sonsuzluq qavramını da kainatın dərinliklərində deyil, Yer üzündə, Tanrının yaratdığı təbiətdə axtaranlar üçün möcüzəvi məkandır: “Əshabi-kəhf ziyarətgahı azad inanc sahibi olan bütün insanlara, bütün dünyanın zəvvarlarının və muxtar respublikamıza səfər edən qonaqların ziyarətinə açıqdır”.
Bu ziyarətgahın eşqi ilə muxtar respublikaya gələn turistlər Naxçıvan şəhərində böyük Memar Əcəminin bəlkə də dünyada qadının-ananın şərəfinə ucaltdığı ilk abidənin - Möminə xatın türbəsinin möhtəşəmliyinin şahidi olacaqlar. Qonaqlar burada Yusif Küseyiroğlu türbəsini, Nuh Peyğəmbərin məzarüstü abidəsini, “Buzxana” tarixi-memarlıq abidəsini, Qızlar bulağının valehedici mənzərəsini və neçə-neçə tarixi-mədəni məkanı seyr edə bilərlər.
“Daşa dönmüş keçmişindən Əlincə...”
Ərdəmliyin, əyilməzliyin nişanəsi olan, Azərbaycan Atabəylərinin iqamətgahı və xəzinəsinin saxlandığı, Əmir Teymur ordusuna 14 il (1387-1401) gözdağı verən Əlincənin turistlərin marağına səbəb olacağı şübhəsizdir. Adı müxtəlif mənbələrdə, eləcə də “Kitabi-Dədə Qorqud” dastanında çəkilən, 2 min metrə yaxın hündürlükdə qərar tutan Əlincəqalada təbiətlə tarixin ecazkar harmoniyası mövcuddur. Atabəylər dövründə burada yaşayış evləri, təsərrüfat binaları, qalaya gedən yolların üstündə mühafizə məqsədilə səngər və bürclər tikilmişdir. Tikililər qayanın üzərində inşa olunduğundan seysmik baxımdan olduqca davamlı və təhlükəsizdir. Qalanın müxtəlif yerlərində yağış suyundan ehtiyat yaratmaq üçün qaya üzərində hovuzlar qazılmış, arxlar çəkilmişdir.
Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov 11 fevral 2014-cü il tarixdə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən hazırda qalanın divarları və burada olan tikililər qədim milli tikinti mədəniyyəti saxlanılmaqla bərpa olunur. Qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki görkəminə qaytarılmış, qala istehkamlarına qədər yol çəkilmişdir. Burada həmçinin vaxtilə qalanın üzərində yerləşən yaşayış binaları da təmizlənərək ilkin forması müəyyənləşdirilmiş və bərpasına başlanılmışdır. Aparılan təmir-bərpa işləri bu qədim tarix yadigarını turistlər üçün daha maraqlı edəcək. Çünki qalaya qədəm basan turistlər şimal istiqamətində Zəngəzur silsiləsinə, Əlincəçayın mənbəyinə doğru füsunkar mənzərənin şahidi olacaqlar. Şərqdən Əlincəçay xanəgahını (Fəzlullah Nəiminin məzarüstü abidəsini) və cənub-şərqdən unikal görkəmə malik, əfsanəvi Haçadağı (2415 m) görə biləcəklər.
“Fərhad evi”nin qonaqları
Naxçıvan-Batabat turizm marşrutu üzrə hərəkət edən turistlər Azərbaycan təbiətinin ecazkarlığının bir daha şahidi olurlar. Naxçıvan şəhərindən 88 km məsafədə yerləşən, buz bulaqları, sıx meşələri, səmanın parlaq əksini verən aynatək gölləri olan təbiət incisi - Batabat yaylağı insanı heyran edir. Xüsusilə də yay aylarında burada dincəlməyə üstünlük verənlər “Zorbulağın zümzüməsi”ni dinləyir, nadir təbiət hadisəsi olan Üzən adanı seyr edirlər.
Batabat yaylağında turistlərin diqqətini cəlb edən daha bir məkan “Fərhad evi” arxeoloji abidəsidir. Tədqiqatçılar Zorbulaqdan bir kilometr şərqdə yerləşən bu abidənin e. ə. I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu bildirirlər. Dördotaqlı “ev”in girişinin sağında qaya üzərində uzunsaçlı kişi başı, solunda isə qadın rəsmi həkk olunub.
Tarixi-mədəni irslə maraqlanan turistlər bu marşrut üzrə orta əsr qaynaqlarında adıçəkilən Şahbuz qalası və eramızın ilk əsrlərindən XV-XVI əsrlərə kimi həyatın davam etdiyi Şapurqala ilə tanış ola bilərlər.
Eyni zamanda Şahbuz şəhərindən təqribən 20 kilometr məsafədə, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Ağbulaq istirahət kompleksində turistlərin mənalı istirahəti üçün hər cür şərait vardır. Kompleks relyefinə və təbii iqlim xüsusiyyətlərinə görə ilin bütün fəsillərində buraya müxtəlif məzmunlu istirahət turları təşkil etməyə imkan verir.
Yol gələr Ordubada...
Orta əsrlərə dair mənbələrdə və səyyahların qeydlərində Ordubadın səfalı təbiəti, meyvə bağları, ləziz mətbəx nümunələri haqqında xeyli məlumat verilir. Ordubad bu gün də özünəməxsus zəngin mətbəx ənənələrini qoruyub saxlamaqdadır. Bu elin qayğanağı, şəkərbura və paxlavası dillərdə dastandır. Rayon ərazisində, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşən, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya təsvirləri min illərin nəfəsini, ruhunu günümüzə daşıyır. Bu təsvirlər yurdumuzun qədim-qayım insanının duyğu-düşüncəsinin ilkin elementləri, təbiət və cəmiyyət hadisələri haqqında təsəvvürləri, ətraf mühitlə münasibətlərinin bəzəksiz, boyasız informasiyalarıdır.
Turistlər Naxçıvan-Ordubad turizm marşrutu üzrə yay aylarında Gəmiqayaya səfər edə bilərlər. Çünki Gəmiqaya ərazisi ilin təqribən 8-9 ayı soyuq və qarlı olur. Buna görə də qonaqlar Gəmiqaya təsvirlərinin olduğu zirvəyə təxminən yarım saatlıq məsafədə, rayonun Nəsirvaz kəndi yaxınlığında inşa olunan “Gəmiqaya” Tarix-Bədii Qoruğunun muzey binasında bu sehrli nümunələr haqqında təsəvvür əldə edə bilərlər. 21 dekabr 2013-cü il tarixdə istifadəyə verilən muzeydə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri nümayiş olunur.
Sağlamlıq turizmi imkanları
Mineral sularına və duz yataqlarına görə Naxçıvan regionu dünyanın ən zəngin bölgələrindəndir. “Badamlı”, “Sirab”, “Vayxır”, “Şor su” - ümumilikdə 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələri bu qədim Azərbaycan elinin turizm potensialını daha da yüksəldir. Turizm mütəxəssisi Əli Cabbarov qeyd edir ki, son illər Naxçıvana şəfa tapmaq məqsədilə gələnlərin sayının artması turizmin bu sahəsinin inkişafına göstərilən diqqətin nəticəsidir. 2008-ci ildə yenidən qurulan Duzdağ Fizioterapiya Mərkəzində müayinə, müalicə üçün hər cür şərait yaradılıb: “Fizioterapiya Mərkəzində tətbiq olunan “Spleoterapiya” yolu ilə bronxial astmalı xəstələrin müalicə edilməsi dünyanın müxtəlif yerlərindən bu məqsədlə gələn turistlər üçün çox yaxşı nəticələr verir”.
Culfa şəhərindən 8 kilometr şimal-şərqdə Darıdağın ətəyində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə optimal arsenli su ehtiyatı olan Darıdağ balneoloji müalicəxanası sağlamlıq turizminin inkişafı üçün böyük fürsətdir. Burada yerdən təzyiqlə çıxan mineral su tərkibindəki duzların çoxluğuna görə “Kudova” (Polşa), “Lua-Bulbul” (Fransa), “Dürkgeym” (Almaniya) və “Sineqorsk” (Rusiya) termal bulaqlarından fərqlidir. Darıdağ suyu ürək-damar xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri və s. xəstəliklərin müalicəsində mühüm vasitələrdəndir.
“İslam mədəniyyətinin paytaxtı”na doğru
Muxtar respublikada dinamik sosial-iqtisadi inkişaf, infrastruktur layihələrinin müasir tələblərə uyğun və yüksək keyfiyyətlə aparılması turizm sektorunda da canlanmaya səbəb olmuşdur. Naxçıvan MR Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikaya digər bölgələrimizdən və xarici ölkələrdən, 298 min 436 nəfər turist gəlmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 6 min 468 nəfər və ya 2,2 faiz çoxdur.
Naxçıvana əcnəbi turistlərin əsasən Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Baltikyanı və Avropa Birliyi ölkələri, eləcə də ABŞ, Cənubi Koreya, Çin və digər yerlərdən gəlməsi Azərbaycanın bu dilbər guşəsinin şöhrətindən xəbər verir.
Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilmişdir. Bu əlamətdar hadisə də muxtar respublikaya xarici vətəndaşların marağını artıracaq, Naxçıvanı turizm məkanı kimi daha da məşhurlaşdıracaq.
Fariz Yunisli
Yazı Mədəniyyət və Turizm Nazirliyinin “Milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsi”nə təqdim edilir