Turizm şirkətləri və media nümayəndələrinin Mingəçevirə infoturu

Regionların tanıdılmasında və daxili turizmin inkişaf etdirilməsində yeni turizm marşrutlarının böyük əhəmiyyəti var. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və yerli turizm şirkətlərinin iştirakı ilə bölgələrə infoturlar təşkil olunur. Növbəti belə səfər noyabrın 8-9-da “Baku Travel & Tourism” şirkəti və Mingəçevirdəki “Riverside” hotelinin təşkilatçılığı ilə gerçəkləşdi. 20-dən artıq turizm şirkəti təmsilçisi və media mənsubu Mingəçevirdə bir araya gəldi.

Energetiklər şəhəri Avropa Oyunlarına hazırlaşır

İnfotur zamanı Mingəçevir şəhəri və buradakı turizm obyektləri ilə yaxından tanış olduq.
İlk olaraq I Avropa Oyunlarının bəzi yarışlarının keçiriləcəyi Kür avarçəkmə bazasına baş çəkdik. Məlumat verildi ki, baza 1980-ci ildə yaradılıb. Avarçəkmə bazası sovetlər məkanında yeganə baza idi ki, orada ilboyu avarçəkmə ilə məşğul olmaq mümkün idi. Çünki digər bazalardan fərqli olaraq, qışda burada su donmur. Prezident İlham Əliyevin tapşırığı ilə kompleks 2010-cu ildə əsaslı şəkildə yenidən qurulub.
I Avropa Oyunlarının keçiriləcəyi məkanlardan biri kimi Mingəçevirdə də hazırlıq işləri sürətlə davam edir. Kater ilə Kür avarçəkmə bazası boyunca gəzintiyə çıxaraq "Riverside" hotelindən 4 km aralıda yerləşən adaya gəldik. 3 hektar sahəsi olan adada peyntboll meydançasının yaradılması da planlaşdırılır. Burada müxtəlif ağac və kollardan ibarət yaşıllıq var. Ərazi balıq və quş ovu üçün əlverişlidir.
Sonra Mingəçevir su anbarında və su elektrik stansiyasında olduq. Tikintisi 1945-ci ildə başlanan stansiya 1954-cü ildə işə salınıb. Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın inşası ilə yanaşı burada respublikanın yeni sənaye mərkəzinin - energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. 1957-ci ildə Varvara SES işə düşdükdən sonra bu iki qurğu birlikdə “Mingəçevir SES silsiləsi” adlanır. Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir su anbarının ümumi tutumu 15730 milyon kubmetrdir. Anbarın çay boyu uzunluğu 70 kilometrdir, eni 3 kilometrdən 18 kilometrədək dəyişir. Maksimal dərinliyi 75 metr, orta dərinliyi 26 metr, sahil xəttinin uzunluğu 247 kilometrdir. Mingəçevir su anbarı həm də iki kanalı - Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarını su ilə təchiz edir. Bu kanallardan Mil, Muğan, Şirvan düzlərinin suvarılmasında, eləcə də balıqçılıq və rekreasiya məqsədi üçün də istifadə olunur.

"Riverside" hoteli işini müasir tələblərə uyğun qurub

Gəzintidən sonra "Riverside" hotelinin konfrans zalında turizm şirkətləri və KİV nümayəndələrinin iştirakı ilə toplantı keçirildi. Hotelin satış meneceri Könül Ahəngəri bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri ilə əməkdaşlıq onların başlıca məqsədidir. Turistlərin rahat yerləşməsi və istirahəti üçün hoteldə hər cür şərait var: «İstəyirik ki, hotelimizə gələn hər bir qonaq bizdən razı getsin. Bunun üçün də, ilk növbədə, yüksək və keyfiyyətli xidmətin olması əsas şərtdir. Bu üzdən çalışırıq ki, hotelimizin fəaliyyətini günün müasir tələblərinə uyğun şəkildə quraq».
Hotel istirahət üçün regionda ideal məkanlardan biridir. Burada turistlər gəmi gəzintisinə çıxa, katamaran, su motosikletlərindən istifadə edə, balıq və quş ovlaya, həmçinin milli və Avropa mətbəxinin gözəl təamlarının, balıqdan hazırlanmış müxtəlif yeməklərin dadına baxa bilərlər.
Qeyd olundu ki, 30 nömrədən ibarət 4 ulduzlu hotel 2007-ci ildə istifadəyə verilib. Birinci mərtəbədə 100-ə yaxın qonağın rahat şəkildə yerləşə biləcəyi restoran fəaliyyət göstərir. 4-cü mərtəbədə isə 70 nəfərlik konfrans zalı var.
İnfotur haqqında danışan "Baku Travel & Tourism” şirkətinin icraçı direktoru Əziz Şiriyev səfərin məqsədinin Mingəçevir şəhəri istiqamətində yeni turizm marşrutunun yaradılması olduğunu bildirdi: “Avropa Oyunları çərçivəsində burada keçiriləcək yarışlarla əlaqədar turist axınını nəzərə alaraq 2015-ci ilin yaz aylarında Mingəçevirə daha böyük infotur təşkil etməyi planlaşdırırıq. Ərazinin turizm potensialından səmərəli istifadə olunması bölgəyə həm yerli, həm də xarici turistlərin axınını gücləndirəcək”.
Əziz Şiriyevin sözlərinə görə, belə infoturları təşkil etməkdə əsas məqsəd regionlarda fəaliyyət göstərən hotellərlə turizm şirkətlərinin qarşılıqlı əməkdaşlığının daha da genişləndirilməsidir. Bu səbəbdən də Azərbaycanın bölgələrinə çoxsaylı turistlərin cəlb edilməsi istiqamətində iş aparılacaq.
Tədbirdə "Riverside" hotelinin təmsilçiləri jurnalistlərin və turizm şirkətləri nümayəndələrinin suallarını cavablandırdılar. Sonda iştirakçılara sertifikatlar təqdim olundu.

Mingəçevirdə turizmin inkişafı üçün geniş potensial var

İnfotur zamanı Mingəçevir şəhəri ilə bağlı bir sıra maraqlı məlumatlar da əldə etdik. Bakıdan 280-300 km qərbdə yerləş Mingəçevir şəhərinin adı ilə əlaqədar müxtəlif fərziyyələr mövcuddur. 4500 ildən çox yaşı olan bu yerin adının mənasını vaxtilə görkəmli tarixçi-alim, akademik Ziya Bünyadov belə izah edib: «Bu ad 839-cu ildə yaşamış və xəlifəyə qarşı mübarizə aparmış Minqiçevir əl Fəqaninin adı ilə bağlıdır». Ərazidə e.ə. III minillikdə yaşayış olub. Arxeoloji qazıntılar zamanı aşkarlanan qədim sikkələr burada qədim dövrdə şəhər mədəniyyətinin mövcud olduğunu, ticarətin inkişaf etdiyini göstərir.
Məşhur türk səyyahı Övliya Çələbinin "Səyahətnamə" əsərində Mingəçevirin Kür çayının sağ sahilindəki hissəsində olan yaşayışdan və burada olan toxuculuqdan, hamamlardan və s. bəhs edilib. Burada SES tikilməsi və yeni şəhər salınması fikri isə ötən əsrin 30-cu illərində yaranıb. Lakin II Dünya müharibəsi bu işə mane olub. Müharibədən sonra SES-in tikintisi başlanıb, geniş yaşayış massivi salınıb. 1948-ci ildə Mingəçevirə şəhər statusu verilib. Hazırda Mingəçevir əhalisinin sayına görə respublikanın dördüncü böyük şəhəridir.
Şəhərin böyük turizm potensialı var. 2015-ci ildə I Avropa Oyunları ilə bağlı buraya idmançıların və xeyli sayda turistin gələcəyi gözlənilir. Buna görə də həm şəhərdə, həm də turizm obyektlərində hazırlıq işləri gücləndirilib. Kür çayının, Mingəçevir su anbarının şirin sulu çimərliyinin imkanlarından da daha səmərəli istifadə edilməsi nəzərdə tutulur. Bu gün Mingəçevir işıqlı və sakit gecələri ilə hər kəsin dinclik tapa biləcəyi müasir bir şəhərdir.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar